Cəmiyyət

Şövqü Süleymanova hansı yüngülləşdirici cəza verilə bilər?

Sharing is caring!

Dünən tanınmış gitaraçı Nofəl Süleymanovun 17 yaşlı oğlu Şövqü tərəfindən bilmədən öldürülməsindən sonra həmin yeniyetməyə hansı cəzanın veriləcəyi ictimai müzakirələrə səbəb olub.

Vəkil Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əməl Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunur:

“Bu maddə ilə ittiham olunan şəxsi iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırmaq nəzərdə tutulub. Şövqü Süleymanov yetkinlik yaşına çatmadığı üçün ona bir ilədək islah işləri, iki ilə qədər azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrumetmə verilə bilər.

Əgər o, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilsə, cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkəcək. Cəza təyin edilərkən onun yetkinlik yaşına çatmaması yüngülləşdirici hal kimi nəzərə alınır”.

Vəkil qeyd edib ki, azadlığın məhdudlaşdırılması cəzası həbs olunmaq, cəzaçəkmə müəssisəsinə göndərilmək demək deyil:

“Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

Ehtiyatsızlıqdan adam öldürmə ilə ittiham olunan şəxslərin istintaq dövründə həbs olunması praktikada çox da rast gəlinmir. Məhkəmənin belə bir səlahiyyəti olsa da, hətta bu maddə ilə ittiham olunan yetkinlik yaşına çatmış şəxslər barəsində belə adətən digər növ tədbirlər seçilir. Şövqü Süleymanovun 17 yaşı olduğunu, yetkinlik yaşına çatmadığını nəzərə alsaq, istintaq dövründə onun həbs olunmayacağını güman etmək olar”.

Xatırladaq ki, Nizami Rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu hadisə yerində ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir