Bölgə

Bələdiyyə sədri şəhid anasından 3500 manat pul istəyib

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Sadiq Məmmədovun anası Səadət Məmmədova Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevdən və bələdiyyə sədri Eyvaz Orucovdan narazı olduğunu bildirib.

Şəhid anası 6 nəfər ailə üzvü ilə birlikdə şəraətsiz evdə yaşadıqlarını deyib.

S.Məmmədova bildirib ki, torpaq üçün müraciət edən zaman bələdiyyə sədri Eyvaz Orucov onlardan rüşvət istəyib: 

“Torpaq üçün müraciət edəndə Eyvaz Orucov bizdən 3500 manat pul istədi. Boş ərazini göstərdiyimiz zaman bizə dedi ki, pul verməsəniz torpaq verməyəcəm. Övladım şəhid olandan bəri mən maddi olaraq heç nə görmədim. Oğlum ömrünün 22 ilini hərbi sahəyə həsr edib. Qarabağ müharibəsində də şəhid olub. Qaxda ən yüksək rütbəli şəhid mənim oğlum olsa da, hörmətsizlik ediblər. Torpağa tapşırılan gün icra başçısı və bələdiyyə sədri dəfndə iştirak etməyiblər. Özlərinin hər yerdə evləri var. İcra başçısına məsələ ilə bağlı şikayət edən zaman o, gəlinimə “indiyə kimi necə yaşamısızsınsa, elə də yaşamağa davam edin” deyib”. 

“Qafqazinfo”nun sorğusuna  cavab olaraq icra hakimiyyətindən bildirilib ki, həmin ailəyə torpaq verilib.

Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev ailənin mənzil növbəsi üçün qeydiyyata alındığını da sözlərinə əlavə edib:

“Bələdiyyə tərəfindən ailəyə 10 sot torpaq verilib. Fevral ayında şəhidin həyat yoldaşı Məmmədova Pərvanə xanım icra hakimiyyətinin müvafiq sərəncamı ilə mənzil növbəsi qeydiyyatına alınıb. Rayon bələdiyyəsi tərəfindən ev tikmək  üçün valideynlərinə həyətyanı sahə də verilib. 3500 manata gəldikdə isə paylarına düşən sotdan əlavə bir 5 sot torpaq da istəyiblər. Qanunda belədir ki, hər şəhid ailəsi 5 sot torpaq ala bilər. Onlara isə 10 sot verilib. Əlavə yenə torpaq istəyən zaman Eyvaz Orucov da deyib ki, dövlət rüsumunda 5 sot həyətyanı torpaq sahəsi 3500 manat pul edir. İndiyə kimi necə yaşamısızsınsa, elə də yaşamağa davam edin məsələsi yalandır. Elə bir ifadə işlədilməyib. Hamı görüb ki, ailə bura gələndə biz onları necə hörmətlə qarşılayıb, necə həssas yanaşırıq”. 

Qeyd edək ki, 22 ilini vətənə xidmətə həsr edən polkovnik-leytenant Sadiq Məmmədov 44 günlük Qarabağ müharibəsində yaxından iştirak edib. O, Ali Baş Komandan İlham Əliyev tərəfindən medal və ordenlərlə təltif edilib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir