Cəmiyyət

Jurnalistin atası məntəqə üzvlərini təhqir etdi və saxlanıldı

09.02.2020-ci il tarixdə, seçki prosesi zamanı 29.11.1966-cı il təvəllüdlü, Şirvan Telekommunikasiya Qovşağında montyor işləyən, Şirvan şəhəri Energetik küçəsi – 2, ev 2-31 ünvanında yaşayan Nadirov İslam Ağalı oğlu yüksək miqdarda spirtli içkinin təsiri altında 46 saylı Şirvan Dairə Seçki Komissiyasının 32 saylı məntəqəsinin yerləşdiyi binaya yaxınlaşaraq məntəqə üzvlərini təhqir etmişdir. Baş vermiş hadisə məntəqə sədri tərəfindən aktlaşdırılmış və təhlükəsizlik tədbirləri ilə bağlı əraziyə cəlb olunmuş polis əməkdaşlarına təqdim edilmişdir. Polis əməkdaşları İ.Nadirovu Şirvan ŞPŞ-yə dəvət etsələr də, sonuncu tabesizlik nümayiş etdirmişdir. Bununla əlaqədar olaraq, İ.Nadirov saxlanılmış və ona İXM-in 535.1-ci maddəsinə (polisin qanunu tələbinə tabe olmama) uyğun olaraq məhkəmənin qərarı ilə14 sutka inzibati həbs cəzası verilmişdir.
Qeyd etmək lazımdır ki, İ.Nadirov “Kanal13 tv” xəbər agentliyində analitik vəzifəsində çalışan Nadirli İsmayıl İslam oğlunun atasıdır. Bununla əlaqədar olaraq, İ.Nadirli atasının saxlanılmasını özünün “seçki saxtakarlıqlarına” qarşı çıxması və vəkil kimi toxunulmazlığının olması ilə əlaqələndirmiş və məsələ ilə bağlı ətrafda söhbətlər aparmış, “Facebook” sosial şəbəkəsində statuslar paylaşmışdır.