Bölgə

Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir

Sharing is caring!

XəbərAl.az xəbər verir ki, qədim tarixə, qüdrətli dövlət ənənələrinə, zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı özünün 5 min illik tarixi ilə fəxr edir. Yaxın və Orta Şərq ölkələrinin, eləcə də, türkdilli xalqların tarixində ilk dövlətçilik ənənələrini qurub inkişaf etdirən Azərbaycan xalqı hazırkı, müasir dövrümüzdə də hüquqi, dünyəvi, demokratik dövlət yaradaraq dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrilmişdir.
Dünyanın bir çox dövlətləri tərəfindən qəbul edilən və təsdiqlənən bu həqiqətlər bədnam qonşularımızın qanını qaraldır, antiazərbaycan siyasətini daha da gücləndirirdi. Xalqımızın ən qədim zamanlardan bu günə qədər keçdiyi şərəfli tarixə kölgə salmağa, öz zəhərli ideologiyalarını bütün dünyaya yaymağa cəhd göstərirdilər.
Əsrlər boyu Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “dənizdən dənizə” böyük imperiya yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər.
Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə, hətta mətbəximizə belə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. İşğal altında olan tarixi abidələrimizi – Azıx mağarasını, Hünərli kəndindəki Alban məbədini öz tarixi nümunələri kimi dünyaya təqdim etmək məqsədi ilə yazılar yazmış, lakin məqsədlərinə nail ola bilməmişlər.
Prezident İlham Əliyev hər zaman vurğulayırdı ki, Azərbaycan hökumətinin qarşısında iki mühüm vəzifə durur, birinci işğal altında olan torpaqların azad olunması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönməsi, ikinci ermənilərin törətdikləri soyqırımı haqqında dünya ictimaiyyətini məlumatlandırmaq və onların antiazərbaycan siyasətini ifşa etmək. Şükürlər olsun ki, bu gün Ali Baş Komandanın qətiyyəti, xalqımızın əzmi və ordumuzun rəşadəti sayəsində düşmən məğlub edilmiş, tarixi ədalət bərpa olunmuşdur.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

Azərbaycan ərazisində yaşayan  bütün 
xalqlar azadlıq imkanlarına malikdir

Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı tolerant ölkə olub. Bu gün  dünyada dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq, birgəyaşayış, mehriban münasibət kimi ülvi dəyərlər Azərbaycanda  dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikası çoxmillətli dövlətdir, ölkəmizdə müsəlmanlarla yanaşı başqa dinlərə məxsus vətəndaşlar da sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan ərazisində yaşayan  bütün xalqlar azadlıq imkanlarına malikdir.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə əsası qoyulmuş bu siyasi kurs  bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanda olan dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və bərpa olunur.
Ölkəmizdəki bütün xalqların həm 1-ci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində  vahid mövqe nümayiş etdirərək Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etməsi aparılan düzgün siyasətin böyük qələbəsidir.

Səbuhi Kərimov – YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Erməni vandalizmi sərhəd tanımır

Ermənistan tərəfindən Azərbaycanlılara məxsus maddi, mədəni irsə qarşı vandalizm, dağıdıcı münasibət göstərilib, onları dağıdılaraq yer üzündən silmək istəyiblər. Tarixi və mədəni abidələrimzi, şəhərlərimizi, kəndlərimizi, qəbirlərimizi dağıdan, özlərini qədim tarixi və mədəni bir xalq kimi göstərmək istəyən Ermənistan bu gün Azərbaycanın mədəni irsinə qarşı əsl barbarlıq və vandalizm nümunəsi göstəriblər. İşğaldan azad olunmuş ərazilərimizdə  bu vandalizmin bir daha şahidi oluruq. 30 il torpaqlarımızı işğal altında saxlayan, torpağın demək olar ki, altını üstünə çevirən, onun havasını belə mənfur niyyətləri ilə zəhərləyən düşmən bizim qürurumuzu, cəsarətimizi qıra bilmədi. O dağıtdı , sökdü ancaq məhv edə bilmədi. Öz qədim tarixi , mədəniyyəti, musiqisi, təbiəti mərdliyi və qəhrəmanlğı ilə zəfər tarixi yazan  Azərbaycan indi Qarabağda zəfər yolu çəkir. Bu yol böyük quruculuğa, inkişafa mədəniyyətimizin beşiyi olan Şuşaya tarixi bir başlanğıcdır.

Ceyhun Abdullayev – YAP fəalı

Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi

Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı. Belə ki, bu təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğalçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Beləliklə, Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.

Nailə Əliyeva – Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru

Ordumuzun göstərdiyi rəşadət XXI əsrin döyüş nümunəsidir
“Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi.»  Prezident, Ali Baş Komandan  cənab İlham Əliyevin qüdrətli ordumuz haqqında söylədiyi  bu fikirlər Vətən müharibəsində  təsdiqləndi.  Dünyanın ən güclü orduları arasında yer alan Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri  nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər. Müharibələr tarixində  təkrarolunmaz hərbi taktika və strategiyası ilə  diqqət çəkən ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə  nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir, beşinci nəsil  silahlarla təmin olunmuş  Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət 21-ci əsrin döyüş təcrübəsidir. Cənab Prezident İlham Əliyevin  gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır fikri həyatda əksini tapdı. İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən  öz gücü, bacarığı ilə azad edən  əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan rüsvayçı təslimçilik aktını imzaladı.

Vüsalə Kərimova – 1 saylı məktəb-liseyin direktoru

Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya bəyan etdi

44 günlük Vətən müharibəsində şanlı qələbəmiz Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir. İndi azadlığına qovuşmuş torpaqlarımızda Azərbaycan bayrağının dalğalanması ürəyi vətən eşqi ilə döyünən hər bir şəxs üçün qürurverici hadisədir. Azərbaycan əsgərinin gücü, peşəkarlığı, şücaəti, qanı və canı hesabına torpaqlarımızın böyük hissəsinin işğaldan azad olunmasından sonra diz çökən Ermənistan kapitulyasiya aktına imza ataraq digər ərazilərin təhvil verilməsi barədə öhdəlik götürdü.  Bu, tarixi qələbədir və 44 günlük Vətən müharibəsinin doğurduğu reallıqdır. 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında daimi qalacaq, heç vaxt unudulmayacaq.  Prezident, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə neçə illərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Qısa müddətli hərbi əməliyyatlar nəticəsində möhtəşəm Qələbə təmin olundu, bütün dünya sürətlə inkişaf edən Azərbaycanın, onun Prezidentinin və Ordusunun gücünü gördü. Öz ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz tarixi torpaqlarını yenidən qurur və inkişaf etdirir, həmin ərazilərdə şanlı Azərbaycan bayrağı dalğalanır.

İlkin Əliyev-Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi 

Azərbaycan ordusunun qüdrəti, gücü düşmənin bütün planlarını alt üst etdi

Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Tarixin səhifələrinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması, tarixi ədalətin bərpa olunması ilə sonlandı. Vətən müharibəsi dövründə Azərbaycan ordusu düşmən tərəfdən fərqli olaraq mülki əhalini heç vaxt hədəfə almamışdır. Mənfur düşmənin neçə illərdi ki, apardığı işğalçı və dağıdıcı siyasətini müharibə dövründə də açıq aşkar bəyan etdi. Çünki mülki əhaliyə ermənilər tərəfindən müxtəlif iriçaplı silahlardan, raketlərdən atəş açılması və ölkəmizin bir neçə şəhərinin bu atəşlərə məruz qalması, o cümlədən mülki sakinlərimizin həlak olması onların necə vandal, heç bir insanlığa sığmayan mənfi xislətini bir daha bəyan etmiş oldu. Lakin Azərbaycan ordusunun qüdrəti, gücü düşmənin bütün planlarını alt üst etdi. Qəhrəman vətən oğullarının ana torpağımız uğrunda göstərdikləri şücaət bu torpaqların azad olunması ilə nəticələndi. Hal-hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri, gələcəkdə ölkəmizin inkişaf etməsinə və daha da qüdrətlənməsinə səbəb olacaq.     

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi 

İşğaldan azad olan ərazilərdə yeni infrastruktur qurulur

Bir neçə ildir ki, əlimizin çatmadığı, yuxularımızda gördüyümüz, xoş günlərini xəyallarımızda yaşatdığımız torpaqlarımızda inamla addımladığımız üçün qürur duyuruq. Doğmalarının nəfəsinə «yadırğayan», səsli-küylü günlərin həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşur. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır. Qışın şaxtasına, qarlı günlərin davam etməsinə baxmayaraq bərpa işlərində həvəslə iştirak edən mütəxəssislər, müxtəlif peşə sahibləri doğma torpaqlarına qayıdacağı günlərin həsrəti ilə yaşayan insanları daha tez sevindirmək üçün yorulmadan çalışır, vurulan yaraları sağaltmaq üçün ana torpağa övlad qayğısı ilə yanaşırlar. 
Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə çoxsaylı infrastruktur layihələrin həyata keçiriləcəyi, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılacağına bildirmişdir. İlk növbədə ermənilər tərəfindən viran qoyulmuş ərazilərdə həyatın yenidən dirçəlməsi üçün əsas şərt olan elektrik enerjisi ilə təchizatın vacibliyi nəzərə alınaraq bu istiqamətdə planlaşdırılan işlərə start verilib. Qarabağın incisi olan Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılıb. 
Mədəniyyət paytaxtımızı və bölgəyə yaxın əraziləri dayanıqlı enerji ilə təmin etmək üçün «Azərenerji» Səhmdar Cəmiyyəti Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir və yüksəkgərginlikli xətlərin çəkilişinə başlanılıb. Laçın rayonunun Güləbird kəndində generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının açılması ilə bölgədə etibarlı generasiya güclərinin formalaşması, Həkəri çayından səmərəli istifadə imkanları yaranır. Ümumiyyətlə, Kəlbəcər-Laçın zonası su elektrik stansiyaları üçün əlverişli olduğundan bu ərazilərdə enerji ilə təchizat məsələsinə diqqət artırılır.
Düşmənin təkcə Laçında dağıtdığı 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulacaq və ümumi gücün həcmi 120 meqavata çatdırılacaq. Ən böyük potensiala malik «Xudafərin» və «Qız qalası» stansiyalarının istismarı ilə bölgənin enerjiyə tələbatı tam ödəniləcək. Bərpaolunan enerji növlərindən istifadə etməklə ilk olaraq Zəngilanda həyata keçiriləcək pilot «ağıllı kənd» layihələrinin tətbiqi ilə «yaşıl enerji» zonalarının sayı artırılacaqdır.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

Artıq təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını xeyli sürətləndirəcək. Bu yol istifadəyə verildikdən sonra uzun illərdən bəri blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə əlaqələr bərpa olunacaq. Tarixdə ilk dəfə Azərbaycanla Türkiyəni birləşdirəcək bu yol bölgə dövlətlərinin iqtisadi inkişafına, regionda sabitliyin qorunmasına ən önəmli töhfədir.
Kənd təsərrüfatının inkişafı üçün əlverişli mühitə malik Qarabağ zonasında aqrar sahənin dirçəlməsi əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından daha önəmli olmaqla dövlətin diqqətdə saxladığı əsas prioritetlərdəndir. Qısa müddətdə minalardan təmizlənmiş 7 min hektarda əkin işləri aparılmışdır. Bütünlükdə isə mövsüm ərzində işğaldan azad olunmuş torpaqlarda təqribən 20-25 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur.
Cənab Prezident İlham Əliyev Füzuli və Xocavəndə səfərləri zamanı şəhər və kəndlərimizdə gördüyü ürəkağrıdan mənzərədən narahatlığını bir daha diqqətə çatdırıb. Ağdam kimi Füzulinin də tamamilə dağıdılmasını, tarixi abidələrimizin viran qoyulmasını inkarolunmaz erməni vəhşiliyi adlandıran dövlət başçımızın vurğuladığı kimi su elektrik satnsiyalarının, məscidlərin, yolların, su mənbələrinin dağıdılması erməniliyin mahiyyətini göstərir. Bölgədə həyatın yenidən, yüksək səviyyədə davamı üçün bütün infrastruktur müasir tələblərə uyğun yenilənməli, dağıdılan evlər, sosial obyektlər müasir səviyyədə inşa olunmalıdır.
Füzuli, Xocavənd rayonlarında, Şuşa şəhərində olarkən ermənilər tərəfindən dağıdılan tarixi abidələrin, məscidlərin, Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, digər mədəniyyət və sosial obyektlərin bərpası ilə maraqlanan, qədim insan məskəni sayılan Azıx mağarasında olan, turizmin inkişafı üçün tövsiyələrini verən Prezidentimiz Şuşanın nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini də diqqətə çatdırıb. 

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatı qadınlar şurasının sədri

Azərbaycan ordusu öz şərəfli missiyasını yerinə yetirdi

2020-ci il Azərbaycanın dünyaya haqqın yolunu göstərdiyi, tarixi həqiqətləri tarixə yazdığı və zaman deyilən məfhuma həkk etdiyi məqam- Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan ordusunun şanlı Qələbəsi ilə başa çatdı.
Son 30 il ərzində Ermənistana rəhbərlik edən terrorçu və quldur dəstələrinin apardıqları destruktiv siyasət nəticəsində münaqişənin danışıqlar yolu ilə həllində müsbət nəticələr əldə etmək mümkün olmadı. Hər dəfə danışıqları uzatmaqla işğal olunmuş əraziləri Azərbaycana qaytarmamaq Ermənistan dövlətinin əsas məqsədi idi.
Lakin Azərbaycan Ordusunun peşəkarlığı və möhtərəm Prezidentimizin mahir hərbi təcrübəsi nəticəsində bu siyasət iflasa uğradı. Azərbaycan ordusu haqq işi uğrunda başlanan müharibəni şanlı qələbə ilə başa çatdırdı. Bu qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Noyabrın 8-də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Azərbaycan əsgəri Xarı bülbülə 28 ildən sonra öz qanları ilə can verdilər.
Hamı 8 noyabrı – Şuşanın işğaldan azad edildiyi günü də, 10 noyabrı – Vətən müharibəsinin başa çatdığı günü də Azərbaycan əsgərinin qüdrəti bildi. Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğaldan qarış-qarış azad ediblər. Onlar bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıblar. Bu qələbə bizim hər birimizin, bütün Azərbaycan xalqının qələbəsidir.
Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər, nə qədər dəmir iradəyə malik olan xalqdır.
Yaşasın Azərbaycan!
Yaşasın möhtərəm Prezidentimiz!
Yaşasın Müzəffər Ordumuz!

Rəşid Şərifov – Əlvənd kənd sakini, təqaüdçü 

Tarixi ədaləti bərpa etmiş Azərbaycan ordusu və Azərbaycan xalqı

İstənilən dövlətin müstəqilliyinin qorunub saxlanması üçün güclü ordunun olması ən vacib şərtlərdəndir. Çünki güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altında olur. İllərdir ki, işğalçı, mənfur qonşularımız olan ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan ən əhəmiyyətli vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması ən son hərbi texnologiyalara yiyələnməsi idi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Bu günlərdə Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz xalqımızın illərdən bəri gözlədiyi böyük qələbə salnaməsinin tarixi səhifələrini yazdılar. Ordumuz tarixi ədaləti bərpa edərək 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etdi. 30 ilin nisgilinə 44 gündə son qoyan ordumuz gücünü bütün dünyaya bir daha sübut etdi, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan həm diplomatik, həm də hərbi qələbə qazandı. Azərbaycan bütün dünyaya güclü orduya malik bir dövlət, Xalq-Prezident vəhdəti yaşayan bir respublika kimi tanındı.

Cavid Məmmədov – Zərdab şəhər sakini, fəal gənc

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir