Cəmiyyət

XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır

Sharing is caring!

        Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir.

       İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada idi. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirildi. Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan prezidentləri Zirvə görüşündə iştirak etdilər.

     Şuşada belə bir keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Qeyri-rəsmi görüş dövlət başçıları arasında daha sərbəst dialoqun qurulmasına, ümumi məsələlərin həllində həmrəyliyin möhkəmləndirlməsinə imkan verir. Həm də Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünü bütün dünya izlədi və bizim sarsılmaz güc olduğunu gördülər. Bu da dünyada mövqelərimizi möhkəmləndirir, gücümüzə güc qatır.

       Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada – TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək.

       Prezident İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik” müdrik kəlamı bu gün birliyimizin şüarına çevrilib. Dövlət başçımızın türk dünyasına olan qardaşlıq münasibəti ölkələrimizi və xalqlarımızı daha da birləşdirir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında müzakirə olunan mövzular xalqlarımızın birləşməsinə, ölkələrimizin inkişafına və ümumi gücümüzün artmasına xidmət edir.  

       Şuşa Zirvə görüşünü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi üçün mühüm platforma hesab etmək olar. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.  Bunu da unutmayaq ki, Türk dövlətləri həm də böyük ərazi, təbii resurslar, bazar, siyasi və hərbi gücdür. Bu baxımdan Türk Dövlətləri Təşkilatının gələcək perspektivləri çox böyükdür. Belə bir qənaətə gəlirik ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır

Surxay Səlimov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir