Bölgə

Rəsmi Moskvadan Qarabağdakı minalanmış ərazilərlə bağlı çağırış

Rusiya, Kəlbəcər rayonunda mina partlaması nəticəsində azərbaycanlı jurnalistlərin faciəvi şəkildə ölümü fonunda Qarabağda mina təmizlənməsi prosesini sürətləndirməyə çağırır. Moskva yaxın gələcəkdə üçtərəfli işçi qrupunun işini bərpa edəcəyini gözləyir”.

”XəbərAl.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə deyib.

“Rusiya tərəfi bu faciəyə ilk reaksiya verən dövlətlərdən biri olub. Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin doğmalarına və yaxınlarına Rusiyanın Bakıdakı səfirliyi tərəfindən dərin hüznlə başsağlığı verilib. Biz yaralananların hamısının tezliklə sağalmasını arzu edirik”- deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, ərazilərin minalardan təmizlənməsi problemi istənilən silahlı münaqişənin ən təhlükəli və çətin həll edilə bilən nəticələrindən biridir: 

“Rusiya da Dağlıq Qarabağda və ona bitişik rayonlarda münaqişədən sonra minaların təmizlənməsi prosesinə mühüm, əhəmiyyətli töhfə verir. Ötən il noyabrın 23-dən etibarən Rusiyanın Sülhməramlı kontingentinin səyləri ilə 26 minə yaxın partlayıcı maddə aşkar edilib və 2 min hektardan çox ərazi təmizlənib. Faktiki olaraq 2 min bina və 650 kilometrlik yol yoxlanılıb.

Bakı və Yerevanla yüksək və müntəzəm təmaslar zamanı Moskva minalanmış ərazilər haqqında məlumat mübadiləsi də daxil olmaqla, minalardan təmizlənmə məsələlərinin qurulmasına çağırır. Yeri gəlmişkən, bu mövzu mayın ilk ongünlüyündə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana və Bakıya səfəri zamanı da müzakirə olundu”.

Zaxarova əlavə edib ki, Moskva humanitar ölçüyə malik olan bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də verilən bəyanatlarına ciddi şəkildə uyğun həll olunması, bunun maksimum operativ və heç bir ilkin şərt irəli sürülmədən həyata keçirilməsi üçün ardıcıl çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir