Bölgə

Lənkəranda ara qarışıb məssəb itiib – İcra başçısı nə fikirləşir? VİDEO\FOTO

Qazaxıstanda yaşanan hadisələr fonunda bütün postsovet ölkələrində gərginlik müşahidə olunmaqdadır. Xüsusi ilə məmur özbaşınalığının sərhəd tanımadığı ölkələrdə Qazaxıstan senarisinin təkrarlanmayacağına zəmanət yoxdur. Üstəlik, Qərbin narıncı inqilab texnologiyasını özünəməxsus formada mənimsəmiş Rusiyanın xüsusi xidmət orqanları cəmiyyətdəki sosial-iqtisadi narazılıqlardan maksimum istifadə etməklə həmin ölkələrin suverenliyi üçün böyük bir təhlükə mənbəyinə çevrildiyini artıq sübut ediblər.
Bu baxımdan postsovet ölkələri üçün Rusiyanın artan təhdidlərindən hakimiyyətlər ciddi narahat olmağa başlayıb. Bu sırada Özbəkistan hakimiyyətinin atdığı addımlar diqqət çəkir. Beləki, mərkəzi hakimiyyət Rusiyanın işğal senarisini önləmək üçün insanları narazı salan məmurlar üzərində ciddi nəzarət mexanizmi həyata keçirməklə bərabər bütün təhdid mənbələri üzrə tədbirlər görür. Eyni narahatlıqlar zəif də olsa Azərbaycan hakimiyyətində var. Amma hakimiyyət hələlik məmur özbaşınalığından qaynaqlanan sosial narazılığı önləmək üçün ciddi tədbir görməyə tələsmir. Müşahidələr isə göstərir ki, ölkə daxilində Azərbaycanın müstəqilliyi ciddi təhlükə ola biləcək kifayət qədər ciddi təhdid mənbələri var. Xüsusi ilə Rusiyaya bağlılığı şübhə doğurmayan hakimiyyət daxili qruplaşmaların yerlərdəki kadrlarının fəaliyyəti bunu deməyə əsas verir. Bu baxımdan sosial-iqtisadi narazılıqla yanaşı məmur özbaşınalığının və hərəkətsizliyinin pik həddini yaşayan Lənkəran rayonu diqqətə alınmalıdır. Minlərlə sakinin iş dalınca Rusiyaya üz tutmasından tutmuş qonşu dövlətdən qaynaqlanan narkomaniyanın rayonda geniş yayılması da lazımi məqamlarda Lənkərana kənar təsirləri artıran faktorlardır. Belə bir vəziyyətdə isə 10 ildir əhali sayına nisbətdə ölkənin ən böyük rayonlarından biri olan Lənkərana rəhbərlik edən icra başçısı Taleh Qaraşovun fəaliyyəti çox şübhəlidir.

AzToday.az xəbər verir ki, təkcə Lənkəran sakinlərinin mediada yayılmış şikayətlərinin sayı rayonda vəziyyətin dözülməz səviyyədə olduğunu göstərir. Bu yazımızda ancaq Lənkəran İcra Hakimiyyətinin birbaşa fəaliyyətindən qaynaqlanan problemlərin bir hissəsini işıqlandırmağa çalışacağıq.

Lənkəran şəhərinin problemləri

Əsas mərkəzi küçələr istisna olmaqla şəhərin küçələri təmirsizdir, xüsusi ilə qonşu rayonlar sakinlərinin də alış-veriş etdiyi Lənkəran bazarı və ətraf küçələr yağışlı havalarda keçilməz olur. Ötən ilin yay aylarında şəhərin bir-neçə küçəsi asfaltlansa da, şəhərdaxili yolların böyük əksəriyyəti Suriyanın müharibə gedən yaşayış məntəqələrinin küçələrini xatırladır.

Şəhərin əsas mərkəzi küçələri mal-qaranın otlaq sahəsinə çevrilib. Aztoday.az həmin görüntüləri təqdim edir:

Şəhərin əsas tarixi tarixi abidələri baxımsız vəziyyətdə məhv olur, amma icra hakimiyyəti və aidiyyatı dövlət qurumları tarixi abidələrin bərpası üçün heç iş görmür. Vəziyyət o həddə çatıb ki, lənkəranlılar tarixi Zindan qalasının təmir olunması üçün sosial şəbəkələrdə müxtəlif aksiyalar keçirmək məcburiyyətində qalıblar.
Lənkəran şəhərinin illərdir mövcud olan kanalizasiya problemi də həllini tapmayıb. Açıq kanalizasiya xətləri sakinləri üfünətli hava ilə nəfəs almağa məcbur qoyur.

Şəhərdə demək olar boş ərazilər qalmayıb, hətta son illər bir-neçə avtobus dayanacağının ərazisi belə icra hakimiyyəti tərəfindən satılıb.

Təngivanı kim məhv edir?

Təngivan kəndinin düz ortasından keçən Lənkərançay çayının yatağı “PROFCO” MMC tərəfindən qazılaraq daşınmaqdadır. Artıq qazıntı işləri kənd sakinlərinin otlaq və əkin sahələrinə keçib. Sakinlər kəndi məhv edən şirkətin icra başçısı Taleh Qaraşova məxsus olduğunu deyir. Əks halda Lənkəranın onlarla kəndini təhlükə altında qoyan şirkətin qanunsuz fəaliyyətinə dövlət qurumları müdaxilə edəcəyini bildirirlər.

Dənizə həsrət qoyulan sahil kəndi

Xəzər dənizinin sahilində yerləşən Vel kəndinin sahil əraziləri mkanlı şəxslərə satılıb. Nəticədə isə sakinlərinin dəniz sahilinə çıxışı faktiki olaraq bağlanıb. Sakinlər cəmi 100 metr aralıdakı sahilə getmək üçün 5-6 kilometr yol qət etmək məcburiyyətində qalıb.

Sakinlərin sözlərinə görə, illər əvvəl kənddə yeni məktəb tikilib və köhnə məktəbin ərazisi isə boş qalıb. Həmin ərazidən sakinlər rahatçılıqla gedib gələ biliblər və yeniyetmə uşaqlar köhnə məktəbin ərazisində müxtəlif idman növləri ilə məşğul olublar. Amma bir-neçə il əvvəl Vel kəndinin köhnə məktəbinin 74 sot ərazisi də yerli qurumlar tərəfindən satılır. Həmin yeri alan şəxs (adını kənd sakinləri də bilmir – red) isə ərazini daş hasara alaraq sakinlərin sahilə yolunu bağlayır. Və sakinlərin də problemi bundan sonra başlayıb.

Bununla bağlı kənd sakinlərinin müvafiq qurumlara etdikləri şikayətlər illərdir nəticəsiz qalıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başda olmaqla əlaqədar qurumlar sakinlərin problemlərini görməzdən gələrək sakinlər üçün 2 metrlik piyada yolunun da açılmasına şərait yaratmır. Bu isə kəndin əsas dolanışıq mənbəyi olan turizmə ciddi təsir göstərib.

Ən çox şəhid verən kəndə yol yoxdur

Ölkənin ən çox yağıntı düşən yaşayış məntəqəsi olan Gəgiran kəndi Qarabağ müharibəsində 9 şəhid verib. Amma kənd illərdir icra hakimiyyətinin hərəkətsizliyi səbəbindən demək olar yolsuz qalıb. Orta əsr yaşayış məntəqələrini xatırladan Gəgiran kəndininə indiyə kimi müasir yol çəkilməməsi dövlət adına çox böyük bir ayıb sayıla bilər.

Sakinlər bildirir ki, kəndlə rayon mərkəzi arasındakı məsafəni qət etmək hər sürücünün işi deyil. Kənddən rayon mərkəzinə, yaxud da əks istiqamətə hərəkət edən avtomobillər tez-tez qəzaya uğrayır, ölüm-itim olur. Yol hər şeydir. İşdir, qazancdır, rahatlıqdır. Gəgiranlılar bunlardan məhrumdur, çünki yolumuz bərbad vəziyyətdədir…

Lənkəran “xanı” kefindən qalmır

Lənkəranın çox ciddi sosial-iqtisadi problemlərini həll etməyən icra başçısı və övladlarının bahalı həyat tərzi keçirməsi haqlı narazılığa səbəb olur.

Qeyd edək ki, Lənkəran rayon icra başçısının özü və övladları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Məlumatlara görə, Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.

Mediada yayılan məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyindəki işi Lənkərandan Bakıya dəyişdirilmiş Seymur Qaraşov şəhərdə olan zaman səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.

Məsələ burasındadır ki, Qaraşovların macəraları oğullarla bitmir. Elə icra başçısının özü də illərdən bəri dövlət büdcəsini “dədə malı” olaraq bilir. İllər əvvəl Virtualaz.org saytının verdiyi xəbər bunu deməyə əsas verir. Yazını qısa ixtisarla nəzərinizə çatdırırıq: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər.

Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.

Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.

Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!

T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərclədi?”

Lənkəranın problemləri nə vaxt həll olunacaq?

Ölkənin ən böyük iqtisadi rayonlarından olan Lənkəranın sosial problemlər məngənəsində boğulması 2012-ci ildən indiyənə kimi rayona rəhbərlik edən Taleh Qaraşovun aktivinə yazılmalıdır. Subtropik zonada yerləşən rayonun ənənəvi təsərrüfat sahələrinin sıradan çıxması fonunda Lənkəran ərazilərinin iri oliqarxlar tərəfindən ələ keçirilməsi sakinləri hiddətləndirməkdədir. Nadir ağac növləri ilə zəngin olan Lənkəran meşələrindən tutmuş sahilyanı ərazilər də oliqarxiyanın hədəfinə çevrilib…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir