Cəmiyyət

Etibarnamə verərkən diqqətli olun – 17 500 manat zərər çəkmiş şəxs danışdı

Sharing is caring!

Avtomobilin universal və ya baş etibarnamə adlanan etibarnamə ilə alqı-satqısından yaranan problemlərlə hər zaman qarşılaşırıq. Vətəndaşlar alqı-satqı müqaviləsi bağlamaqdan çəkinərək, işlərini daha asan olan etibarnamə ilə yoluna qoymağa üstünlük verirlər. Elə əsas problemlər də bundan sonra başlayır.

Xeberal.az-a elə yuxarıda bəhs etdiyimiz problemlər barədə şikayət daxil olub.

Sərxan İsmayılov baş etibarnamə sənədi verdiyi üçün peşman olan vətəndaşlarımızdan biridir:

“Axundov Dəyanət Balamirzə oğluna universal etibarnamə ilə 17 500 manat dəyərində “Hyundai Accent” markalı avtomobil satmışam. Dəyanət Axundov sözügedən avtomobili banka girov kimi göstərib, oradan götürdüyü kreditlə borcunu verəcəkdi. Lakin həmin etibarnamə ilə avtomobili avtosalona satıb. Daha sonra yenə mənim adıma iki avtomobil keçirib. Yəni mənə yenə zərər dəyib”.

Zərərçəkən bildirib ki, bundan öncə də həmin şəxsə etibarnamə verib:

“Lakin belə hal yaşanmayıb, borcunu ödəyib. Ağlıma da gəlməzdi ki, məni bu cür aldada bilər”.

S.İsmayılov vurğulayıb ki, hazırda şikayəti üzrə işi polis nəzarətə götürüb: “Ancaq altı aydır ki, bir nəticə yoxdur”.

Məsələ ilə əlaqədar Xeberal.az-a açıqlama verən hüquqşünas Arif Nəzərov bildirib ki, bu, sırf dələduzluq hadisəsidir:

“Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməli, araşdırma aparılmalı və məsələyə hüquqi qiymət verilməlidir. Cavab gecikdikdə isə birbaşa Daxili İşlər Nazirliyinə sorğu göndərilməlidir.

Hüquqşünas kimi tövsiyəmiz odur ki, alqı-satqı və oxşar məsələlər etibarnamə ilə həll edilsin və alqı-satqı müqaviləsi sırf mülkiyyətçi ilə bağlansın. Belə olan halda sözügedən problemlər yaşanmayacaq”. 

A.Nəzərov vurğulayıb ki, vaxt itkisi və rüsumların ödənilməsi məsələsinə görə vətəndaşlar alqı-satqı müqaviləsi imzalamaqdan çəkinirlər:

“Amma başa düşmək lazımdır ki, alqı-satqı müqaviləsinin imzalanması ilə əmlak birbaşa sizin mülkiyyətiniz olur və etibarnamə verilən zaman yaşanan problemlər belə olan halda mövcud olmur”.

Aysel Aslanqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.