Cəmiyyət

HEÇ ZAMAN UNUDULMAYACAQ ERMƏNİ CİNAYƏTLƏRİ

Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.

  Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Digər tərəfdən, Türkiyə Prezidenti öz çıxışında ortaq kimliyimizi, ortaq mədəniyyətimizi formalaşdıran poeziya nümunələrinə də toxundu. Şuşa mədəni və ədəbi mühitinin  yetişdirdiyi Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın və digər  fikir, düşüncə adamlarının adlarını çəkdi. Eləcə də qeyd etdi ki, təkcə Şuşa və ya Qarabağ deyil, Azərbaycanın və Türk dünyasının hər yeri böyük şairlər yetişdirib və buna nümunə olaraq Nizami Gəncəvinin adını çəkib. Həmçinin Nizami Gəncəviyə ithafən Osmanlı sultanı Fateh Sultan Mehmet xanın şerini səsləndirdi. Bütün bunlar onun göstəricisidir ki, Türkiyə-Azərbaycan münasibətləri xalqlarımızın tarixdən gələn ənənələri üzərində bərqərar olub və bu, birliyimizi, qardaşlığımızı gələcəyə daşımağa imkan yaradan birlikdir. Ən əsası odur ki, iki qardaş ölkənin prezidentlərinin dostluğu və qardaşlığı   Türkiyə-Azərbaycan qardaşlığının, mədəni, mənəvi birliyinin simvoluna çevrilib. Cənab Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq”. Düşünürəm ki, bu, bütün dünyaya verilən mesaj idi.
 Ermənistanın vəhşi davranışı Qarabağın kimin Vətəni olduğunu göstərir.  Azərbaycanlılar otuz il əvvəl Qarabağdan çıxmaq məcburiyyətində qalanda heç bir yeri dağıtmadılar, heç bir evi yandırmadılar. Çünki insan öz Vətənini dağıda bilməz, öz Vətənini yandıra bilməz. Mədəniyyət ilə vandallıq arasındakı fərqi görmək istəyən gəlsin Qarabağda iki dönəm arasındakı fərqə baxsın.

  Zəngin tarixə malik olan Şuşa Qarabağ xanlığının banisi Pənahəli xan dövründən bəri təbii bir incəsənət akademiyası kimi, musiqinin, ədəbiyyatın, incəsənətin ən yüksək səviyyədə yaşadığı və yaşadıldığı şəhər olmuşdur. Pənahəli xanın zamanından, xüsusilə şeirləri bu gün də sevilərək oxunan Qarabağ xanının vəziri Molla Pənah Vaqifdən başlayaraq Şuşa ədəbiyyatın mərkəzi olmuşdur. Qartal yuvası kimi qayaların üstündə, səmaya yaxın salındığı üçün Şuşada mədəniyyətin, incəsənətin, ədəbiyyatın ilhamı daim bol olub. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Rəşid Behbudovun və daha neçə-neçə incəsənət xadimlərinin, şairlərin yurdudur. Əhməd bəy Ağaoğlu kimi təkcə Azərbaycanda deyil, Türkiyə və türk dünyasında da fikirləri ilə söz sahibi olmuş mütəfəkkirlərin yurdu Şuşa bu gün bir daha mədəniyyətlə dirçəlir. Azərbaycanda bütün dinlərə və inanclara hörmətlə yanaşılır. Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur. İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq. Azərbaycan ərazisində bütün dinlərin məbədləri dövlət tərəfindən qorunur, dövlət tərəfindən tikilir və bütün dünya bunu bilir. Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq. Biz möhkəm əminik ki, Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq. Biz torpağımızı tar-mar edən, onun altını üstünə çevirən, daş üstə daş qoymayanlara əməkdaşlıq təklif edirik. Elə bir əməkdaşlıq ki, onlar bunun hesabına indiki kimi it damına bənzər daxmalarda yaşamaqdan, ona-buna əl açmaqdan qurtara bilərlər. Bunu da bizə düşmənçilik edənlərə böyük sevgi bəslədiyimiz üçün etmirik. İstəmirik ki, kimlərsə yenə onlardan təsir aləti kimi faydalanaraq burada qarşıdurma atmosferi formalaşdırsınlar. Bizə dayanıqlı sülh lazımdır, çünki bu halda inkişafımız daha da sürətlənəcək.

Elşad Əmənov, Şatırlı kənd sakini, tarixçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir