Cəmiyyət

Yaylaq festivalı ənənələri

Sharing is caring!

“Kitabi-Dədə Qorqud” eposu türk xalqlarının bədii təfəkküründən doğan folklor incisi, ictimai-siyasi görüşlərinin klassik və parlaq aynasıdır. Eposun ideya məzmunundan onun, eyni zamanda Azərbaycan xalqının ictimai-siyasi fikir abidəsi olduğu aydın olur.

Maraqlıdır ki, Drezden Şəhər Kitabxanasında saxlanılan Türk dünyasının “Dədə Qorqud” eposu ilə Almaniyanın “Nibelunqlar nəğməsi” eposlarının oxşar cəhətlərinə nəzər saldıqda, bir anlığa tarixi ənənə bənzətməsini də görürük.

1636-1638-ci illərdə Azərbaycanın qədim paytaxtı Şamaxıya səfər edən Adam Oliaris pəhləvanlarla yaxından tanış olmuşdur. Pəhləvanların dağ şəraitində yaşadıqları alaçıqda əsas qidaları dəridə saxlanılan pendir, qovurma qoyun əti, bulaq suyu və dağ bitkilərinin olması onu heyrətləndirmişdir.

Göyçə mahalında, Zəngəzurda, Borçalıda aşıq sənəti, Şirvanda, “Zorxana” məktəbi, Qarabağda muğam məclisləri, digər bölgələrdə pəhləvanlıq ənənələri, çövkən oyunları, oxatma və kəndirbazlar milli dəyərləri əhatə edən tariximizdir.

Türk xalqlarını birləşdirən dəyərlərdə ardıcıl olaraq Dünya Etnospor Konfederasiyası tərəfindən keçirilən festivalların 2019-cu ilin yayında Azərbaycanda Gədəbəy rayonunda təşkil olunması diqqətin təzahürüdür. Festivalda qurulan alaçıqlar, çadırlar, at belində milli oyunlar, kəndirbazlar, biləyi qüvvətli pəhləvanlar məhz milli dəyərlərə söykənən amillərdir.

Digər maraqlı ənənə isə, Borçalı mahalında müxtəlif xalqların iştirakı ilə keçirilən Elat bayramıdır ki, həm də özündə multikultural dəyərləri birləşdirən məkanı xatırladır.

Göygöldə keçirilən İkinci Yaylaq Festivalı diqqətimi çəkdiyi üçün təsirlənib məqaləni qələmə aldım.

Atam baytar həkimi olduğu üçün uşaqlıq xatirələrimdə Sarı Yer yaylağına səfərlərimiz yadıma düşdü. İnsanların yaylaqda qurulan alaçıqda yaşamaları, axşamları somavar çayının məclisi ətrafında maraqlı söhbətlər indi bir nağıl təsəvvürünü yaradır. Sarı Yer yaylağında dağın döşündə qızmar günəş altında buzun əriməməsi gördüyüm möcüzədir.

Göygöldə İkinci Yaylaq Festivalının “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Kiçik və orta biznesin inkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə ərsəyə gələn bayram ab-havası, incəsənət xadimlərinin də ifası həm də milli dəyərlərimizin yaşamasıdır. 

Göygöldə Milli Yaylaq Festivalı zamanında almanların Gəncə ətrafında məskunlaşdığı Yelenendorf bölgəsində təşkil olunması da xoş bir təsadüfdür. Hacıkəndin göy çəmənliyi, saf havası, sərin suyu yaylaq festivalının maraqlı olmasına səbəbdir. Yaylaq festivalında sənətkar işləri, təbii məhsulları insanların bacarıqlarını təsvir edən əla düşünülmüş məkandır. KOBİA-nın mütəmadi bölgələrdə və xarici ölkələrdə Azərbaycanın iş adamlarının potensialını təbliğ etməsi mühüm və günün tələbinə uyğun addımdır.

Dünyada cərəyan edən proseslərə istinadən virtual həyat tərzindən yorulan insanları təbiət qoynuna dəvət olunması ovqatımızı ruhlandırır. Milli Yaylaq Festivalının təşkili uğurlu və axarlı olsun. Zəngəzurda, Qarabağda, Şuşada, Sarı Yerdə və digər bölgələrdə ənənəvi yaylağın davamı gəlsin.

Professor Çingiz Abdullayev, Alman-Azərbaycan Cəmiyyətinin sədri

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir