Cəmiyyət

AZƏRBAYCANDA PANDEMİYA ƏLEYHİNƏ CİDDİ MÜBARİZƏ APARILIR

Sharing is caring!

Azərbaycan yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizəyə erkən başlayan ölkələr sırasındadır. Prezidentimiz İƏT Sammitindəki çıxışında göstərmişdir ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Ölkəmiz pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Prezident İlham Əliyev bəyan etmişdir ki, dövlətimiz koronavirus pandemiyasına qarşı sistemli şəkildə mübarizə aparmaqla üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Bundan əvvəl də Prezident öz çıxışları zamanı dönə-dönə bildirib ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması hər şeydən öndədir. Biz vətəndaşlar bunu hər gün, hər saat aydın görürük.

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Hökumətimiz ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,9 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib. Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Bizimçün xoşdur ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonumuzda da peyvəndləmə davam etdirilir.
Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanın çoxşaxəli humanitar siyasət yürütdüyünü qeyd edən Prezident İlham Əliyev öz çıxışında deyib ki, vətəndaşların həyatının mühafizəsi birinci dərəcəli vəzifədir, bununla bağlı müəyyən edilmiş kurs dəyişməz olaraq qalır. Ümid edirik ki, dövlətimizin gördüyü tədbirlər nəticəsində tezliklə bu bəladan xilas olacağıq.Mahir Fətullayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir