Cəmiyyət

“Sahibkarlar işçilərin maaşını ödəməklə dövlətə dəstək göstərmiş olarlar” – Ramin Əhmədov

Sharing is caring!

“Azərbaycanda koronavirusla mübarizə yüksək səviyyədə təşkil olunub. Prezident İlham Əliyevin virusla mübarizə məqsədi ilə imzaladığı sərəncamlar, fərmanlar və yaradıIan Fond dünya dövlətlərinə nümunə olacaq əhəmiyyətə malikdir. Hazırda bütün yük dövlətin üzərindədir. Dövlət həm virusun yayılmasının qarşısını alır, həm də yoluxanların müalicəsi üçün tədbirlər görür. Belə bir məqamda sözsüz ki, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Amma təəsüf ki, bəzi hallarda birliyimizə, həmrəyliyimizə kölgə salan hallara da rast gəlirik. Məsələn, son günlər özəl sektorda müəyyən ixtisarların aparıldığı barədə məlumatlar yayılıb”.

Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov dövlətin koronavirusa qarşı apardığı mübarizə fonunda bəzi sahibkarların işçiləri ixtisara salmasından danışarkən deyib.

YAP rəsmisi bildirib ki, bütün dünyada yayılan koronavirus dövlətlərin sosial və iqtisadi hədəflərində köklü dəyişikliklər edib: “Yəni, hazırda, bütün dövlətlərdə olduğu kimi Azərbaycanın da hədəfi bu bəladan minimum itki ilə çıxmaqdır. İndiki məqamda, dövlətlər sosial problemlərin həlli ilə məşqul ola bilmirlər. Çünki bütün dünyada diqqət koronavirusla mübarizəyə yönəlib. Azərbaycanda da vəziyyət eynidir. Dövlətimiz milli təhlükəsizliyi və insanların sağlamlığını qorumaq məsələsini ön plana çəkib. Lakin bununla belə sosial məsələlər də arxa plana atılmır. Dövlətimiz vətəndaşlara dəstək üçün bütün mümkün tədbirləri həyata keçirir. Belə bir məqamda dövətə dəstək olmaq, yükünün daha da artmasına şərait yaratmamalıyıq. Xüsusilə sahibkarlar öz məsuliyyətlərini dərk etməli, indiki dönəmdə dövlətə dəstək verməlidir. Məlumatlar var ki, bəzi sahibkarlar gəlirlərinin azaldığını bəhanə edərək, işçilərə maaş vermək istəmir və hətta onları ixtisara salırlar. Amma belə olmamalıdır. İndi əksinə, sahibkarlar işçilərinə dəstək olmalı, maaşlarını əvvəlki qaydada verməlidirlər. Sahibkarın işçisinə dəstəyi, birbaşa dövlətə dəstək anlamı daşıyır”.

Ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar sahibkarların da gəlirlərinin azaldığını deyən Ramin Əhmədov bildirib ki, bütün bunlara rəğmən, sahibkarlar işçilərin maaşlarını öz üzərlərinə götürməlidir: “İndiki məqamda sahibkarların öz işçilərini ixtisara salması doğru addım deyil. Hazırda dünya ölkələrindəki sahibkalar da eyni çətinliklərlə üz-üzədirlər. Koronavirus bütün sahələri iflic edib. Amma dövlətə kömək üçün sahibkarlar, işəgötürənlər işçilərini işdən azad etməməli və onların aylıq maaşlarını öz üzərlərinə götürməlidirlər. Sahibkarlar anlamalıdır ki, onlar işçilərinin 1 aylıq maaşlarını ödəməklə dövlətə böyük dəstək göstərmiş olurlar. Prezident İlham Əliyev də sahibkarları işçilərini ixtisar etməməyə çağırıb. Sahibkarlar işçiləri ilə bağlı qərar verərkən ölkə başçısının çağırışını nəzərə almalıdırlar”.

Ramin Əhmədovun sözlərinə görə, hər kəs mövqeyini ortaya qoymalı, məsuliyyətli olmalı, həmrəylik göstərməlidir: “Çətinliklərin öhtəsindən birlikdə gələcəyik. Ümid edirik ki, sahibkarların üzləşdiyi çətinliklər qısa müddət ərzində həllini tapacaq. Növbəti aylarda vəziyyətin normallaşacağı proqnozlaşdırılır. Biz xalq olaraq gücümüzü, iradəmizi, milli birliyimizi bütün dünyaya nümayiş etdirməliyik. Bunun üçün hər bir azərbaycanlı dövlətin ətrafında sıx birləşməli və bacardığı qədər dəstəyini əsirgəməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir