Cəmiyyət

AZƏRBAYCANIN TƏŞƏBBÜSLƏRİNƏ
BMT SƏVİYYƏSİNDƏ DƏSTƏK VERİLİR

Sharing is caring!

Məlum olduğu kimi, hazırda Azərbaycan eyni vaxtda iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Hərəkatına (QH) sədrlik fəaliyyətini uğurla həyata keçirir. O cümlədən ölkəmiz bəhs olunan təşkilatlarda sədrlik fəaliyyətini dünyadakı aktual çağırışlara adekvat quraraq qlobal təhlükələrə qarşı beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən yeni təşəbbüslər irəli sürür. Respublikamızın beynəlxalq miqyasda rolu 2019-cu ilin dekabrında Çində baş qaldıran və qısa müddətdə dünyanın əksər ölkələrinə yayılaraq həyatımıza bir çox ciddi çətinliklər gətirən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə xüsusilə diqqəti çəkdi. Respublikamız Türk Şurasının və Qoşulmama Hərəkatının pandemiya şəraitində yüksəksəviyyəli görüşlərini təşkil etməklə liderlik keyfiyyəti ortaya qoyub və qlobal səyləri birləşdirib. Qoşulmama Hərəkatında öz missiyasını uğurla həyata keçirən Azərbaycan böyük inam və etimad qazanıb. Respublikamızın Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməsi də böyük aktuallıq daşıyır. Sessiya ötən il dekabrın 3-4-də Nyu-Yorkda baş tutdu. Xatırladaq ki, BMT-nin 150-dən artıq üzv dövləti respublikamızın təşəbbüsünə öz dəstəyini ifadə edib. Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artmasını bir daha təsdiqləyir. Ümumiyyətlə, Azərbaycanın pandemiyanın başladığı ilk vaxtlardan qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrin miqyası kifayət qədər genişdir. Ölkəmiz pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü ianə edib. Bundan başqa, respublikamız 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan bu istiqamətdə fəaliyyətini hazırda da davam etdirir. “Peyvənd millətçiliyi”nə qarşı olan respublikamız elə bu günlərdə ayrı-ayrı ölkələrə COVID-19-a qarşı vaksinlər göndərib. Azərbaycan BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı ailəsinin sıralarına 10 il bundan əvvəl - 2011-ci ildə qoşulub. Hərəkatın bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Buna görə də Azərbaycan-Qoşulmama Hərakatı münasibətləri kifayət qədər uğurlu alınıb. Qoşulmama Hərəkatı ərazi bütövlüyü məsələsində daim Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib, həmçinin Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək göstərib.

Cahangir Muradov, “Əməkdar mədəniyyət işçisi”, rayon ağsaqqallar şurasının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir