Cəmiyyət

Fəzail Ağamalıdan Yurd Sevgisi

Sharing is caring!

Fəzail Ağamalı qızı Günay Ağamalı, nəvələri Nigar, Leyla, Ruslan ilə Naxçıvan Muxtar Respublikasının Batabat yüksəkliyində. Bu yüksəklikdən doğulduğu doğma yurdu Zəngəzuru seyr edərək, kövrək duyğularını qələmə aldı.. Yazını bir daha təqdim edirik

YURD SEVGİSİ…

Yenidən Naxçıvandayam. Təyyarədən enəndə həmişə olduğu kimi, şirin ləhcəli liman işçiləri yüksək mədəniyyətlə bizi qarşıladılar. Təyyarə limanından Naxçıvan şəhərinin mərkəzində yerləşən üzü Təbrizə boylanan “Təbriz” otelinə doğru yol boyu insanın ruhunu dincəldən səliqə-səhman, yaşıllıqlar, meyvə və dekorativ ağaclar, gül-çiçək zolaqları diqqəti cəlb etməkdə idi.

Oteldə bütün qonaqlar kimi, bizi də mehribanlıqla qarşıladılr. Otelin bütün personalında yüksək mədəniyyət və diqqət həyat normasına çevrilən iş prinsipidi.

İlk olaraq Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edirik.

Əshabi-Kəhf ziyarətgahına gedən yol rahat və ətrafı meyvə ağacları ilə əhatə olunub. Ziyarətgahın işçiləri zəvvarları qonaqpərvərliklə qarşılayır və lazım gələn xidməti göstərirlər. Gündə yüzlərlə inanclı insanlar bu müqəddəs ocağa ümidlə gəlir, onu ziyarət edir və ümidlə geri qayıdırlar.

Hər il artıq, ənənə şəklini alan Naxçıvan səfərimdə Muxtar Respublikanın yüksək peşəkarlıqla restavrasiya edilən təkrarsız tarixi abidələrini – Nuh, Möminə xatun və Yusif İbn Quseyr türbələrini, Xan sarayını, Əlincə qalası və Əlincəçay xanəgahını, Qarabağlar türbəsini ziyarət etməklə yanaşı, mütləq mənada Muxtar Respublikanın incisi olan və dəniz səviyyəsindən 2200-2500 metr hündürlükdə yerləşən Batabata getməyi vacib sayıram. Bura getməklə təkcə bu əsrarəngiz və təkrarsız təbiət möcüzəsinin gözəlliklərindən zövq almaq, buz kimi sərin “Zor” bulağından doyunca su içməklə kifayətlənmirəm, həm də doğulub böyüdüyüm tarixi Azərbaycan yurdu olan Zəngəzur mahalının, onun bir parçası kimi Sisian və doğma kəndim Şıxların sərin mehlə Batabata doğru axıb gələn havasını acgözlüklə udmaq istəyirəm.

Bu səfərimdə də Batabata getdim və qərara aldım ki, onun uca yerlərindən birindən doğma türk yurduna göz gəzdirim, havasını ciyərim dolusu udum və onunla təmasda olum.

Bəlli olduğu kimi, düşmən Ermənistanla həmsərhəd olduğu üçün həmin yüksəkliklərə getmək yasaqdır və orada Milli Ordumuzun qəhrəman övladları vandalların hərəkətlərini izləmək və sərhədlərimizin toxunulmazlığını qorumaq üçün fasiləsiz keşik çəkirlər, həm də bütün növ silah-sursatla!

Yaxınlaşıram. Özümü təqdim edirəm. Əsl zabit görkəmli mayor məni dinləyir, nəzakətlə “komandanlığa məlumat verim, cavabını Sizə deyərəm” söyləyir. Təqribən yarım saatdan sonra telefonuma zəng gəlir və biz hərbi məntəqəyə dəvət olunuruq. Hərbi hissənin komandiri, polkovnik bizi mehribanlıqla qarşılayır və birlikdə dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən səngərə doğru qalxır, səngərlə irəliləyir və nəhayət, polkovnikin məsləhət bildiyi nöqtədən durbinlə yurdumu seyr edirəm. lənətə gəlmişlərin işğal etdiyi Zəngəzurun ən uca dağı olan “İşıqlı”, Laçın və Kəlbəcər dağlarına baxır, içimdən qarşısıalınmaz intiqam hissi əsəblərimi tarıma çəkir.

Nəvələrimlə Şıxlar və onunla bağlı uşaqlıq xatirələrimin fraqmentlərini, erməni və onları himayə edənlərin xalqımıza qarşı törətdikləri vəhşilikləri bölüşür, onların qan yaddaşına əyani olaraq faktları həkk etməyə çalışıram.

10 yaşlı nəvəm Ruslan çox həyəcanlanır və “böyüyüm, bura gələcəm və baba, erməniləri öldürəcəm və sənin kəndini azad edəcəm” söyləyərkən mənim kövrəldiyimi görməsinlər deyə üzümü kənara çevirirəm, polkovnik isə onu qucaqlayıb anlından öpür və onunla şəkil çəkdirmək qərarını verir.

Tarixi torpaqlarımızı birləşdirən yüksəkliklə vidalaşarkən bir bayatını kimsənin eşitməyəcəyi halda əsən sərin mehlə doğma Zəngəzuruma göndərdim.

Əzizinəm dərd çəkər,
Dərdi olan dərd çəkər.
Yurdu viran qalanın,
Gözlərinə qan çökər.

Sanki, sonuncu dəfə 1988-ci ilin avqustunda Şıxlarla, bütövlükdə Zəngəzurla vidalaşmaq istəmədiyim anlar kimi 2300 metrlik zirvəni də eyni hisslərlə, kövrəlmiş halda tərk edirəm. Lakin içimdəki əminlik mənə təsəlli verir. Verir ki, biz yenidən sahibini gözləyən o, müqəddəs torpaqlara qayıdacağıq, həmişəlik, sonsuzluğa qədər!

Beləcə, Vətənin uca zirvələrindən birilə vidalaşıb, Zor bulağa enib, onun sərin suyulə əsəblərimə və ürəyimə rahatlıq gətirərək Naxçıvana doğru yol aldıq, yolüstü “Uzunoba” gölünün sahilindəki restoranda şam edərək, bizi gözləyən “Təbriz”imizin doğma qucağına qayıtdıq.

Mənə və övladlarıma yurdumun havasını udmaq imkanı yaratdığına görə çox hörmət bəslədiyim, haqlı olaraq hər birimizin düşüncələrində və qəlbində Vətənsevər, dövlətçiliyimizə son dərəcə sadiqlik statusu qazanan general-leytenant, müdafiə nazirinin müavini, Əlahiddə Ümum Qoşun Ordusunun Komandanı Kərəm Mustafayevə təşəkkürümü bildirməyi özümə mənəvi borc hesab etdim, həm də mənim üçün ideallaşan generallarımızdan biri kimi onunla görüşmək, söhbətləşmək istəyi də ciddi idi.

Qərargaha getdim, özümü təqdim etdim, 5-10 dəqiqəlik protokol qaydalarından sonra Generalla görüşdük. Məni Generallara məxsus, təbəssümsüz, ancaq səmimi qəbul etdi. Biz, tam dəqiqliklə deyə bilərəm ki, 1 saat 25 dəqiqə söhbətləşdik və 21.30-da sağollaşdıq. Onunla söhbətimdə Kərəm Mustafayevin olduqca ağıllı, təmkinli, həm də hərbiçiyə üstünlük gətirən strateq istedadının şahidi oldum. Və bir daha əmin oldum ki, Ali Baş Komandan, cənab prezidentimizin rəhbərliyilə peşəkar, vətənpərvər və igid generallarımız, zabitlərimiz və əsgərlərimizin qəhrəmanlığılə çox keçməyəcək ki, düşmənlərə qan udduracaq və iki əsrdən çox davam edən erməni vandalizminə son qoyacağıq.

Naxçıvanı, bu qədim, əzəli və əbədi yurdumuzu, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə torpaqlarımızı vampir düşməndən qoruyan Biləsuvarlı mayoru da, Laçınlı polkovniki də, (adlarını və soyadlarını düşünərək çəkmirəm) Naxçıvan Muxtar Respublikasında zabit və əsgər kimi xidmət edən oğullarımızı da, onlara çox böyük diqqət yetirən general-leytenant Kərəm Mustafayevi də, Naxçıvanı alınmaz qalaya çevirən, onu gül çiçəklə, ən ucqar kəndini məktəblə, işıqla, təbii qazla təmin edən, təkcə magistralları deyil, həm də bütün kəndlərə gedən yolları yüksək səviyyədə asfaltlaşdıran, Muxtar Respublikanın istisnasız olaraq bütün kəndlərində, rayon mərkəzlərində, Naxçıvan şəhərində sözün bütün mənalarında ideal təmizlik mühüti yaradan, hətta öz ailəsi də daxil olmaqla hamıya eyni münasibət formalaşdıran görkəmli dövlət xadimi, dəyərli həmkarım, çox-çox hörmət etdiyim tələbəm Vasif Talıbovu da xoş hissilə tərk edirəm.

Fəzail Ağamalı
Millət vəkili,
Tarix elmləri doktoru, professor

11 iyul 2019-cu il

Fəzail Ağamalı adlı şəxsin şəkli.
Fəzail Ağamalı adlı şəxsin şəkli.
Fəzail Ağamalı adlı şəxsin şəkli.
Fəzail Ağamalı adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.