Bölgə

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu yenidən qurulub – FOTO

Sharing is caring!

Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu IV texniki dərəcəyə uyğun ( 6 metr hərəkət hissə, 2×2 metr çiyin hissələr) yenidən qurulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, tikinti layihəsinə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılıb, qazılmış hissələrinin doldurulub, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülüb. Agentlik tərəfindən 26 kilometr uzunluğunda olan avtomobil yolunun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb.

Bunun üçün müəyyən hissələrdə dağ yamacları xüsusi texnika ilə kəsilib. Bunun ardınca 200 min kvadrat metr sahəni əhatə edən 20 santimetr qalınlıqda optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, 16 santimetr qalınlıqda qum-çınqıl qarışığından isə əsasın üst layı tikilib.

Bundan başqa tikinti norma və standartlarına uyğun olaraq, iri (7 santimetr) və xırda (5 santimetr) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işləri aparılıb. Asfaltlanma işləri yolun 170 min kvadrat metrdən çox sahəsini əhatə edib.

Marşrut boyu altı yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli uzunluğu 239 paqon-metr olan 30 ədəd dəmir-beton boru quraşdırılıb.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.

Qeyd edək ki, uzun illər istismar olunmasına baxmayaraq, yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Buna görə də Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu beş yaşayış məntəqəsini əhatə etməklə 6 mindən artıq vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişi təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə şərait yaradacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir