Bölgə

TARİXLƏR ŞAHİDİ QUBADLI, SƏN AZADSAN!

Sharing is caring!

Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağların qoynunda yerləşən Qubadlı bu günümüzə tarixin keşməkeşli yollarından keçib gəlmişdir. Qubadlı torpağına səpələnmiş tarixin daş yaddaşları-abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Ulu babalar bu abidələri tarix hesab etmişlər.
Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Onun adı bir mənbəyə görə dörd əsr bundan əvvəl yaranmışdır. Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır. Burada tarixi abidələr çoxdur. Belə ki, rayonun Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5 belə abidə var. “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki abidələr özünün tarixi əhəmiyyəti ilə seçilir. Bu gün onların hamısı düşmən tapdağından azad edilmişdir.
Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.
Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır.
Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.
Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Qaçaq Nəbinin yurdudur. 20 il çar hökumətinin məhv etməyə çalışdığı, lakin bacara bilmədiyi, başına topladığı igidlərlə insanların haqqı olanlarını ədalətə çevirən, Azərbaycan xalqının unudulmaz xalq qəhrəmanı Qaçaq Nəbinin yurdudur.

    Biz həmişə güclü olmuşuq, bizə heç kəs bata bilməz. Prezident İlham Əliyev demişdir: “Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”. Bəli, qoy bütün nəsillər bisin ki, Qubadlı torpağının  tarixi uludur. Azərbaycanın bir parçası olan Qubadlı Odlar diyarının od ürəkli balası, qəhrəmanlıq qalasıdır.

Varid Əsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir