Cəmiyyət

“Qıtlığı müşahidə olunan dərmanların real qiyməti aşağı düşəcək” – RƏY + FOTO

Sharing is caring!


Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. 

Bildirilib ki, etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib. Qərar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.

Bəs görəsən, bu dərman qiymətlərinə təsir edə bilərmi? Sırf hansı dərman qrupunu əhatə edəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, məqsəd bütövlükdə dərman preparatlarının qiymətinin optimallaşdırılması və tənzimlənməsidir:

“Dərman vasitələri haqqında qanuna edilən dəyişiklikdən sonra preparatların qiymətlərinin tənzimlənməsi əsas hədəflərdən idi. Bu baxımdan Tarif Şurası tərəfindən məhz yeni dövlət qeydiyyatına alınan 202 dərman məsələsinin qiymətinin yuxarı həddinin müəyyənləşdirilməsi də həmin dəyişikliklərdən irəli gələn tələblər siyahısındadır. Məqsəd bütövlükdə dərman preparatlarının qiymətinin optimallaşdırılması və tənzimlənməsidir. Eyni zamanda bir sıra dərman məhsulları üzərində qıtlığın aradan qaldırmasından ibarətdir”.

Millət vəkili apteklərdə dərman satışında süni çətinliklər olduğunu qeyd edib:

“Siyahısı təsdiq olunan dərman preparatları daha çox istifadə olunandır. Bunun istifadə səviyyəsi nəzərə alınaraq siyahı təsdiq olunub. Eyni zamanda dərman preparatlarının bir qisminin tapılması ilə bağlı problem var idi. Qırtlıq müşahidə olunurdu.

Qiymətlərin təsdiq olunması bu məhsullar üzrə qıtlığın aradan qaldırılması və əlçatanlığının təmin olunmasına yardım edəcək. Digər tərəfdən də qiymətlərini də optimallaşdıracaq”.

“Bu addım daha çox ehtiyac duyulan və qıtlığı müşahidə olunan dərmanların real qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.  Bütövlükdə dərman bazarında bu istiqamətdə optimallaşdırma davam edəcək. Xüsusən az satılan dərman preparatlarının qiymətində azalmalar gözlənilir”, – deyə V.Bayramov əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir