Cəmiyyət

QÜRURUMUZ VƏ BAYRAĞIMIZ YÜKSƏKLƏRDƏDİR

Sharing is caring!

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Həyatımıza bir sıra çətinliklər gətirən, dünyada ayrı-ayrı ölkələrin ciddi sosial-iqtisadi problemlərlə üzləşdiyi indiki pandemiya dövründə respublikamızda qısa müddət ərzində hər cür rahatlıqlara malik böyük bir yaşayış kompleksinin tikilərək şəhid ailələrinin və qazilərin ixtiyarına verilməsi sıradan bir hadisə deyil. Bu fakt bir tərəfdən Azərbaycan dövlətinin gücünü göstərir, digər tərəfdən isə ölkəmizdə aparılan siyasətin mahiyyətini əks etdirir. Azərbaycanda bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Ancaq orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil və avtomobil verilmir.
Bizdə isə 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub – 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib. Xocasəndə şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi istifadəyə təhvil verilib. Kompleks 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var.
Azərbaycan Prezidentinin bu günlərdə gördüyü tədbirlər millətin varlığının, onun dövlət qurmaq bacarığının simvoludur. Görürük ki, bizim də dünya ailəsində sayılıb-seçilən dövlətimiz var. Söhbət əsrlər uzunu imperiyalar, dövlətlər quran, dünyaya mədəniyyətlər bəxş edən ləyaqətli, qürurlu bir millətin yaratdığı dövlətdən gedir. Biz Vətən müharibəsində bir daha öz bayrağımızı yüksəltdik və bu bayraq indi dünyada bir çoxlarının gözünü deşir. Bu bayrağı aparan yollar möhtəşəmdir. Bunlar bir-iki günün və hərbi əməliyyatların davam etdiyi günlərin daxilində baş verən proseslər deyil. Bu yolu qət etmək üçün Ali Baş Komandanımız uzun illər vaxt sərf edərək həm iqtisadiyyatı, həm də ordunu gücləndirdi, Azərbaycan, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində ciddi addımlar atdı, mövqelərimizi möhkəmləndirdi.
Fikir verin, Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, müharibənin gedişində Ermənistan tərəfindən hərbi cinayətlər və dinc əhalinin atəşə tutulması davam etdirildi. O günlər ərzində bir daha gördük ki, Ermənistan ötən 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində imiş. Mülki vətəndaşlarımızın beynəlxalq miqyasda qadağan olunmuş raketlərlə hədəfə alınması və dinc əhalinin daima atəş altında saxlanılması onların riyakar planlarının bir hissəsi idi.
Bütün bunlara baxmayaraq gələn bəla qarşısında məğrur dayanan, özünün Ali Baş Komandanına və ordusuna güvənən Azərbaycan xaqlı düşmənin bütün planlarını alt-üst etdi. Bu aspektdən əldə olunan nəticə böyük uğurdur. Baxın, Ermənistan əslində daha öncə təklif olunan şərtlərlə razılaşıb, kapitulyasiyanı qəbul edib daha az itkilərə yol verərək bu prosesdən çıxa bilərdi. Təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyinin və ultra-millətçi ermənilərin düşüncəsi buna çatmadı. Özgələrinin torpağında gözü olan bu toplum həm də mütləq cəzalanmalı idi ki, reallığın nədən ibarət olduğunu başa düşsün və anlasın ki, başqa xalqın torpaqlarını mənimsəmək yolverilməzdir. Qonşularla sülh şəraitində yaşamaq lazımdır.
Arzu edirəm ki, cənab İlham Əliyevin komandanlığı altında Qarabağda ucalan bayrağımız hər zaman yüksəklərdə dalğalansın!
Ağaxan Ağayev, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdir əvəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir