Cəmiyyət

Azərbaycanda sabiq məhkəmə sədrinə qarşı külli miqdarda dələduzluq edilib

Sharing is caring!

Vaxtilə dələduzluqda ittiham olunaraq məhkum edilmiş sabiq prokuror Mirələkbər Seyidov yenidən cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq prokuror iki nəfərə yalan vəd verməklə 270 min dollar almaqda ittiham olunur.

İş üzrə zərərçəkmiş şəxslərdən biri əvvəllər Binəqədi Rayon Məhkəməsinin sədri olmuş Həsən Əliyevdir.

İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə eyni rayonun hakimi Həsən Əliyevə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək onun rayonlardan birinin məhkəməsinə sədr təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verib. O, bunun üçün sabiq hakimdən 200 min dollar pul alıb.

Bundan başqa, Mirələkbər Seyidov tanışı Tahir Hüseynovun 70 min dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Qeyd olunan əməllərə görə Mirələkbər Seyidov bir müddət əvvəl cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttiham olunan Mirələkbər Seyidov iş üzrə zərərçəkmiş Həsən Əliyevə dəymiş ziyanı ödəyib, tərəflər arasında barışıq əldə olunub. Digər zərərçəkmiş şəxsə dəymiş ziyan isə ödənilməyib.

Mirələkbər Seyidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun icraatına verilib.

Xatırladaq ki, həm sabiq prokuror Mirələkbər Seyidov, həm də zərərçəkmiş sabiq hakim Həsən Əliyev əvvəllər ayrı-ayrı işlər üzrə dələduzluqda təqsirli bilinərək məhkum olunublar.

Binəqədi və Ağdaş rayonunun prokuroru olmuş Mirələkbər Seyidovun işinə 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ona şərti cəza verilib.

Sabiq hakim Həsən Əliyev isə 2014-cü ildə dələduzluq yolu ilə pul ələ keçirmə ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub.

O, bundan sonra Prezidentin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad olunub. Sabiq hakim 2015-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir