Cəmiyyət

ÖLKƏLƏRİN İNKİŞAFINDA YENİ ƏMƏKDAŞLIQ DÜSTURU

Sharing is caring!

Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. 2020-ci ildə işğal olunmuş Qarabağ torpaqlarının əks hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi əməliyyatları zamanı Türkiyə dövlətinin və onun prezidenti möhtərəm Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Qardaş dövlətin diplomatlarının bu istiqamətdə bizə verdiyi dəstək uzun illər sonra da mütəxəssislər tərəfindən öyrənilməlidir.

  Bölgənin yeni inkişaf dövrü başlayıb. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaqdır. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcəkdir.
   Mustafa Kamal Atatürkün bu gün dillər əzbəri olan “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” bəyanatı, Ümummilli Lider Heydər Əliyevin “biz bir millət-iki dövlətik” kəlamı, Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” cavabını verməsi, dünya ölkələrinin erməni işğalına reaksiya vermədiyi dövrlərdə Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” sözləri qarşılıqlı dəstəyin ən bariz nümunələridir.
 Azərbaycan-Türkiyə birliyini, tərəflərinin bir-birinə verdiyi güclü dəstəyi dünya yalnız Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı görməyib. Bu dəstək tarixin bütün dönəmlərində, hər zaman, hər sahədə hiss edilib. İki qardaş ölkə mənəvi, siyasi baxımdan bir-birlərinin yanlarında olduqlarını daim nümayiş etdiriblər.
   Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın  yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağı gözlənilir. Bütün bunlar hər bir azərbaycanlı kimi bizi olduqca sevindirir, gələcək qələbələrə ruhlandırır.

Ağaxan Ağayev, Cəlilabad RTŞ müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir