Cəmiyyət

Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır

Sharing is caring!

“Azərbaycanın iqtisadi tərəqqisinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açan, əbədi müstəqilliyimizi, xalqımızın yüksək rifahını təmin edən və dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirakı ilə  tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından 27 il  otür.  O vaxtdan bu günədək ulu öndər  Heydər Əliyevin müəllifi olduğu  yeni  neft strategiyası uğurla icra edilir. Bu strategiyanın uğurla reallaşması fonunda Azərbaycanın enerji sektorunda mühüm hadisələr baş verir, neft gəlirlərinin  qeyri-neft sektorunun inkişafına yönəldilməsi  ölkəmizin hərtərəfli inkişafını təmin edir. Sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Bir sözlə, beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi gündən-günə möhkəmlənir. 

Əgər 1994-cü ildən indiyədək ölkəmizin neft-qaz sektorunda inkişafın xronologiyasına nəzər yetirsək    bunun yalnız uğurlar xronologiyası olduğunu görərik. Ümummilli Liderin adı ilə bağlı olan Azərbaycanın yeni neft strategiyasının uğurlu icrası qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır.  27 illik təcrübə göstərir ki, “Əsrin müqaviləsi”  Azərbaycanın bugününü və gələcəyini təmin  etməyə qadir olan yüksək potensiala malik layihədir. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi başlayıb. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış  Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, “XXI əsrin kontraktı” adlandırılan   “Yeni əsrin müqaviləsi”ndən gedir.  Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti  2050-ci ilə qədər uzadılıb. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyata keçirilən, müəllifi ulu öndər Heydər Əliyev  olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir.”

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.  

V.Rəhimzadə qeyd edib ki, sonrakı illərdə xarici şirkətlərlə  “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. “Əsrin müqaviləsi” hazırda  həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada  əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda,  qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı.

YAP Xətai rayon təşkilatının sədri  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və  qurucusu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi kimi diqqətə çatdırıb: “Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib  səylərin, təcrübə mübadiləsinin  birləşdirilməsi fonunda  “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla  xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyük inamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür.”

V.Rəhimzadə  ulu öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətinin  nəticəsi olan “Əsrin müqaviləsi”nin  müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə neft siyasətinin uğurla həyata keçirilməsi  enerji layihələrinin xronologiyasında da özünü qabarıq şəkildə  göstərir. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə 2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında  bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi.

Göründüyü kimi, Azərbaycanın  enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir. Bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır.  Ümummilli Liderin Fərmanı ilə “Əsrin müqaviləsi”nin imzalandığı tarixin-20 sentyabrın Neftçilər Günü peşə bayramı kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu  da xüsusi vurğulamaq gərəkdir  ki, dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün  ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu   investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə  möhkəmləndirməklə modern quruma çevrilib.”

“Atılan hər bir addımın əsasında  Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, sosial təminatın yüksəldilməsi, iqtisadi inkişafın dayanıqlı olması dayanır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, neft gəlirlərini qeyri-neft sektorunun inkişfına yönəltməklə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini açıqladı: “Heç də təsadüfi deyil ki, “Əsrin müqaviləsi” Azərbaycanın hər bir regionunun inkişafında təkanverici rol oynayıb. Məhz neft gəlirlərini ölkənin tərəqqisinə, xalqın, xüsusilə bölgələrdə yaşayan əhalinin maddi rifah halının daha da  yüksəldilməsinə yönəltmək məqsədilə regionların  sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunub. Onlardan üçü artıq uğurla reallaşdırılıb. Dövlət proqramları çərçivəsində regionlarda müasir infrastruktur formalaşdırılıb, yeni iş yerləri açılıb.”

Hazırda ölkəmizin həyatında yeni mərhələnin başlandığını diqqətə çatdıran  Vüqar Rəhimzadə qeyd edib  ki, erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında  ulu öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı: “Fərəhli haldır ki, bu gün qalib ölkədə enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Uli Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan, Azərbaycan xalqının bügünkü və gələcək nəsillərinin rifahına  xidmət edən bu vəsaitlər hesabına ölkənin hərtərəfli inkişafını şərtləndirən sosial-iqtisadi layihələr uğurla  həyata keçirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edərkən son 27 ildə görülən genişmiqyaslı işlərə, xüsusilə xalqımızı bütün dünyada şöhrətləndirən İkinci Qarabağ müharibəsindəki  tarixi Zəfərimizə əsaslanaraq sonsuz qürur hissi və fəxrlə deyirik ki, “Əsrin müqaviləsi” Azərbaycanın nəhəng iqtisadi və maliyyə imkanlarının  təqdimatıdır. Bir sözlə,  “Əsrin müqaviləsi” bu gün Azərbaycana əldə etdiyi uğurları daha da inkişaf etdirmək imkanı qazandırır və  gələcəkdə də belə olacaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir