Cəmiyyət

ÖLKƏMİZİN MÖVQEYİ QOŞULMAMA HƏRƏKATI
TƏRƏFİNDƏN DƏSTƏKLƏNİR

Sharing is caring!

Qısa əməkdaşlıq dövründə Azərbaycan və Qoşulmama Hərəkatı bir-birinə qarşılıqlı dəstək nümayiş etdirib. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. O cümlədən ölkəmizin keçmiş Ermətistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi Qoşulmama Hərəkatının sənədlərində daim dəstəklənib. Quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb.
Xatırladaq ki, Qoşulmama Hərəkatı 18 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində iki ölkə arasındakı dövlət sərhədində törətdiyi hərbi təxribata dair Kommünike qəbul edib və Ermənistanın silahlı hücumunu kəskin şəkildə pisləyb.
Qurum Azərbaycana dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də davam etdirib, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən xüsusi sənəd qəbul edib.
Prezident İlham Əliyev öz çıxışında Vətən müharibəsi zamanı baş vermiş konkret məqamları xatırladıb. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının üzvü olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişlər. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olmuşlar. Prezident İlham Əliyev bildirib ki, biz Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk.
Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir. Çox doğru olaraq qurum ölkələrinin ədalətli mövqeyi ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul olunur.
Reallıq budur ki, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə Prezidenti məlum çıxışında səsələndirdiyi çağırışlarla, bəyanatlarla bir daha dünyaya çatdırdı ki, həqiqətlərə ədalət meyarından yanaşmaqla dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq mümkündür.
İlkin Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir