Cəmiyyət

Əlilliyi olan insanlar Ali Baş Komandanla həmrəydirlər

Hamıya məlumdur ki, erməni faşistləri Qarabağ və ətraf rayonlarımızı zəbt edərək 30 il idi həyasızcasına öz torpaqları kimi orada məskunlaşmışdı. Çox təəssüflə bildiririk ki, bu bütün dünya ictimaiyyətinə məlum olsa da bəzi ölkələr və beynəlxalq təşkilatlar ermənilərin işğalçı və terrorist hərəkətlərinə göz yumur, onları dəstəkləyir, həm də müasir silah-sursatla da təmin edir. Hətta son zamanlar sərnişin təyyarələrində də silah daşıyırlar.
“Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri bu gün toplantı keçirərək dövlətimizin və Ali Baş Komandanımızın ətrafında sıx birləşərək Azərbaycana qarşı ədalətsiz mövqe tutan ölkə və beynəlxalq təşkilatlara öz etirazlarını bildirdilər. Hər iki təşkilatın rəhbəri, Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil Tahir Xudiyev çıxışında bildirdi ki, bu toplantıda məqsədimiz hazırki vəziyyətlə bağlı Fransa prezidentinin ədalətsiz mövqeyinə, ATƏT-in Minsk qrupunun 30 il ərzində fəaliyyətsizliyinə etirazımızı bildirməkdir. Onu da xüsusi qeyd etdi ki, erməni faşistləri həmişə olduğu kimi bu dəfə də dinc əhalini hədəf götürüb. Evlər dağıdılır, aralarında çoxlu sayda körpə uşaqlar olan dinc əhali həlak olur. Bununla əlaqədar olaraq əhali arasında əlilliyin sayı artacaq. Tahir Xudiyev onu da qeyd etdi ki, 2008-ci ildə, ona maneçilik törədilsə də öz əqidəsindən dönməyərək, ABŞ Senatının Kitabxanasında və Nyu-Yorkun Serakus şəhərində Mərkəzi Seçki Dairəsinin toplantısında Azərbaycan həqiqətləri, sovet-rus imperiyasının 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda törədilən soyqırımı barəsində həqiqətləri iştirakçıların diqqətinə çatdırmış, Almaniya Kansleri xanım Angela Merkelin də iştirak etdiyi Asiya İnkişaf Bankının Frankfurtda keçirilən konfransında xarici televiziya və digər KİV-lərə müsahibəsində tərcüməçi Fərhad Azayevin vasitəsi ilə erməni işğalçılarının Azərbaycan torpaqlarını zəbt etməsi barədə məlumat vermişdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Hüquq şöbəsinin rəhbəri, ədliyyə müşaviri Firdovsi Sadıqov da sentyabr ayının 27-dən Ermənistan ordusunun Azərbaycanın yeni torpaqlarını zəbt etmək xülyası ilə etdiyi hücumları pislədi, torpaqlarımızın azad olunması yolunda dövlətimizin və Ali Baş Komandanımızın ətrafında sıx birləşməyi təklif etdi.
İctimai Birliyin İdarə Heyəti üzvü, 1-ci qrup əlil Saleh Əzizli çıxış edərək bildirdi ki, təşkilatlarımız öz fəaliyyəti ilə daima möhtərəm Prezidentimizin sosial kursuna dəstək olmuşdur, Azərbaycanın ərazi bütövlüyü uğrunda da ordumuzun və Ali Baş Komandanımızın yanındayıq.
İctimai Birliyin İdarə Heyəti üzvü, 1-ci qrup əlil, Qarabağ müharibəsi veteranı, məcburi köçkün Cahid Qasımov “Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Əlillər Dünyası” və “Alyans” qəzetləri olaraq müxtəlif vaxtlarda erməni terroruna qarşı bəyanatlar ünvanlanmasını bildirdi. Belə ki, 13.10.2006-cı ildə 164 saylı məktubla Fransa Milli Məclisi tərəfindən türklər əleyhinə qanunun qəbul edlməsinə etiraz olaraq surəti Türkiyə Böyük Millət Məclisinə göndərilməklə Fransa Milli Məclisinə; 16.10.2007-ci il tarixli 215 saylı məktubla ABŞ Konqresində yalançı və uydurma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qətnaməyə kəskin etiraz olaraq ABŞ Konqresinə və ABŞ-ın Azərbaycandakı səfirliyinə; 22.07.2009-cu il tarixli 365 saylı məktubla Çində uyğur türklərinə qarşı aparılan son dərəcədə qəddar münasibətə etiraz olaraq Çinin Azərbaycandakı səfirinə; 25.01.2012-ci il tarixli 04 saylı məktubla Fransa Senatının uydurma “erməni soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbul edilməsinə etiraz olaraq surəti Fransa Senatının üzvlərinə, Avropa Parlamenti Avropa Şurası

Parlament Assambleyasının üzvlərinə olmaqla Fransanın Azərbaycandakı səfirinə və Fransa Senatına; 08.12.2014-cü il tarixli Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı növbəti qərəzli çıxışına etiraz olaraq bəyanatlar ünvanlamışdır. Hələ 2005-ci ildə münaqişənin həlli üçün ATƏT-in fəaliyyətsizliyi barəsində ATƏT-in Bakı Ofisinə və Mərkəzi Ofisinə rəsmi məktublar da ünvanlamışıq. O vaxtlar xalqımızın demək olar ki, 90 faizi bu beynəlxalq təşkilatın işinin nədən ibarət olması barədə məlumatsız idi. Məktublarda ATƏT-in Minsk qrupunun fəaliyyətinin nədən ibarət olması barədə xalqa açıqlama verməsi qeyd edilmişdi.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB İdarə Heyəti üzvü, təqaüddə olan polkovnik, Əfqanıstan veteranı, 2-ci qrup Qarabağ müharibəsi əlili Nazir Hüseynov çıxış edərək Azərbaycanın hümanistlik göstərərək müvəqqəti humanitar atəşkəsə razı olmasından sonra Ermənistanın Gəncə, Tərtər, Ağdam şəhərlərini, Ağcabədi, Goranboy, Beyləqan və digər rayonları atəşə tutmasını, dinc əhaliyə raket zərbəsi endirməsini ikinci Xocalı hadisəsinə bənzətdi.
İB-in üzvləri Saleh Zeynalov və Nadir Salmanov da müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq xəyanətkar ermənilərin bu dəfə də öz riyakar, satqın xislətlərinə uyğun olaraq atəşkəsi pozmaqda davam etmələrinə, daima dinc əhalini atəşə tutmalarına etirazlarını bildirdilər.
Tədbirin gedişi zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Tərtər şəhərində yərləşən Qarabağ regionu üzrə nümayəndəliyin rəhbəri, “Əlillər Dünyası” qəzetinin xüsusi müxbiri, Qarabağ veteranı, təqaüddə olan polis veteranı Həsənağa Bayramovun fikrini öyrənməık üçün ona zəng etdik. O bildirdi ki, hazırda Qarabağda bütün sərhədboyu döyüşlər gedir. Lakin biz ruhdan düşmürük, vətənimizin azadlığı uğrunda döyüşən qəhrəman ordumuzun yanındayıq, qələbə bizimlədir. Həsənağa Bayramov Tərtərdə baş verən bir hadisəni xüsusi yanğı ilə qeyd etdi. Bildirdi ki, Sarıcalı kəndindən olan şəhidi dəfn edib qayıdanda gənc bir xanımın intihar etməsi xəbərini eşitdik. Sonradan bildik ki, xanım şəhidin istəklisi imiş. Bu hadisə Azərbaycanda növbəti sevgi dastanı oldu. Danışıq zamanı atəş səsləri eşidildi və ara kəsildi.
Erməni terrorçularının Azərbaycana hücumuna, bəzi dövlətlərin və beynəlxalq təşkilatların işğalçı rejimi dəstəkləmələrinə etiraz olaraq “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin keçirdiyi toplantıda BMT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatına, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpuslarına və beynəlxalq təşkilatlarına ünvanlanmış bəyanət qəbul olundu.
Bir daha bildiririk ki, qəhrəman ordumuzun vətənimizin müdafiəsi yolunda apardığı hərbi əməliyyatları dəstəkləyir, hamını Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması yolunda dövlətimizin və Ali Baş Komandanımızın ətrafında sıx birləşməyə, hər bir əmrinə hazır olmağa çağırırıq.
Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir, ürəyidir.

Məlahət Abdullayeva,
“Əlillər Dünyası” qəzeti
14.10.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir