Cəmiyyət

Ana dilimiz milli-mənəvi sərvətimizdir

Sharing is caring!

  Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Çünki həmin tarix milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. 
  Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin gözəl bilicisi, mahir natiq ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoyub. Müstəqil dövlətimizin 1995-ci ildə qəbul edilən ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edilib. 
  Ümummilli lider Heydər Əliyevin “Dövlət dili işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı, yeni əlifbaya keçidin 2001-ci ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi çox möhtəşəm tarixi hadisələr idi. Ulu öndər 2001-ci il avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında fərman imzaladı. Həmin fərmanla avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bundan sonra hökumət səviyyəsində 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır.
  Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" - söyləyən Heydər Əliyev yürütdüyü dil siyasətində həmişə çalışırdı ki, gənc nəsildə bu cür nəcib hisslərin tərbiyə edilməsi ön planda olsun. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi bütün fikirlərdə, çıxış və məruzələrində həmişə böyük mənalar duyular, müdriklik hiss edilərdi: Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına güclü təkan verdi. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçımız dəfələrlə vurğulamışdır ki, bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.
  Qeyd edək ki, indi ölkəmizin sərhədlərindən kənarda da Azərbaycan dilində danışan milyonlarla soydaşımız yaşayır. Qürur duyuruq ki, Azərbaycan dili beynəlxalq tribunalardan eşidilir. Azərbaycan Respublikasının Dövlət Himni məhz bu dildə bütün dünyada səslənir. Öyünürük ki, ölkəmiz dünya birliyində layiqli yer tutur. Ana dilimizdə isə dünya elminə, ədəbiyyatına töhfə verən əsərlər yaradılır. 
  Xalqımızın əbədiyaşarlığına xidmət edən Azərbaycan dili min illərin burulğanından çıxaraq müasir dövrümüzə çatıb. Babaların əmanət qoyub getdiyi və əsrləri adlayan ana dilini biz də gələcək nəsillərə ötürməliyik. Milli-mənəvi sərvətimiz olan ana dilimizin keşiyində dayanmaq, onu yad təsirlərdən qorumaq hər birimizin müqəddəs borcudur. Ana dili yaşayırsa, Vətən də, xalq da yaşayır. 

Fərqanə Məmmədova
YAP Cəlilabad RT üzvü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir