Cəmiyyət

Polis məktəbliləri mükafatlandırdı

Sharing is caring!

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hənifə kənd tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Yol hərəkəti qaydalarına riayət edək” mövzularında maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Polis Şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxış edən Balakən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mehman Əliyev mövzular ətrafında gənclərə geniş məlumat verib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsinin və asudə vaxtlarının səmərəli keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlardan söz açan şöbə rəisi hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən danışıb.
RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov narkotik bəlası ilə mübarizədə ictimaiyyətin fəallığını xüsusi qeyd edib. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılmaqla yanaşı gənclər qarşısında maarifləndirmə məqsədli tədbirlər keçirildiyini də diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dövlət Yol Polisi bölməsinin rəisi Babək Dadaşov yol hərəkəti qaydaları mövzusunda çıxış edərək belə tədbirlər keçirməkdə əsas məqsədlərinin azyaşlıların iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin öyrədilməsi olduğunu bildirib.
Mövzular ətrafında keçirilən inşa müsabiqəsinin qaliblərinə RPŞ-nin rəisi Mehman Əliyev müxtəlif hədiyyələr təqdim edib, onlara dərslərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.