Cəmiyyət

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR

Sharing is caring!

AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ SÜRƏTLƏNİR Türkiyə və Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Bu rəqəm 2020-ci il üçün 4.16 milyard dollar təşkil edib. Forumda bu rəqəmin qardaş iqtisadiyyatlar arasındakı real potensialı göstərmədiyi və qoyulmuş hədəfə çatmaq üçün hər iki ölkənin mühüm potensialı olduğu dilə gətirilib. Pandemiyanın təsirləri səngidikdən sonra qarşılıqlı ticarət dövriyyəsinin sürətlə yüksələcəyi və dövlət başçılarının 2023-cu ilə qoyduğu 15 milyard dollar ticarət dövriyyəsi hədəfinə çatmaq üçün sıx əməkdaşlığın davam etdiyi bildirilib. Bu istiqamətdə martın 1-dən qüvvəyə minəcək Preferensial Ticarət sazişi ölkələr arasında ticarət dövriyyəsinin gələcək artımına ciddi təkan verəcək. Həmçinin 2020-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması yeni nəqliyyat-kommunikasiya layihələrimizin səmərəliliyin bariz nümunəsidir. Naxçıvana dəmiryolunun çəkilməsi nəticəsində, Azərbaycan və Türkiyə arasında daşımalar asanlaşacaq. Həmçinin, Azərbaycanın bölgədə təklif etdiyi yeni “3+3” formatlı işbirliyi platforması da ölkələr arasında ikitərəfli ticarət əlaqələrinin, turist axınının artımına, habelə Naxçıvan dəhlizinin strateji önəm qazanmasına ciddi təkan verəcək. Həmçinin, Azərbaycan və Türkiyə vətəndaşları arasında vizasız və xarici pasportsuz səyahətlər ölkələr arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşlarının, turist axınının artmasına müsbət təsir edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. İnvestisiya münasibətlərinə gəlincə, Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. İki ölkə arasında birgə investisiya fondunun təsis edilməsi, dövlət- özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilə bilən iri müəssisə və iri layihələrin, birgə texnologiyanın transferini və birgə istehsal nəzərdə tutan investisiya hədəflərinə çatmaqda və imkanları maksimal dəyərləndirilməsi istiqamətində qarşıda duran vəzifələrin icrasını sürətləndirəcək. Bütün bu istiqamətlərlə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsində türk şirkətlərinin fəal iştirakı investisiya əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək ki, bunu biz “Azərlotereya” ASC-nin timsalında görəcəyik. Qarabağın reinteqrasiyası və reabilitasiyasında, habelə bütün bölgədəki konyunktura dəyişikliyinin bərabərində gətirdiyi perspektivlərdən yararlanılmasında türk iş adamlarının fəal iştirak sahələri də müzakirə edilib. Forumda infrastruktur layihələrində, Füzuli-Şuşa arasındakı Zəfər yolu, Toğana-Kəlbəcər yolu, habelə Füzulidə tikiləcək hava limanının tikintisində türk şirkətlərinin fəal iştirakı məsələlərinə toxunulub. Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir. Bütün bu sahələrdən başqa Forumda, pandemiya səbəbi ilə sürəti azalan qlobal iqtisadi böyümə qarşısında biznes nümayəndələrinə yeni alternativlərin təklif edilməsi məqsədilə dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə sazişlər imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkə şirkətlərinin əməkdaşlığının təşviqi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistik, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərdən səmərəli istifadə ölkələrimizin ticarət, investisiya kimi sahələri başda olmaqla çoxşaxəli əlaqələrimizə töhfə verəcək.

Emil Həsənov, Göytəpə şəhər Kommunal Müəssisələri Kombinatı direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir