Cəmiyyət

Fuad Muradovla MÜSAHİBƏ! “Dəyərli qardaşım qəm yeməsin, “Fədailər” haqq yoldadır”

Sharing is caring!

XəbərAL.az saytı “Demokratik.Az” a istinadən xəbər verir ki,aim müxalifəti və xüsusilə AXC rəhbəri Əli Kərimlini tənqid atəşinə tutan, radikal müxalifətə qarşı fərdi mübarizə oluşturan “Milli Fədailər”Hərəkatı lideri Fuad Muradov qardaşı Rəhman Muradovun ittihamlarına cavab verib.
Gənc hərəkat lideri son günlər baş verən qalmaqallı davranışları və qardaşının sərgilədiyi sərt mövqeyi barədə “Demokratik.Az” saytına danışıb.
Saytın baş redaktoru, jurnalist Osman Nərimanoğlu ilə Fuad Muradovun arasında olan MÜSAHİBƏni təqdim edirik:  

– Salam Fuad bəy! Necəsiniz, qardaşınız sizə qarşı aşağılayıcı ittihamlar və arqumentlər irəli sürüb. Məlum status barədə nə deyə bilərsiniz?
– Əslində, qardaşımdı, əzizimdi deyə heç önəmsəmək istəmirəm. Nə deyim, hamısı qarayaxmadı…
– Yəni, qardaşınızın yazdıqları sizi narahat etmir, heç xətrinizə də dəyməyib ki, niyə Əli Kərimlini müdafiə edir?
– Əşşi.., dəyərli qardaşım indi qəm yeməsin, üzülməsin ki, qardaşının qəlbinə dəyib. Dəyməyib, ondan absurd fikirlərinə görə heç incimirəm. Çünki biz “Fədailər” bu dövlətin və uca millətimizin işıqlı gələcəyi üçün gərəkirsə təkcə Əli Kərimovun üzərinə yox, xaricdən Azərbaycana və ali baş komandanınıza sınıq-salxaq barmağını yelləyən ünsürlərin də üstünə gedəcəyik. Düz evlərinin önünə, düşüncəsiz beyinlərinin lap içinəcən irəliləyəcəyik. Bu, indi zamanın tələbidir, bu vətənpərvər “FƏDAİ”lərin kutsal haqq yoludur. Qoy, qardaşımın məndən istəmədiyi məhz bu olsun ki, ondan inciməyim. Qardaşımdır, amma gərək özü addımlaya bilmədiyi müqəddəs siyasi yoldan məni çəkindirməyə girişməsin!…
– Qardaşınıza qarşı arqumentlər səsləndirənə oxşamırsınız, bəlkə danışıb barışasınız. Doğmasınız, bütün məsələləri baş-başa müzakirə edəsiniz…
– Niyə də olmasın. Bugün canım atam Alikin oğlu və mənim dəyərli qardaşıma siyasi düşüncəsinə görə hücum çəkəsi deyiləm ki. Yazdığı o qramatik səhvlərlə zəngin, eləcə də öz doğmasını publika qarşısında gözdənsalma statusunu oxuduğum andan bir daha başa düşdüm ki, bu ölkədə qardaşı qardaşdan parçala biləcək çox təhlükəli müxalif siyasi cərəyan hökm sürür. Bu antimilli siyasi manqurtluğu təbliğin başında da xalqın özünə, fərdlərə qarşı belə açıq cəbhə açan radikal müxalif lider Əli Kərimlinin özü – onun sərsəm və çürük ideologiyası durur. Bilirsiniz, mənim Əlilərlə barışmaz davam bax bunun üçündür. Nəticə gözünüzün önündədi. İstəyirəm ki, parçalanmayaq, xalq və dövlətçilik üçün bir olaq. Amma təəssüf, özbəöz qardaşım indi koronavirus qədər təhlükəli bir virusun fəsadlarına – radikal Əli Kərimli azarına yoluxub. Allah bu fitrətə yuvarlananların hamısının şəfalarını versin, nə deyim axı! Qardaşımın seçiminə sayqım olmalıdır və ondan da gözləntim eynisidi.
– Sizcə, qardaşınız durub-dururkən niyə sizi aşağılamaq üçün addım atsın? Bəlkə o fikirlərində doğrudan da haqlıdır?
– Hesab etmirəm ki, tam haqlıdır. Məncə, qardaşım o həddə azarlanıb ki, cızmaqarasında mənim siyasi fəaliyyətimi atamın və cənab prezidentin nüfuzunun əleyhinə olduğunu iddia edəcək hala düşüb. Mənim özümü və hər kəsi kimdənsə tapşırıq aldığıma inandırmağa çalışır. Bu xəstə və anlaqsız yanaşma deyilmi?
– Yəni, qardaşınızın dediklərini təkzib edirsiniz?
– Əlbəttə, yazdıqları tamamilə yalandır və təşkilatımızın adına yapışmayan bir qardaş iftirasıdır. Ona qoşulanlar da bunu yaxşı dərk edir.
– Qardaşınız iddia edir ki, sizi kimlərsə öyrədir, deyir ki, sizi hansısa üzdəniraq idarə edir…
– Ayıbdır vallah. Qardaşım hesab edirsə ki, vətənimə və dövlətimə hizmət üçün kimdənsə tapşırıq almalıyam, çox yanılır. Mən və ətrafım nə zaman lazım biliriksə ölkənin siyasi quruculuğuna, dövlətçiliyimizin inkişafına xələl gətirən şəxslərə və ideoloji təbliğatlara qarşı çıxacağıq. Bu cür düşünmək və Azərbaycanda siyasi fəaliyyət göstərmək üçün mənim konstitusion haqqlarım, özgürlüyüm yoxdurmu sizcə də?! Bəlkə, 90-cı illərdə yarıtmaz hala gətirdiyi köhnə hakimiyyətini qamarlamaq üçün məhz İlham Əliyevin şəxsinə qarşı dövlət müstəqilliyimizi və milli dəyərlərimizi qamçılayan Əli Kərimliyə qoşulmalıyam? Mən də radikal müxalifətçi olmalıyam? Mənim siyasi əqidəm və baxışlarım mərhum Heydər Əliyevə və onun layiqli varisi olan cənab prezidentimə sevgi ilə cərəyan edirsə, Əliyevin siyasi kursunu dəstəkləyirəmsə bu cinayətdirmi?
– Demək ki, Əli Kərimliyə qarşı aqressiyanız var?
– Aqressiya deməyək. Əslində Əli Kərimli kimi yarıtmaz bir müxalifətçi partiyasının rəhbərliyindən çoxdan istefasını verib getməliydi, o partiya daha sivil müxalif partiya kimi inkişaf edə bilərdi. Etmir, 20 ildir partiya sədri kimi eyni havanı çalır, amma anlamalıdır ki, ideyaları tarixin zibilliyinə çoxdan gömülüdür.
– Siz niyə çağırış etmisiniz və Əli Kərimlinin evinin önünə getməmisiniz?
– Bu da yalandır. Bəlkə qardaşım bilmir, mənim AXC lideri Əli Kərimlinin evi qarşısında mitinq çağırıb gizlənəcək şakərim heç zaman olmayıb. İndi də yoxdur. Bəli, belə bir çağırışı etmişəm və sözümün ağası olub ta o Əli Kərimlinin evinin qarşısınacan şəxsən gedib onun siyasətinə narazılığımı bildirmək istəmişəm. Lakin, müəyyən qarşıdurmalardan qaçmaq üçün təşkilatımın etirazının alovlanmasını, Əli Kərimliyə olan kütləvi nifrəti görüb prosesi dərhal durdurmuşam. Əgər bunu qaçmaq, gizlənmək adlandırırlarsa, bu mənim Əli Kərimliyə olan siyasi güzəştim olsun!..
– Bir də, vətəndən qaçmağı, hicrət etməyi heç düşünürsünüzmü?
– Mən niyə qaçmalıyam axı? Sivil siyasi fəaliyyətimi davam etdirməyi düşünürəm həmişə. Əli Kərimliyə və hansısa müxalif siyasi alverçilərə görə qaçacaq son kişilər “FƏDAİ”lərdir. Bir də qardaşım çağırış edib ki, məni araşdırsınlar. Buyursunlar məni araşdırsınlar, dövlətimdən və millətimdən gizli-saklı işim yoxdu. Etdiklərim və siyasi düşüncələrim cinayətdirsə, cəzasını həmən çəkməyə hazıram.
– Qardaşınıza son olaraq nə deyərdiniz?
–  Ona sağlam əqidə və siyasi mübarizə, dönməzlik arzu edirəm. Hər çətinliyə sinə gərmək liderlərin işidir. Qardaşım məni nə qədər küçümsə də, o özü milli fədailər hərəkatınin fədakar lideri Fuad Muradovun sevimli qardaşı kimi insanların beyninə həkk olunacaq. Bizi fərqli siyasi düşüncə yox, doğmalıq, eyni qan bağlayır. Sağ olsun, var olsun!
– Açıqlamalarınız üçün minnətdarlığımı bildirirəm.
– Mən də belə həssas münasibətinizə görə “Demokratik.Az” saytına təşəkkürümü bildirirəm.
Fuad Muradovla söhbətləşdi: Osman Nərimanoğlu

XəbərAL.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir