Cəmiyyət

DÖVLƏT DAİM ŞƏHİD AİLƏLƏRİNİN VƏ MÜHARİBƏ ƏLİLLƏRİNİN YANINDADIR

Azərbaycanın davamlı səciyyə daşıyan dərinməzmunlu sosial siyasətində canlarını Vətən uğrunda fəda etmiş şəhidlərin ailələrinə və müharibə əlillərinə hərtərəfli qayğı göstərilməsi xüsusi yer tutur. Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə aparılan siyasətin özəlliyinə diqqət çəkib. “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

   Ölkəmizdə postmüharibə dövründə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup müharibə əlillərinin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Respublikamızda 2021-ci ilin əvvəlindən bəri müvafiq kateqoriyadan olan 24000 şəxsə 33 000 xidmət göstərilib. O cümlədən 8 400 nəfərə 16 000 ödəniş həyata keçirilib. Sosial ödəniş alanların 7 401 nəfəri şəhid hərbi qulluqçuların ailə üzvləri, 206 nəfəri mülki şəhidlərin ailə üzvləri, 836 nəfəri isə müharibə əlilləridir.

   Azərbaycan dövləti tərəfindən, həmçinin müharibə əlillərinin normal həyata qayıtmalarının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Bütövlükdə, indiyədək müvafiq kateqoriyadan olan 6 900 nəfərə 10 000 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Eyni zamanda, ötən ilin dekabrından başlayaraq müharibə əlillərinin yüksəktexnologiyalı protezlərlə təminatı işləri aparılır. İndiyədək 84 hərbçiyə yüksəktexnologiyalı protez, 957 nəfər əlilə 6 400 reabilitasiya vasitəsi verilib. Bu istiqamətdə reallaşdırılan tədbirləri yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”.

Vacib məsələlərdən biri də şəhid ailələrinin və qazilərin məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə işəgötürənlərə çağırış edilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri çərçivəsində son 6 ayda minlərlə şəxs işlə təmin olunub, o cümlədən 7 min nəfərədək şəhid ailəsinin üzvü və qazi özünüməşğulluq proqramına cəlb edilib. İşəgötürənlərin şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında təşkil olunan “Məşğulluq marafonu” da böyük sosial əhəmiyyət daşıyır. Qeyd edək ki, marafona 200-dək işəgötürən qoşulub, 1000-dək vakansiya təqdim olunub və 100-dək şəxs işə götürülüb.

  Respublikamızda müvafiq kateqoriyadan olan insanlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə digər tədbirlər də həyata keçirilir. Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixində “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Vahid Əlaqələndirmə Mərkəzlərində 7 qurum üzrə 26 xidmət göstəriləcək. VƏM-ləri yaxın iki ay ərzində DOST mərkəzlərində fəaliyyətə başlayacaqlar.

Rövşən Əzizov, DSMF-nun 9 saylı Regional Ərazi filialının baş mütəxəssisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir