Araşdırma

Vətəndaş JEK rəisi Yusif İbrahimovdan ŞİKAYƏTÇİ DÜŞDÜ – MÜRACİƏT

Sharing is caring!

Günümüzdə ən çox qarşılaşdığımız mənfi hallardan biri də Mənzil İstismar Sahələri, başqa sözlə JEK-lərin özbaşına fəaliyyətləri və vətəndaşı narazı salmaqları hallarıdır.

Növbəti belə bir hal Nərimanov rayon 18 saylı Mənzil İstismar Sahəsindəndir. Belə ki, rayon sakini Nilufər Abbasova yaşadığı ərazinin MİS rəisi Yusif İbrahimovun qanunsuz fəaliyyəti barədə şikayəti ilə bağlı “Yeni Gündəm”in redaksiyasına müraciət edib.

Xəbəral.az olaraq vətəndaşın şikayətini olduğu kimi təqdim edirik.

Bildirirəm ki, mən Abbasova Nilufər Lətif qızı Bakı şəhəri, Nərimanov Rayonu, Daş Karxanası küçəsi, ev 33 ünvanında qeydiyyatdayam. Həmin ev mənə və qardaşım Aqil Əliyevə anamdan miras qalmışdır.
Evin heç bir rəsmi sənədi yoxdur. Anam vəfat etdikdən sonra qardaşım Aqil Əliyev həmin evdə tək yaşamışdır. 9 fevral 2021 – ci il tarixində Nərimanov rayon məhkəməsinin hakimi Solmaz Ədilova ədalətli qərar çıxararaq bildirmişdir ki, sənədsiz evin alqı-satqısı və orada qeydiyyatda olan sakinlərin heç birinin razılığı olmadan sənədinin dəyişdirilməsi qeyri – mümkündür. 2021-ci ilin sentyabr ayında Bakı Apelyasiya Məhkəməsinin hakimi İlham Kərimli 18 avqust 2021-ci il tarixli qətnaməsini əldə etmiş və qətnamədən aydın olmuşdur ki, Bakı şəhəri, Nərimanov Rayonu, A.Məmmədov küçəsi, ev 19, mənzil 6 ünvanında qeydiyyatda olan Səfiyeva Təranə İbrahim qızı mənim anamdan qalmış evi almışdır.
Qeyd edirəm ki, həmin evdə məndən başqa qohumlarım da qeydiyyatdadır.

Qətnamədən aydın olmuşdur ki, Səfiyeva Təranə İbrahim qızı əvvəlcə ərazi MİS (JEK)-nin rəisi ilə cinayət əlaqəsinə girərək, Daş Karxanası küçəsi ev 34V ünvanını Daş Karxanası küçəsi ev 33 ünvanından qanunsuz olaraq ayırmışlar.
Halbuki mənim və qeydiyyatda olan digər sakinlərin bundan heç bir xəbərim olmamışdır. MİS (JEK)-nin rəisi Səfiyeva Təranə İbrahim qızına arayış verərək onun Daş Karxanası küçəsi ev 34V ünvanında qeydiyyatda olduğunu təsdiqləmişdir. Halbuki, Daş Karxanası küçəsi ev 34V ünvanı yoxdur.

Sözügedən ev Daş Karxanası küçəsi ev 33 ünvanındadır. Göründüyü kimi ərazi MİS (JEK)-nin rəisi saxta arayış verərək qeydiyyatda olduğum ünvanı Daş Karxanası küçəsi ev 34V ünvanı göstərmiş, saxta sənəd hazırlayaraq cinayət törətmişdir.

Qeyd edim ki, 24 yanvar 2022 -ci il Ali Məhkəmənin qapalı keçirilən məhkəməsində də hakim Elşad Samoyevin sədrliyi ilə keçirilən məhkəmədə qanunsuz olaraq mənim əleyhimə qərar çıxarılmışdır. Halbuki alqı – satqı barəsində heç bir sübut yoxdur. Faktla bağlı cinayət işi başlamanızı və ərazi MİS (JEK)-nin cinayət məsuliyyətinə cəlb edilməsini müvafiq orqanlardan xahiş və tələb edirəm.

Problemin həlli üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edəcəm.


Yeni Gündəm olaraq operativlik prinsipini əsas  gətirərək JEK-rəisi, Yusif İbrahimovla əlaqə yaratmağa çalışsaqda, qarşı tərəf zənglərimizə cavab vermədi.

Araşdırmamız davam edir

Mövzuya qayıdacağıq…//Yeni Gündəm//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir