Araşdırma

“AQ İnşaatçı Servis” MMC VƏTƏNDAŞA QARŞI… – İLLƏRİN DAVASI…

Sharing is caring!

2011-ci il mayın 26-da “AQ İnşaatçı Servis” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu 386-cı məhəllədə inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 4 mənzil almış Bayramova Əzizə Əsgər qızı 11 ildir məhkəmələrdə süründürülür.


Xəbəral.az xəbər verir ki, şikayətçi “AzPolitika.info”-nun redaksiyasına müraciətində adıçəkilən şirkətin rəhbərlərinin törətdiyi qanunsuzluqlardan şikayətlənib. Əzizə Bayramovanın ürəyi sözlə, ağır çantası isə məhkəmə qətnamələri, iddia ərizələri, şikayət məktubları ilə doludur. O, bütün sənədləri səliqə ilə masaya düzür və sözə başlayır: “2011-ci ildə iki dəfəyə 330 min və 245 min dollar ödəyərək “AQ İnşaatçı Servis” MMC-dən hər birinin sahəsi 167-169 kvadrat metr olan 4 mənzil aldım. Şirkətdən mənzillərin dəyərinin ödənildiyinə və borcumun olmadığına dair mənə ayrı-ayrılıqda maliyyə arayışları təqdim olundu. Mən alqı-satqı edən zaman binanın tikintisi yekunlaşmışdı, təhvil verilmək üzrə idi”.

Ə.Bayramova bildirir ki, 2011-ci ildə binadakı mənzillərin bir neçə nəfərə satıldığı məlum olub. O, dərhal şirkətə, eyni zamanda məhkəməyə müraciət edib: “Məlum oldu ki, mənə məxsus 50-ci mənzil Əliyev Rasim Abdulla oğluna, 59-cu mənzil Ağakişiyev Əli Rafiq oğluna, 54-cü mənzil isə Aida Əsgərovaya satılıb. 2012-ci ilin əvvəllərində Nəsimi Rayon Məhkəməsinə müraciət etdim, qarşı tərəfin uzun süründürməçiliyindən sonra, nəhayət, həmin ilin sentyabrın 12-də məhkəmə mənzillərin mənə verilməsi barədə qərar çıxardı. Aida Əsgərovaya satılan mənzillə bağlı isə fərqli qərar qəbul edildi. Məhkəmə həmin evin təmir olunduğunu və içində yaşayış olduğunu nəzərə alıb, mənə həmin binadan eyni sahəyə malik başqa mənzil verilməsini qət etdi. Mən də prinsipcə, buna etiraz etmədim”.

Qeyd edək ki, başqa mənzil sahiblərinin şikayətlərindən sonra MMC-nin icraçı direktoru Şakir Əliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib, məhkəmənin qərarı ilə ona 8 il həbs cəzası verilib. Şikayətçi bildirir ki, “AQ İnşaatçı Servis” MMC məhkəmənin onun iddiası üzrə çıxardığı qərarından apellyasiya şikayəti verib. Amma bu instansiya hökmü qüvvədə saxlayıb, eləcə də Ali Məhkəmənin Mülki Kollegiyası da aşağı instansiyaların qərarlarını dəyişməyib və qarşı tərəfin iddiasını rədd edib: “Qeyd edim ki, kassasiya şikayətləri adıçəkilən şirkətin 2 təsisçisi tərəfindən ayrı-ayrılıqda verilmişdi. Amma qərardan çox keçmədən onun icrası təmin olundu və 3 mənzil mənə verildi, amma Aida Əsgərovaya satılmış mənzilin əvəzinə başqa ev verilməsini müxtəlif səbəblərdən icra etmək mümkün olmadı”.

Amma MMC məhkəmənin artıq icra edilmiş qərarı ilə barışmaq niyyətində olmadığını nümayiş etdirib. Belə ki, 2015-ci ildə “AQ İnşaatçı Servis” MMC Əzizə Bayramova ilə bağlanılan alqı-satqı müqaviləsinin ləğv edilməsi iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə üz tutub, amma hakimlər bu dəfə də onun şikayətini əsassız sayıblar. Şikayətçi bildirir ki, bu qərardan 5 il sonra MMC rəhbərləri Apellyasiya Məhkəməsinin sözügedən qərarını almadıqlarını əsas gətirərək, yenidən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti ilə müraciət ediblər. 11 noyabr 2020-ci ildə hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə qarşı tərəfin kassasiya şikayəti rədd edilib. Əzizə Bayramova bildirir ki, “AQ İnşaatçı Servis” MMC-nin rəhbərləri yenə ondan əl çəkmirlər. 2021-ci ilin iyul ayında Konstitusiya Məhkəməsinə müraciət edərək 10 il ərzində qəbul olunmuş bütün məhkəmə qərarlarının ləğv olunmasını istəyiblər. Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanovanın adından Əzizə Bayramovaya göndərilmiş məktubda bildirilir: “Konstitusiya Məhkəməsində “AQ İnşaatçı Servis” MMC-nin şikayətinə baxılır. Şirkət 11 noyabr 2020-ci il tarixli 2(012)-48452020 saylı qərarın Azərbaycan Respublikası Konstitusiyasına və qanunlara uyğun olmadığı üçün qüvvədən düşmüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Ərizəçi əsaslandırıb ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulub. Mülahizənizin təqdim edilməsi xahiş olunur”.

Ə.Bayramova bildirir ki, vəkili artıq bu iddianın tam əsassız və qanunsuz olmasına dair əsaslandırılmış mülahizəsini Konstitusiya Məhkəməsinə təqdim edib. Sənəddə yüksək instansiyadan MMC-nin şikayətinin icraata qəbul olunmasından imtina edilməsi xahiş edilib. “Konstitusiya Məhkəməsinin hakimi Sona Salmanova vəkilimlə görüşərək barışıq təklif edib. Mən başa düşmürəm, kimlə, nəyə görə barışmalıyam? On ildə hüquqları pozulan, məhkəmələrdə süründürülən mənəm, mənzilimin birini hələ də qaytarmayıblar. Nəyə görə MMC-nin qanunsuzluğu ilə barışmalıyam? Təəssüf ki, tamamilə əsassz olaraq onların şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilib. Ara-sıra mənə siqnallar göndərirlər ki, qarşı tərəfin tələbi üzrə bütün məhkəmə qərarlarını ləğv etmək istəyirlər”, – deyə Əzizə Bayramova vurğulayır.

Şikayətçi media vasitəsi ilə ölkə rəhbəri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edərək, kömək istəyib: “Mən hüquq dövlətində yaşayıram, ölkəmi çox sevirəm. 10 ildir MMC mənim bütün həyatımı zəhərə döndərib. Sizdən xahiş edirəm, ədalətin bərpasına dəstək olun, mənim haqqımın pozulmasına imkan verməyin!” 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir