Cəmiyyət

“Murov Aslanı”, mayor İlkin Rzayev Fəxri Xiyabanda dəfn olundu – Video

Sharing is caring!

Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 2006-cı ildə AAHM-ni bitirərək xidmətə başlayıb. Uzun müddət döyüş bölgəsində xidmət edib. Murov dağ istiqamətində döyüş zamanı, hərbi hissənin döyüş hazırlığına rəhbərlik edib. Şiddətli döyüşlər nəticəsində çox igidlərimiz şəhidlik zirvəsinə ucalıb. Mayor Rzayev həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına döyüşüb. Silah yoldaşları arasında “Murovun Aslanı” kimi tanınan mayor İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək, bizə qələbə sevincini yaşadıb. İrəli getməyə çalışan digər dəstənin mühasirəyə düşdüyünü görən kimi köməyə gedib və oktyabr 3-də şəhidlik zirvəsinə ucalıb. 60 gün itkin kimi bilinən şəhidimiz 2 ay qar altında qalıb və nəhayət tapılaraq ailəsinə təhvil verilib. Əsgərləri onun haqqında ağızdolusu danışırdılar. Deyirdilər ki, Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlib. Ora yetişəndə, zabit heyətindən sağ qalan olmadığını görür. Mühasirədə olan 30-40 əsgəri xilas edir. Dediyi hər bir kəlmə bu günə qədər hərbi hissədə dillər əzbəridir. Təkbaşına düşmənlə mübarizə aparan mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri onun olduğu mövqeyi atəşə tutur və mərmi boğazına tuş gəlir. Şəhidlik zirvəsinə ucalan mayor Rzayevin son kəlməsi . “Övladlarımdan muğayat olun. Komandanlıq üzrümü qəbul etsin. Döyüş tapşırığını sona kimi davam etdirə bilmədim. Vətən, məni bağışla! El öz tarixini qanla yazan daha bir qəhrəmanını heç zaman unutmayacaq! Xalq öz oğlunu şəhadətə yola saldı. Mayor İlkin Rzayev Fəxri Xiyabanda torpağa tapşırıldı. Haqqını halal et, cənab mayor! Şəhadətin mübarək! Vətən sizi unutmaz!

 

Günay İman

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir