Cəmiyyət

Aliment Fondunun yaradılması həm çox həssas, həm də vacib bir məsələdir – Təranə Paşayeva

Sharing is caring!

Çox təəssüflər olsun ki, bugün gündəlik həyatımızda qarşılaşdığımız xoşagəlməz hallardan biri də boşanmalar zamanı yaranan alimentlərin vaxtı-vaxtında ödənilməməsi və ya ümumiyyətlə verilməməsi problemidir. Təkcə ötən ilə nəzər salsaq görərik ki, 2021-ci il ərzində 17 mindən çox boşanma halları qeydə alınıb və boşanan tərəflərin müəyyən hissəsinin övladları var. Başqa sözlə, boşanma mərhələsində aliment məsələsi ortaya çıxır.

Günümüzdə qarşılaşdığımız digər mənfi tendensiyalardan biri də boşandıqdan sonra ataların məhkəmə qərarı ilə övladları üçün müəyyən edilən alimenti verməkdən boyun qaçırmasıdır. Doğrudur, yetərincə atalar vardır ki, təyin olunan alimenti ödəyir, amma bundan imtina edən şəxslər də kifayət qədərdir. Bununla onlar həm maddi, həm də mənəvi öhdəlikdən boyun qaçırmağa çalışırlar.

Təbii ki, belə olan təqdirdə ən böyük əziyyət ayrılan anaya və övladlara düşür. Bir faktı da qəbul etməliyik ki, bugün heç də ayrılan bütün xanımlar özlərinə orta və yüksək gəliri olan iş yeri tapa bilmir və ya ümumilikdə müəyyən səbəbdən işləyə bilmirlər. Sabit gəliri olmayan, övladlarının xərclərini qarşılaya bilməyən bəzi analar ciddi psixoloji problemlər yaşayırlar. Xüsusilə onlarda ən çox qarşılaşılan hallar sırasında stress, depressiv hallar, özünütəcrid etmə, aqressiyaya meyillilik müşahidə olunur. Bəzən isə əfsuslar olsun ki, onlar bu yükün altından qalxa bilməyəcəyini düşünür, intihar edir, həyatlarına qəsd edirlər.

Digər tərəfdən hələ ayrılmamış, ailə mühitində olan uşaqlar ata və anaları ayrıldıqdan sonra, həm maddi, həm mənəvi, həm də psixoloji problemlər yaşamağa məcbur olurlar. Bir müddət öncəyə kimi valideynləri yanında olan, onların istədiklərini valideynləri qarşılayan uşaqlar boşanma mərhələsindən sonra tam başqa mühitə düşürlər. Valideynlərinin biri yanında olmayan, yaranan xoşagəlməz səbəbdən əvvəlki kimi həyat tərzini yaşamayan həmin uşaqlar ciddi psixoloji çətinliklərlə qarşılaşırlar.

Bir psixoloq kimi qeyd etməliyəm ki, yetərincə olmayan qayğısızlıq, əvvəlki kimi olmayan diqqətsizlik, maddi sıxıntılar həmin uşaqların psixologiyasına birbaşa və ya dolayı formada təsirini göstərməyə başlayır.

Apardığımız müşahidələr və bizə bu istiqamətdə edilən müraciətlər göstərir ki, həmin uşaqlarda bir qayda olaraq aqressiya, stresə meyillilik, asosiallıq, özünütəcrid etmə, özgüvən yetərsizliyi, natamamlıq kompleksi, depressiv hallar və digər psixoloji narahatlıqlar üzə çıxır.

Xüsusilə erkən yaşlarla müqayisədə böyüdükcə həmin uşaqlar daha çox ata və ana qayğısından məhrum olduqları üçün cəmiyyətdə dəyərsiz, kimsəsiz, əzilmiş kimi hiss edirlər. Yaşıdlarının həyat tərzi, onların tam ailə tablosunu gördükdə, ata və ana nəvazişini hiss etdikdə, özlərində bu hissləri yaşaya bilmədikləri üçün məhz uşaq vaxtından psixoloji travma ilə üzləşirlər və bu fəsadlar həyatlarının sonrakı mərhələlərində müxtəlif formalarda üzə çıxır.

Bugün bu kimi mənfi hallarının qarşısının alınması üçün bir sıra xüsusi məsələlərdə, həmçinin övladına görə təyin olunan aliment verilməsindən imtina edən şəxslər üçün dövlətimiz tərəfindən yeni qərarların verilməsi, nəzarətin daha da gücləndirilməsi labüd məsələyə çevrilir.

O cümlədən, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən təqdirəlayiq bir təşəbbüs kimi dəstəklənən Aliment Fondunun yaradılması həm çox həssas, həm də vacib bir məsələdir. Beynəlxalq təcrübə və gündəlik müşahidələr də göstərir ki, Aliment Fondunun yaradılması ilə bu istiqamətdə qarşılaşdığımız xoşagəlməz hallar azalacaq, aliment verməli şəxslər öz məsuliyyətlərini dərk edəcək və vaxtında onlara təyin olunan məbləği ödəyəcəklər. Həmin şəxslər unutmamalıdır ki, onların ödədikləri aliment doğma övladlarının rahat, firavan şəkildə yaşaması üçündür.

Aliment Fondunun tez bir zamanda effektiv nəticələr verməsi, ölkə ərazisində kütləvi təbliği üçün hüquq-mühafizə orqanları, aidiyatı qurumlarla yanaşı, vətəndaş cəmiyyətləri, müxtəlif özəl və dövlət qurumları, cəmiyyətin hər bir üzvü aktiv şəkildə öz dəstəyini göstərməlidir.

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir