Cəmiyyət

Toylar təxirə salındı, bəs restoranlara verilən behlər necə olacaq? – REPORTAJ

Sharing is caring!

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Bəs görəsən, toy tarixini əvvəlcədən müəyyənləşdirən vətəndaşların restoranlara verdiyi behlər geri qaytarılacaqmı?

 

Paytaxtda fəaliyyət göstərən bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq. Bəzi şadlıq saraylarının nümayəndələri bu məsələ ilə bağlı vətəndaşlarla danışıqlara başladıqlarını qeyd etdilər.

“Sultan” şadlıq sarayından bildirilib ki, mart-aprel ayları üçün vətəndaşlar tərəfindən 10-dan çox toy məclisi üçün müraciət edilib. Şadlıq sarayının administratorunun sözlərinə görə, toy tarixləri irəli aylara keçirilib:

“Mart ayının 15-dən sonra müəyyənləşdirilən toy günləri növbəti aylara keçirilir. Əgər vətəndaş növbəti aylarda bizim şadlıq sarayında toy etmək istəmirsə, verilən beh ona geri qaytarılır. Yox, əgər, tarixi dəyişdirmək istəyirsə, verilən beh qalır və sadəcə mərasim irəli tarixə keçirilir”.

Şadlıq evində toy etmək istəyən şəxslər üçün konkret beh məbləği yoxdur, vətəndaşlar 50-200 manata qədər beh verə bilər.

“Versal Palace” şadlıq sarayından da vətəndaşların toy tarixlərini iyul-avqust aylarına dəyişdirdikləri bildirilib:

“Bir neçə gün əvvəl sarayda müştərilərimizdən birinin qız toyu keçirilib. Ayın 18-i üçün oğlan toyu nəzərdə tutulmuşdu. Mövcud vəziyyətlə əlaqədar qəbul edilən qərara görə, ayın 14-dən sonra təyin edilən toy mərasimləri təxirə salınır.

Aprel ayının sonuna qədər minimum 200, maksimum 500 manata qədər beh verilib, günlər müəyyənləşdirilmişdi. Hələ ki, behi geri istəyən olmayıb. Ancaq elə bir məqam olsa, təbii ki, qaytarılacaq. Başqa cür heç nə edə bilmərik”.

“Şahənşah” şadlıq sarayında isə mart-aparel ayları üçün 12 toy məclisi nəzərdə tutulubmuş:

“Vətəndaşlar dünəndən tarixləri dəyişməyə başlayıb. Toy günlərini növbəti ayın 15-dən sonra olan həftə sonlarına təyin edirlər. Ümumilikdə aprel ayı üçün olan toylarımızın əksəriyyəti may ayına keçirilir. Behi geri istəyən vətəndaşlar olmayıb”.

Xatırladaq ki, mövcud vəziyyət vətəndaşlarla yanaşı şadlıq evlərinin sahiblərini də kifayət qədər ziyana salır. Lakin paytaxt ərazisində fəaliyyət göstərən şadlıq evlərinin əksəriyyəti əvvəlcədən ödənilən behləri istəkdən asılı olaraq geri qaytaracaqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda mövcud vəziyyət nəzərə alınaraq, vətəndaşların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində bir aylıq xüsusi rejimin tətbiq edilməsinə qərar verilib.

Ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuşların isə tarixi dəyişdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir