Cəmiyyət

TARİXİN İBRƏT DƏRSİ

Prezident İlham Əliyevin Xocasən qəsəbəsindəki görüşlərində irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. Prezident deyib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Azərbaycana bir çox yerlərdən təcrübəmizi öyrənmək üçün müraciətlər olunur. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur.
Prezident qeyd edib ki, Azərbaycan ordusu kifayət qədər güclüdür, konkret olaraq BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təkbaşına həyata keçirib. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini bərpa etmişik. Bundan sonra da ordumuzu gücləndirir, onu ən müasir silahlarla təchiz edirik. Azərbaycan gənclərinin döyüş və vətənpərvərlik ruhu çox yüksəkdir. Onlar Vətən Müharibəsində böyük şücaət nümayiş etdirmişlər. Bütün Azərbaycan xalqı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün övladlarımız bir yumruq kimi birləşərək düşməni məğlub edib, torpaqlarımızı işğaldan azad ediblər. Bu isə böyük tarixi hadisədir, Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır, dövlətimiz bütün dünyaya öz güecünü, nəyə qabil olduğunu nümayiş etdirmişdir.
Ermənistanda isə siyasi böhran getdikcə dərinləşir, iqtisadiyyat tənəzzülə uğrayıb, hakimiyyət kürsüsündə olanlar bir-birlərini ittiham edirlər. Hətta oradakı iqtidar-müxalifət qarşıdurması elə bir səviyyədədir ki, kütləvi həbslər baş verir. Onların arxayın olduğu havadarları artıq bir o qədər də Ermənistanı dəstəkləmir. Çünki hər şey göz qabağındadır. Ermənistan öz çirkin, murdar əməlləri ilə bütün beynəlxalq aləmdə özünü tam olduğu kimi göstərir. Paşinyan psixoloji gərginlik içərisindədir. O hər yola əl atır və atacaq, hər kəsin dabanını yalaya-yalaya kömək istəyərək, özünü digər dövlət başçılarının yanında günahsız kimi göstərməklə xal qazanmaq istəyir. Amma bunu heç bir zaman görməyəcək. Ermənistan məğlub ölkədir, məhz o ölkənin rəhbərlərinin yürütdüyü siyasət öz dövlətlərini uçuruma aparmışdır. Onların bir yolu var, o da bizim qələbəni qəbul etməkdir. Məhz buna görə işğalçı ölkə bədnam siyasətinə dərhal son qoymalıdır.
Hal-hazırda ermənilərin kütləvi informasiya vasitələrində dövriyəyə buraxdıqları iftiralara baxanda düçünürsən ki, həqiqətənmi ermənilər bu gün dünyada sürətlə inkişaf edən texnoloji imkanlardan xəbərsizdilər? Əsla yox! Bunlar müxtəlif illərdə xalqımıza qarşı alçaqcasına törətdikləri cinayətləri ört-basdır etmək üçün əks-təbliğat aparmaqda davam edirlər. Amma hamıya yaxşı məlumdur ki, işğalçı erməni qüvvələri əcdadlarımızın qiymətli ənənələrini, yaratdığı memarlıq nümunələrini dağıtmış, bununla da dünya miqyaslı mədəniyyət tarixinə böyük ziyan vurmuşdur. Maddi-mənəvi dəyərlərin məqsədyönlü şəkildə məhv və talan edilməsi, mənimsənilməsi, tarixin saxtalaşdırılması təcavüzkar siyasətin əyani sübutudur.
Beləliklə, təcavüzkar dövlət abidələri yerlə yeksan etmişdir. Zəbt edilmiş ərazilərdəki çoxəsrlik sənət nümunələrinə qarşı qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərində törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır. Humanitar təşkilatlar, ölkəmizdə yaşayan dini icmaların üzvləri bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa çağırır. Bu, hər bir Azərbaycan vətəndaşının tarix qarşısında vicdani borcudur.
İlqar Mirzəyev, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir