Cəmiyyət

HƏR BİR AZƏRBAYCANLININ QÜRUR MƏNBƏYİ

Sharing is caring!

Aprelin 12-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi olmaqla yanaşı, Ordumuzun qəhrəmancasına yaratdığı bir əsərdir, hərbi məktəbdir, nəhayət, and yeridir. Şəhidlərimizin yaxınları üçün təsəlli məkanıdır. Təsəlli odur ki, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, biz şəhidlərimizin intiqamını döyüş meydanında aldıq, onların qanı yerdə qalmadı. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin qisasını, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.

   Vətən müharibəsində qazanılmış Qələbə uğurlu ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Azərbaycan 17 il ərzində güclü ordu qurmağa müvəffəq olaraq, ərazilərini işğaldan azad edib. Ötən illər ərzində tarixi layihələr həyata keçirən Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənib. Eyni zamanda, ölkədə siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsinə nail olunub. Bütün bunlar Qələbəmizi şərtləndirən amillərdir. Bu nöqteyi-nəzərdən, Hərbi Qənimətlər Parkını ziyarət edən hər kəs Azərbaycan Ordusunun qüdrətinin şahidi olacaq. Parka gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü, dövlətimizin sarsılmaz iradəsini görəcək. Şahidi olacaq ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub ediblər.

    Erməni vandalları tərəfindən törədilmiş vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz, məscidlər dağıdılıb. Ermənilər məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn olunmuş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı xeyirxah xalqdır. Lakin vəhşilik, vandallıq edənləri unutmamalıyıq. Tarixi yaxşı öyrənməli və ondan dərs götürməliyik. Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik. 

   Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasının qarşısı ordumuz tərəfindən qətiyyətlə alındı. Bir məqamı da unutmamalıyıq ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Prezident İlham Əliyev də qeyd etdiyi kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. AXC-nin xalq qarşısında böyük xidmətləri olsa da, biz tarixi həqiqətləri bilməliyik. Biz uzun illər saxta tarixin girovuna çevrilmişik. Tarixi həqiqətləri doğru-düzgün öyrənməli və analiz etməliyik. Məhz bunun sayəsində gələcək nəsillərin həqiqi vətənpərvər ruhda tərbiyə olunmasına nail olmaq mümkündür.

   Hərbi Qənimətlər Parkı qürur parkıdır, inam parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır, yaralı qazilərmizə şəfa parkıdır, bütün döyüş iştirakçılarına minnətdarlıq parkıdır! Özəlliklə uşaq və gənclərimiz üçün çox önəmli bir ziyarət yeri yaranmışdır. Bir daha mübarək olsun və bir daha dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq!

Sevda Əsgərova, Cəlilabad şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir