Bölgə

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR YENİDƏN QURULACAQ

Sharing is caring!

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.
İşğaldan azad edilmiş ərazilərimizdə böyük işlər görülür. Prezident də burada olarkən bəyan etdi ki, tezliklə bütün infrastrukturlar qurulub düşmənə gözdağı veriləcək: “İlin sonuna qədər azad edilmiş torpaqlarda – həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq, yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası bərpa ediləcək və bundan sonra yaşıl enerji layihəsi icra ediləcək”.
Enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur. 8 ay ərzində bu istiqamətdə də böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi başa çatacaq. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu, Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, yalnız çığır var idi. Qış aylarında isə heç vaxt ondan istifadə etmək mümkün deyildi.
Hazırda Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Prezident dedi ki, həmin ərazidə, yəni sərhədə gedən istiqamətdə yol olmayıb. Strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək üçün bu yolların çox böyük əhəmiyyəti var.
İşğaldan azad edilən ərazilərimizdə üç aeroport tikilir. Ağdamın Baş planı icra olunur.Füzulinin, Cəbrayılın Baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin Baş planı ictimaiyyətə təqdim ediləcək.Zəngilan şəhərinin Baş planının hazırlanması prosesinə də başlanılıb.Bir neçə xarici şirkət öz təkliflərini verib.İndi seçim aparılır.Qubadlı, Laçın və Kəlbəcər də yenidən qurulacaq.Yəni, belə böyükmiqyaslı işi cəmi 10 ay ərzində görmək, doğrudan da, Prezidentin söylədiyi kimi qəhrəmanlıqdır.
Rafiq Abışov, ziyalı, ağsaqqal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir