Cəmiyyət

” Azərbaycan gəncləri Vətən müharibəsində böyük şücaət nümayiş etdirdilər ” – Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

Azərbaycanın ikili siyasətə qarşı mübarizəsi.

44 günlük zəfər tarixi başa çatdıqdan sonra Azərbaycanın və onun Prezidentinin ikili siyasətə qarşı necə güclü mübarizə apardığı bəlli oldu. 44 gün ərzində hər gün torpaqlarımızın azad edilməsi müjdəsini ölkə əhalisinə çatdırarkən cənab Prezident böyük ölkələrinin dövlətimizə qarşı ikili siyasət aparmasını öz çıxışlarında hər zaman qeyd etmişdir. Həmin dövr ərzində dünyanın müxtəlif mətbuat nümayəndələrinə verdiyi 30-dan çox müsahibədə Prezidentimizə verilən qərəzli və heç bir mənbəyə istinad edilməyən suallar bunun bariz nümunəsidir. Sözsüz ki,  Prezident cənab İlham Əliyev  belə qərəzli suallara cavab verərkən tarixi faktlara söykənmiş, öz cavabları ilə həmin jurnalistləri yerində oturtmuşdur. Müsahibələrində cənab Prezident İlham Əliyev açıq bildirmişdir ki, Ermənistanda insan haqları boğulur, hər gün müxalifət nümayəndələrinin saxlanılması halları baş verir və nədənsə, bu ölkədə olan proseslər heç bir yerdə işıqlandırılmır. Azərbaycanın isə beynəlxalq hüquqa müvafiq olaraq öz torpaqlarını azad etməsi, son 15 ildə onun iqtisadiyyatının 3 dəfədən çox artması, Azərbaycan ordusunun dünyanın 50 inkişaf etmiş ordu sırasına daxil olması bir sıra dünya ölkələrinin rəhbərlərini və onların mətbuat nümayəndələrini narahat edir. Azərbaycanın apardığı uzaqgörən və məqsədyönlü siyasət hər zaman olduğu kimi, gələcəkdə də “ikili siyasətə” qalib gələcəkdir. 

Səbuhi Kərimov – YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Münaqişənin güc yolu ilə həlli qaçılmaz idi

44 günlük vətən müharibəsinədək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində ATƏT-in Minsk qrupunun iştirakı ilə aparılmış danışıqlar 30 il ərzində heç bir nəticə verməmişdir. 
 Azərbaycan həmişə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun azad edilməsini Ermənistandan tələb etmişdir.  Danışıqlar aparılarkən Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirmiş, bəzi hallarda isə danışıqları yarımçıq qoymuşdur. Təbii ki, Azərbaycan heç vaxt öz əzəli torpaqlarının işğal altında qalmasına razı ola bilməzdi. 
Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında və müsahibələrində münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini bildirmişdir. Lakin, münaqişənin hərbi yolla həll olunmasını da istisna etməmişdir. Bunun üçün ötən illər ərzində ordu quruculuğuna böyük diqqət yetirilmişdir. 
Ermənistanın hazırkı baş naziri Paşinyan hakimiyyətə gəldikdən sonra demək olar ki, münaqişənin həlli ilə bağlı danışıqlar dalana dirəndi. Paşinyan Şuşada dırnaqarası Dağlıq Qarabağın prezidentinin andiçmə mərasimində “Qarabağ Ermənistandır və nöqtə” deyərək Azərbaycan xalqını təhqir etmiş oldu. Təbii ki, Prezident cənab İlham Əliyev Valday Diskussiya Klubunda çıxışı zamanı Paşinyanın cavabını “Qarabağ Azərbaycandır və nida” deməklə verdi. Bundan əlavə Paşinyanın Şuşada “Cıdır düzü”ndə sərxoş vəziyyətdə yallı getməsi torpaqlarmızın hərbi yolla azad olunmasını daha da yaxınlaşdırdı və 27 sentyabr 2020-ci ildə Azərbaycanın müzəffər ordusu torpaqlarımızın düşmən tapdağı altından təmizlənməsinə başlayaraq bu işə 44 günə bitirdi. 

Rəmzi Şirinov – YAP Zərdab rayon təşkilatı gənclər birliyinin sədri

Azərbaycan məsuliyyətli ölkədir

44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri erməniləri öz dədə-baba torpaqlarından qovmuşdur. Baxmayaraq ki, hələ müharibə başlamamışdan əvvəl ermənilər Azərbaycanın Tovuz rayonu istiqamətində təxribata təhrik etməklə böyük ölkələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirdilər. Həmin təxribat zamanı ordumuz Ermənistan ərazisinə keçməyə və orada yerləşməyə nail ola bilərdi. Lakin, Dövlət başçımızın qeyd etdiyi kimi bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur. Biz öz tarixi və əzəli torpaqlarımızın azad olunmasını istəyirdik. 
Müharibə zamanı ermənilər Gəncə, Goranboy, Bərdə və digər sərhədyanı şəhər və rayonları raket atəşinə tutmuşdur. Məqsəd müharibənin əhatəsini genişləndirmək və məğlubiyyətə uğramaq cəhdlərini ört-basdır etmək üçün öz müttəfiqlərini münaqişəyə qoşmaq idi. Hətta, Gəncə şəhərinə 2 dəfə ballistik raket atılmasına və nəticədə xeyli sayda insan tələfatı olmasına baxmayaraq Azərbaycan bu təxribata uymadı. Ölkəmiz dözümlülük nümayiş etdirərək ermənilərin bu vəhşiliyini bütün dünya mətbuatında işıqlandırdı. 

Nahid Nuriyev – Fəal gənc

Haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan qələbəyə məhkum idi

44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.
Azərbaycan ordusu  Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi.Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.
İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib.İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.
Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır.

 Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri

Ermənistanda böhran

Ermənistanda hökm sürən iqtisadi böhran 44 günlük müharibədən sonra günbəgün böyüməkdədir. İqtisadi böhran artıq özünə siyasi böhranı da əlavə etmişdir.
İrəvanda etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları Baş Nazir Paşinyanın istefasını tələb edirlər. Onlar parlament binasının ətrafına toplaşaraq hökumətin istefaya getməyincə küçələrdən yığışmayacaqlarını bildirmişlər. Ölkədə demək olar ki, iqtisadiyyat çöküb. Bu, əlbəttə, Ermənistanın qonşu ölkələrlə apardığı siyasətin nəticəsidir. Azərbaycanın, onun Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində Ermənistan regiondakı bütün iqtisadi layihələrdən kənarda qalmışdır. 
Cənab Prezident İlham Əliyev dəfələrlə demişdir ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməli, Azərbaycanın zəbt edilmiş torpaqlarını boşaltmalıdır. Lakin, onların rəhbərləri faşist və işğalçılıq siyasətindən əl çəkməmiş və nəticədə ölkələrini məhv olma həddinə çatdırmışlar. Bu gün Ermənistanda istefalar səngimək bilmir, əhali  inandığı və etibar etdiyi rəhbəri tapa bilmir. Bir sözlə, Ermənistanda tam bir xaos yaranmışdır.

Ələkbər Kərimov – fəal gənc

Azərbaycan ordusu Qafqazın ən güclü ordusudur

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasirləşdirilməsi, döyüş potensialı, peşəkarlığı daim diqqət mərkəzində saxlanılmışdır.  Ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. 
Bunun nəticəsidir ki, Azərbaycan  tarixi Zəfəri ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 
Dövlətimizin başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş rayonlara səfəri zamanı əsgərlərlə görüşündə bir daha diqqəti bu məqama yönəldərək bildirmişdir ki, müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir.
 Xarici tərəfdaşlarımız bu məlumatı  çatdırırlar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, aparılan  əməliyyatlar öyrənilir.
44 gün ərzində torpaqlarımızı işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.

Şəhla Eminova – 1 nömrəli məktəb-liseyin direktor müavini

Azərbaycan gəncləri Vətən müharibəsində böyük şücaət nümayiş etdirdilər

25 fevral 2021-ci il tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində Cənab Prezident İlham Əliyev cıxış edərək 44 günlük vətən müharibəsinin Azərbaycanın haqq-ədalət uğrunda aparmış olduğu bir mübarizə kimi tarixə düşdüyünü qeyd etmişdir.
Bu müharibədə Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Nəticədə biz məqsədimizə nail olduq.    Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə, platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmış və bu işin səmərəsi olmuşdur. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycan ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycan haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı  təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpaqlarımızdır. 
Bu tarixi müharibədə Zərdab rayonunun 500-dən artıq igid, mərd, vətənpərvər oğlanları aslan kimi vuruşmuş, 8 nəfər gəncimiz torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmışlar. Döyüş zamanı göstərdikləri şücaətlərə görə bir çox gəncimiz  Ali baş Komandanımız İlham Əliyevin sərəncamı ilə orden və medallarla təltif olunmuşlar. Prezidentimizin bu diqqət və qayğısı bütün vətəndaşlarımızı qürurlandırır.

Elyurə Məmmədova – Mədəniyyət mərkəzinin direktoru

Tarix yazmış Azərbaycan xalqı

Böyük fəxarət hissiylə bildirirəm  ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir. Əldə edilən tarixi Qələbədə rayonumuzun da igid övladları mərdliklə döyüşmüş və onlardan 8 nəfəri torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmışdır.
Bu gün şəhidlərimiz yaşından asılı olmayaraq hər bir vətəndaşımız tərəfindən qürurla anılır, ehtiramla yad edilir, ailələri ziyarət olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizi öz sağlamlıqlarına qovuşdursun.

Nailə Əliyeva – Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin və Şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə onlara mütəmadi olaraq dövlətimiz tərəfindən  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsini təmin etmək üçün reabilitasiya mərkəzləri açılır və lazım gəldikdə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə dövlət tərəfindən 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq hər şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir. Həmçinin 1-ci və 2-ci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğurunda rayonumuzun 124 nəfər qəhrəman oğulları şəhid olmuş və 123 nəfər isə müxtəlif dərəcədə sağlamlığını itirərək əlil olmuşdur. Ölkəmizdə bu kateqoriyadan olan insanlar daima dövlətimizin diqqət və qayğısını öz üzərlərində hiss ediblər. Belə ki, rayonumuzdan olan 21 şəhid ailəsi və 55 Qarabağ müharibəsi əlili yeni mənzillə təmin edilmişdir.
 Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.

Maisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbinin direktoru

Münaqişənin güc yolu ilə həlli qaçılmaz idi

1994-cü ildə Qarabağ məsələsinin həlli üçün bağlanan atəşkəs müqaviləsindən sonrakı dövrdə Ümummilli Liderimiz və onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davamlı olaraq məsələnin sülh yolu ilə həllinə çalışılsa da, Ermənistan tərəfi əksinə münaqişə yaratmağa çalışmışdır. 2016-cı ilin aprel döyüşləri Ermənistan tərəfinin nə qədər təcavüzkar olduğunu bir daha göstərdi. 2018-ci ildə Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi Qarabağ məsələsinin həllində müsbət dəyişikliyə müəyyən ümidlər yaratmışdır. Lakin çox keçmədi ki, Paşinyanın Qarabağ Ermənistandır şüarı səsləndirməsi, Münhen təhlükəsizlik konfransındakı debatda sərsəm çıxışları və davranışları Qarabağ məsələsinin sülh yolu ilə həllinə olan ümidləri azaldırdı.2020-ci ilin iyulunda Qarabağla birbaşa əlaqəsi olmayan Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətməsi və general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və iki mayor olmaqla 11 hərbçimizin şəhid olması sülhə olan ümidləri tamamilə məhv etdi.  Erməni tərəfinin təhdid və təxribatlarının nəticəsi idi ki, 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 gün davam edən 2-i Qarabağ müharibəsi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun və Xalqımızın Qələbəsi nəticəsində ərazi bütövlüyümüz təmin olundu və haqq-ədalət zəfər çaldı.

Vəfa Bayramova – Zərdabi muzeyinin direktoru

Hərbi qüdrətimiz

Ermənistan rəsmilərinin təxribat xarakterli siyasəti beynəlxalq təşkilatları və bizi bu münaqişənin sülh yolu ilə həlli olmadığına əmin etdi. Bu münaqişənin həllində Minsk qrupuna həmsədrlik edən ölkələr heç də maraqlı deyildilər, onlar bunu özləri də dolayısı yolla etiraf edirdilər. Bizi inandırmağa çalışırdılar ki, bu münaqişənin hərb yolu ilə həlli yoxdur. Azərbaycan istəməsə də bu ikili siyasətə qarşı səbr göstərməli oldu. Ancaq sonda bütün dünyaya sübut etdi ki, Azərbaycan heç də aciz ölkə deyil. Yeri gəlsə, öz hərbi qüdrətini ortaya qoyaraq bu münaqişəni hərb yolu ilə də həll edə bilər. Biz bu qələbəni təkcə Ermənistan üzərində yox, eyni zamanda bəzi güc dövlətləri üzərində qazanmışıq.
Güc dövlətləri türk-müsəlman dövlətlərinin gücünü zəiflətmək üçün Ermənistandan bir alət kimi istifadə edirdi.
Təxribatçı qüvvələr öz çirkin siyasətlərini həyata keçirmək üçün Ermənistana hər zaman dəstək olublar. Onlar istər iyul döyüşlərində, istərsə də 44 günlük müharibədə həm açıq-aşkaranə, həm də gizli yollarla  “yardım helikopteri” adı ilə Ermənistanı silahla təmin edirdilər.
Azərbaycan ordusu bu qələbəni hərbi qüdrəti ilə yanaşı, Ali Baş Komandanımız cənab İlham Əliyevin məqsədyönlü və düzgün siyasəti sayəsində qazandı. Keçən 30 il ərzində Azərbaycan öz ordusunu müasir silahlarla, hərbi avadanlıqlarla təmin edərək, cəsur hərbiçilərini hərbi təlimlərə yönləndirərək onların peşəkarlıqlarını daha da artırmışdır. Elə bu siyasətin nəticəsi idi ki, dünyanın ən öndə gedən ölkələri belə Azərbaycanın hərbi potensialına və ordumuzun döyüş peşəkarlığına heyran qaldılar. Mən əminəm ki, bundan sonra da Azərbaycanın imzaladığı müqavilələr nəticəsində yeni, müasir silahlar ölkəmizə gətirilərək ordumuz daha da güclənəcək və hərbi qüdrətimiz daha da artacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir