Araşdırma

“Ziyad Səmədzadənin cibinə həmişə pul qoyurdum” – Vaqonda yaşayan iş adamı

Sharing is caring!

Vaxtilə böyük sərvətə malik olan, həbs edildikdən sonra sərvətini itirib vaqonda yaşayan biznesmen İbrahim Zeynalov tutulmasında deputat Ziyad Səmədzadənin əli olduğunu iddia edir.

Xəbəral.az musavat.com-a istinadən xəbər verir ki, MTN tərəfindən həbs olunduqdan sonra bütün sərvətini itirən keçmiş biznesmen hazırda Neftçalanın Kürkənd kəndində vaqonda məskunlaşıb, yeriyə bilmir. Oğlu ilə birlikdə yaşayan Zeynalov 2000-ci illərin əvvəllərində zavod, fabrik, sexlər, bahalı avtomobillər və bir çox varidatın sahibi olsa da, MTN tərəfindən həbs olunduqdan sonra bütün əmlaklarını, iki övladını və həyat yoldaşını itirib.

İbrahim Zeynalov MTN tərəfindən həbs olunmasında deputat Ziyad Səmədzadənin əli olduğunu bildirir: “Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov (Eldar Mahmudovun atası), onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Münasibətlərimiz çox yaxşıydı deyə, işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən fabrikim üçün bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər. Ziyad deyəndən sonra həmin pulu ayırdılar. Krediti götürüb 10 faizini (350 mini) də Ziyada verdim. Fabrik işə düşəndən sonra gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım. Dedi ki, sənin başına oyun açacağam. Ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər!”.



İ.Zeynalov daha sonra rüşvət ittihamı ilə şərlənərək həbs edildiyini deyib: “7 ay 17 gün məni şər ittihamla həbsdə saxladılar. MTN generalı Mövlam Şıxəliyev 10 milyon dollar istəyirdi. Dedilər ki, pulu verməsən səni “kars”a salacağıq. Heç o zaman “kars”ın nə olduğunu bilmirdim. Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25 min dollar vermişəm.

Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədələyiblər. Uşaqlarım zavodu, xalça fabrikimi, sexləri, evləri, maşınları, qızıl-zinət əşyalarını, bağlarını, bir sözlə, nə var idisə, hamısını satıb Eldar Mahmudovun quldur dəstəsinə 8 milyon dollar veriblər.

Məni azad etdilər, amma yenə əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq. Mənim bağ evim olanda Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi”.

Həbsdən çıxandan sonra bir evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram.



Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir