Araşdırma

Vətəndaş iki hakimdən yuxarı instansiya şikayət etdi

Maqsudov Nurlan Vaqif oğlu bir sıra rəsmi qurumlara Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayev və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulov haqqında şikayət ünvanlayıb. Azinforum.az həmin şikayəti olduğu kimi təqdim edir:

Ölkəmizin davamlı tərəqqisini təmin etmək üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasına və bu sahədə davam edən islahatların dərinləşməsinə təkan verdi. Azərbaycan Respublikasının  Prezidenti  İlham Əliyevin  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib. Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində müasir informasiya-kommunikasiya texnologiyalarının  və elektron idarəetmənin tətbiqi genişləndirilib. Respublikamızda məhkəmə hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə növbəti dəfə hakim ştatlarının sayı artırılıb, bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılıb.

Bu istiqamətdə tədbirlərin görülməsinə baxmayaraq məhkəmələrin bəzi hakimləri onlara göstərilmiş etimadı və üzərlərinə qoyulmuş məsuliyyəti dərk etməyərək icraatlarında olan işlərlə bağlı hərtərəfli, obyektiv və Qanunamüvafiq araşdırma aparmırlar, nəticədə vətəndaşların məhkəmələrə inamı itir, onların Qanunla qorunan hüquqlarının pozulması ilə bağlı məhkəmələr tərəfindən qərarlar qəbul edilir.

Buna nümunə olaraq aşağıda qeyd etdiyim inzibati işin hallarını, məhkəmələr tərəfindən işə baxılarkən hüquq pozuntularına yol verdiklərini və Qanunlara məhəl qoymadıqlarını diqqətinizə çatdırmaq istəyirəm:

Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru, polis leytenantı Tağıyev Əhməd Hicran oğlu mülkiyyətimdə olan “Hundai Sonata” markalı 10-MN-898 d.q.n. avtomobilimi saxlatdırıb qayda pozduğumu, qoşa xətt üzərində geri döndüyümü bildirib barəmdə İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə) maddəsi ilə İXP 3571444 saylı, 08.10.2020-ci il tarixli inzibati protokol tərtib etmişdir.

Bakı şəhəri DYP-nin YPX baş inspektoru, polis leytenantı Tağıyev Əhməd Hicran oğlunun barəmdə tərtib etdiyi İXP 3571444 saylı, 08.10.2020-ci il tarixli protokolla razılaşmadığımdan onun ləğvi və inspektor Ə.H.Tağıyevin cəzalandırılması ilə bağlı şikayətlə 09.10.2020-ci il tarixdə Bakı şəhəri DYPİ-nə müraciət edərək əlavə qeyd etdim ki, inzibati protokol tərtib edilən ərazidə, yəni Badamdar şossesindəki “Bazarstore” marketinin sonundan üzü Badamdar qəsəbəsi istiqamətində “Gəlin Qaya” şadlıq evinin qarşısına qədər yolu iki hissəyə ayıran qoşa xəttin mövcud olmaması ilə yanaşı dönmə yerini bildirən qırıq-xəttin nə məsafədə, harada başlayıb-bitməsini görmək olmamış, eləcə də digər nəqliyyat vasitələrinin həmin ərazidə şəhər istiqamətində dönmələrini qadağan edən yol nişanı mövcud deyildir. Bundan başqa, inspektordan qayda pozuntusu ilə bağlı fotoşəkil və ya videogörüntü (sübut) təqdim etməyi xahiş etsəm də o, belə bir sübutun olmadığını bildirmişdir. Hər hansı bir yol hərəkəti qaydasını pozmadığımı inspektora deməyimə baxmayaraq, o bunu inkar edərək əsas olmadan barəmdə inzibati protokol tərtib etmişdir.

İnzibati protokolla tanış olduqda onun İXM-nin 100.4-cü maddəsinin pozulması ilə tərtib edildiyi məlum olmuşdur. Belə ki, həmin maddəyə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnspektor Tağıyev Əhməd Hicran oğlu inzibati protokolu özü imzalasa da, mənə imzalamağı təklif etməmiş, eləcə də protokolun məzmunu ilə bağlı mülahizələrimi təqdim etmək, onu imzalamaqdan imtina etməyim barədə protokolda qeydlər aparmaq hüququmu izah etməmiş, bununla da mənə qanunsuz protokol yazmaqla yanaşı Qanunun bu tələbini də pozmuşdur.

Yuxarıda qeyd edilən inzibati protokoldan verdiyim şikayət 30.10.2020-ci il tarixdə idarədə iştirakımla guya araşdırılıb izahatım alınmış və yenə də sübut edilmədən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməyim barədə Bakı şəhəri DYPİ-nin 22.10.2020-ci il tarixli, TP 4006551 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq 30.10.2020-ci il tarixdə mənə təqdim edilmişdir.

İnzibati xətanın mövcudluğu ilə bağlı şübhələrin yaranmasından başqa Bakı şəhəri DYPİ-nin vəzifəsi məlum olmayan polis mayoru Süleymanov Emin Arif oğlunun 22.10.2020-ci il tarixli, TP 4006551 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə tanış olduqda onun tərtib edilməsində də bir sıra Qanun pozuntularına yol verilmişdir.

Belə ki, mübahisələndirilən qərarda Emin Süleymanovun vəzifəsi qeyd edilməmişdir. Halbuki, İXM-nin 102.3.2-ci maddəsinə görə qərarı tərtib edən şəxsin vəzifəsi mütləq göstərilməlidir.

Bundan başqa inzibati araşdırma inzibati xəta törədilən yerdə deyil, Bakı şəhəri DYPİ-nin inzibati binasında, vəzifəli şəxsin iş otağında aparılmışdır. Halbuki, İXM-nin 102.4-cü maddəsinə görə inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır.

Əlavə olaraq Bakı şəhəri DYPİ-nin vəzifəsi bilinməyən şəxs qərarı tərtib edərkən İXM-nin 115.1.3 maddəsinin də tələbini pozmuş, belə ki bu maddəyə görə işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi mütləq qeyd edilməlidir.

         Bundan başqa İXM-nin 75.0.7-ci maddəsinə görə işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait araşdırılmalı və məhkəmə tərəfindən buna düzgün və ədalətli qiymət verilməlidir. Bu səbəblərə və şəraitə isə yollarda nişanlanma və xətlənmənin lazımi qaydada və vaxtında yeniləmə-bərpa işlərinin aparılmaması aiddir.

         Bakı şəhəri DYPİ-nin vəzifəli şəxslərinin yuxarıda qeyd olunan Qanun pozuntuları məhkəmə tərəfindən araşdırılıb onlara ədalətli hüquqi qiymət veriləcəyinə ümüd etdim və qeyd etdim ki, Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayev 2020-ci ilin noyabr ayından başlayaraq Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirak etməməsi və “Covid-19” pandemiyası səbəbindən bir neçə dəfə məhkəmə iclaslarını təxirə salmış, növbəti məhkəmə iclasında, yəni 30 noyabr 2020-ci il tarixdə hakim məhkəmə iclasını açaraq izahatımı dinləmiş və bildirmişdir ki, bu işlərlə bağlı xətanın olub-olmamasını müəyyən etmək üçün sübut kimi yalnız videogörüntüyə baxdıqdan sonra qərar verməsi mümkün ola bilər və bu səbəbdən həmin tarixdə inzibati xəta ilə bağlı sübut əldə edilməsi üçün Bakı şəhəri DYPİ-nə sorğu göndərmişdir. Lakin, Bakı şəhəri DYPİ-i məhkəməni saymayıb, hörmətsizlik edərək inzibati xəta ilə bağlı heç bir sübut təqdim etməmiş, sorğunu cavablandırmamış, səlahiyyətli nümayəndəsini belə iclaslara göndərməmişdir.

Nəhayət, 27 yanvar 2021-ci il tarixdə hakim Abbas Rzayev Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan və inzibati xəta ilə bağlı sübutlar olmadan əsaslı şikayətimi rədd edib, Bakı şəhəri DYPİ-nin haqqımda çıxardığı sübutsuz və Qanunsuz qərarını haqlı hesab etmişdir. 

Məsələyə məntiqi yanaşma: əgər hakim Abbas Rzayev belə bir əsassız və sübutsuz qərar qəbul edib şikayətimi rədd edəcəydirsə, nəyə görə 30.11.2020-ci il tarixdə inzibati xətanın videogörüntüsünün məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhəri DYPİ-nə sorğu göndərirdi?! Həmin sorğu 2 ay müddətində cavablandırılmadığı və sübut təqdim edilmədiyi halda hakim Abbas Rzayev tərəfindən yekun qərarı idarənin xeyrinə qəbul etməsi məntiqini anlamaq olmur. İnzibati Prosessual Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar).

Şikayətimi rədd edib sübut olmadan, eləcə də Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsləri tərəfindən yuxarıda sadaladığım İnzibati Qanunvericiliyin tələblərini pozmalarına göz yumaraq qərar verən hakim Abbas Rzayevin burada nə marağı olmuş, onu belə bir qərar verməsinə nə və ya kim vadar etmişdir ?

Qeyd edirəm ki, hakim bütün hallarda Azərbaycan Respublikasının Konstitusiyasına riayət etməli, «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktları rəhbər tutmalı, cəmiyyətdə məhkəmə hakimiyyətinə, habelə hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. Qanunvericiliyə görə hakim ona həvalə olunmuş işlərə baxarkən, öz vəzifəsini ləyaqətlə icra etməli, fəaliyyətində ədalətli, qərəzsiz və dəyanətli olmalıdır. Bundan başqa hakim hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, məhkəmə hakimiyyətinin nüfuzuna, hakimin yüksək adına xələl gətirə, ədalət mühakiməsini həyata keçirərkən onun obyektivliyini və müstəqilliyini şübhə altına ala bilən hər cür davranışdan çəkinməlidir. Həmin Qanuna görə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Bundan başqa ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 3(001)-32/2021 saylı, 27.01.2021-ci il tarixli qərarından görünür ki, şikayətdə qeyd etdiyim və Bakı şəhəri DYPİ tərəfindən inzibati icraat aparılan müddətdəki Qanun pozuntuları hakimin qərarında öz əksini tapsa da, məhkəmə onlara hüquqi qiymət verməmiş, qərarda həmin pozuntular təsdiq və ya təkzib edilməmiş, hakim qərarında şikayətimin dəlillərini nəyə görə rədd etdiyini ümumiyyətlə əsaslandıra bilməmişdir.

Bundan başqa hakim Abbas Rzayev qərarında səhvə yol verib bu işə heç bir aidiyyəti olmayan İXM-nin 130.2 və 130.3 maddələrinə, yəni şikayət vermə müddətinin bərpası ilə bağlı qanuna istinad etmişdir (!). Həmçinin, məhkəmə iclas protokolunda da şikayət vermə müddətinin bərpasına baxılması qeyd edilmişdir. Bu hallar bir daha sübut edir ki, hakim məhkəmə iclasında hansı məsələyə baxdığını, nəyin araşdırıldığını müəyyən edə bilməyib, ümumiyyətlə nə qərar, nə də iclas protokolunda yazılanlarla tanış olmayaraq onları imza etmişdir.

Bundan əlavə hakim qərarında İXM-nin 133.2.8-ci maddəsinə istinad edib vəzifəli şəxsin qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanıldığını qeyd etsə də, işdə xətanı təsdiq edən hər hansı bir sənəd olmadan, sübut əldə etmədən qərar vermişdir. Bununla da hakim tərəfindən Bakı şəhəri DYPİ-nin qərarının qanuniliyi və əsaslılığı yoxlanılmamışdır.

Qərardan görünür ki, hakim onu tərtib edərkən yalnız şikayətimin məzmununu qərarın əvvəlinə və sonuna köçürməklə, eləcə də İXM-nin bir neçə ümumi maddələrini sadalamaqla qərarında həcm yaradıb onu 4 vərəqə çatdırmış, qərarı əsaslandırmağı isə unutmuşdur. Qərarın sonuna yaxın hissədə isə hadisənin hansı istiqamətdə, hansı şəraitdə, ərazidəki avtomobillərin necə və hansı tələblərə uyğun hərəkət etmələrinin, orada hər hansı bir yol nişanın, yol cizgilərinin olub-olmamasının fərqinə varmayıb hakim absurd bir qənaətə gəlir: “Məhkəmə hesab edir ki, həmin ərazidə olan qoşa xəttin mövcud olması, hətta o bir qədər solğun olmuş olsa belə şikayətçiyə yol hərəkəti qaydalarını pozmağa və geri dönməyə icazə vermirdi.”

Hakim Abbas Rzayev hətta qəbul etdiyi qərarın “qərara aldı” hissəsini İXM-nin 134-cü maddəsinə uyğun tərtib etməmişdir.

Belə ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-“qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında”.

Bir daha qeyd edirəm ki, Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayev hazırkı inzibati iş üzrə Bakı şəhəri DYPİ tərəfindən inzibati icraat aparılarkən Qanun pozuntularını nəzərə almamış, inzibati xətanın olub-olmamasını müəyyən etmək üçün sübut əldə etmədən şikayətimin rədd edilməsi haqqında əsassız qərar qəbul etmişdir.

Həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayətlə müraciət etdim və inzibati iş 12.02.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun icraatına verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulov 17.02.2021-ci il tarixə, yəni 5 gün (?) ərzində məhkəmə iclasını təyin etmişdir. Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan, işdə inzibati xətanın baş verdiyini təsdiq edən heç bir sübut olmadan, şikayətimdə və ona əlavədəki dəlillərə obyektiv qiymət vermədən qərar qəbul etmişdir.

Hakim Rəşad Abdulov ümumiyyətlə inzibati işlə tanış olmadan, işin hərtərəfli və sübutlar əsasında obyektiv araşdırılmasına əhəmiyyət verməyib məhkəmədə Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakının təmin edilməsinə cəhd göstərməyərək çəkişmə prinsipini pozmuş, şikayətimdə və ona əlavədə istinad etdiyim Qanun pozuntularına diqqət yetirməyib qərarını Qanunları təhrif etməklə əsaslandırmışdır. Hakim özü Qanunvericiliyin tələblərini pozub heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlayıb oxşar qərar qəbul etmişdir. Mən anlaya bilmirəm apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə nəyə görə “notariat” (birinci instansiya məhkəməsinin qərarlarının təsdiq edilməsi) rolundadır, yəni işlərin tam, hərtərəfli, sübutlar əsasında, qanunamüvafiq araşdırmadan etmədən ədalətsiz qərarlar qəbul edir?

Apellyasiya instansiyası məhkəməsinin hakimi Rəşad Abdulov qərarında qeyd edir ki, “birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış, şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir”. Halbuki, şikayətimdə və ona əlavədə qeyd etdiyim və Qanunlara istinad etdiyim dəlillərə nəzər yetirdikdə məlum olur ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, bu növ işlər üzrə əsas və mötəbər sübut sayılan inzibati xətanın baş verib-verməməsini müəyyən edən videogörüntü olmadan, Bakı şəhəri DYPİ-nin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakını təmin etmədən İXM-nin 8.2 və 8.3-cü maddələrinin tələblərini pozmaqla qərarlar qəbul etmişlər. Bundan başqa hakimlər şikayətimdəki dəlillərimi öz ziyanıma şərh etməyə çalışaraq inzibati xəta haqqında protokol tərtib edilən ərazidəki yolun xətlənmə və nişanlanma vəziyyətini araşdırmamışlar.

Hakim Rəşad Abdulov qərarın 3-cü vərəqin 7-ci abzasında şikayətimdəki cümləni, yəni “ərazidə avtomobillərdən ibarət sıxlıq yarandığını, avtomobilin uzunluğunun 5 metrə olması, dönmə bucağının az olmasını və bunun yol hərəkəti qaydasının pozmağıma əsas olmadığını” vurğulamış, lakin araşdırmalı olan halı, yəni yolun xətlənməsi, yol nişanları, avtomobillərin yolun hansı hissəsində dönmələrinin mümkün olmasına qiymət verməmişdir.

Bundan başqa hakim Rəşad Abdulov qərarın 4-cü vərəqəsində qeyd edir ki, “qoşa xəttin silinmiş olması, qırıq xətt hissəsinin nə məsafədə, harada başlayıb-bitməsini görmək olmaması” ilə bağlı hala tərəfimdən istinad edilməsi öz-özümü təkzib etməyim kimi başa düşülür. Lakin mövcud olmayan yol xəttindən necə məlumatlı olmağım, heç bir sübutla təsdiqini tapmayan hakimin özünun şəxsi mülahizəsidir.

Eləcə də, qərarın həmin vərəqində hakim qeyd edir ki, “yol hərəkətinin nizama salınmasında təkcə yol nişanları deyil, eyni zamanda svetoforlar, nişanlanma xətlərindən də istifadə olunur”. Hakim bu qanunun nişanlanma xətləri hissəsinə istinad etsə də, həmin xətlərin ərazidə mövcudluğunu araşdırmamışdır.

Eləcə də, hakim Rəşad Abdulov qərarın həmin vərəqində İXM-nin 115.1.1-ci maddəsinə istinad edib şikayətimdəki bununla bağlı dəlilimi əsassız hesab etməyə çalışsa da, hakim faktiki öz-özünu təkzib etmişdir. Belə ki, həmin maddədə birmənalı qeyd edilir ki, qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi mütləq göstərilməlidir. Hakim isə həmin maddəni özünə məxsus təhrif edib qeyd etmişdir ki, “Qərarda bu qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi göstərilməsə belə, adı, soyadı, ata adı və rütbəsinin göstərilməsi bu qərarın vəzifəli şəxs tərəfindən qəbul edildiyinə dəlalət edir.” Həmçinin, həmin vərəqdə İXM-nin 115.1.3 maddəsinə istinad edib şikayətimdəki (vəzifəli şəxsin qəbul etdiyi qərarda vətəndaşın identifikasiya nömrəsinin mütləq göstərilməsi) dəlili əsassız olduğunu göstərsə də, həmin maddəni təhrif edib qeyd etmişdir ki, vətəndaşın adı, soyadı, ata adı, təvəllüdü və qeydiyyat ünvanı fərdi identifikasiya nömrəsi kimi qəbul edilir (?!).

Bundan başqa hakim Rəşad Abdulov, qərarın sonuncu vərəqində İXM-nin 102.4 maddəsinə görə inzibati araşdırmanın vəzifəli şəsxin iş otağında deyil, inzibati protokolun tərtib edildiyi yerdə olmasına dair şikayətimdəki dəlili təkzib edərkən əsassız olaraq İXM-nin 102.1 maddəsinə istinad etmişdir. Halbuki, inzibati protokoldan Bakı şəhəri DYPİ-nə verdiyim şikayət əsasında idarəyə dəvət edildim, sonradan məhkəmələrə təqdim olunmayan müəmmalı videogörüntü nümayiş olunmuş, vəzifəli şəxsin otağında inzibati protokolun əsassız olması və qərar qəbul edilərsə məhkəməyə şikayət verəcəyimlə bağlı tərəfimdən izahat tərtib edilmişdir. Yəni, hakim belə qənaətə gəlmişdir ki, guya inzibati xəta protokolu ilə bağlı araşdırma olmamışdır.

Hakim Rəşad Abdulov həmçinin inzibati icraatın başlanmasına səbəb olmuş İXM-nin 75.0.7-ci maddəsində qeyd etdiyim halı araşdırmamış və hüquqi qiymət verməmişdir.

Həmçinin, hakim Rəşad Abdulovun qərarının “qərara aldı” hissəsindəki cümləsi də qeyri-müəyyəndir. Belə ki, “qərara aldı” hissəsinin düzgün oxunması üçün “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi” sözləri həmin məhkəmənin qəbul etdiyi qərar tarixinin qarşısında yazılmalı idi.

Bütün yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, Prezident tərəfindən onlara etimad edilməsinə baxmayaraq hazırda Azərbaycan məhkəmələrində Abbas Rzayev və Rəşad Abdulov kimi Qanunları pozaraq onları təhrif edən, vətəndaşların hüquqlarını pozan, ədalətli məhkəmə araşdırması anlayışına əhəmiyyət verməyən və vəzifəli şəxslərin (Bakı şəhəri DYPİ-nin) məhkəməyə saymamazlıq etməsinə laqeyd qalan hakimlərin bu cür fəaliyyət göstərmələri və Azərbaycan Respublikası adından Qanunsuz qərarlar qəbul etmələri təəssüf hissi doğurur.

Qanunda inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından şikayət nəzərdə tutulmadığından hazırkı şikayətlə müraciət edib bu kimi hakimlər tərəfindən gələcəkdə digər vətəndaşların hüquqlarının və haqlarının pozulmasının qarşısının alınması üçün aidiyyəti yuxarı qurumlar tərəfindən tədbir görülməlidir.

Aidiyyəti orqanlar tərəfindən bu inzibati iş öyrənilərək araşdırılmalı, işə baxılmasında və qərar qəbul edilməsində Qanun pozuntularına, qərəzçiliyə və qeyri-obyektivliyə yol vermiş Binəqədi rayon məhkəməsinin hakimi Abbas Rzayev və Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulov haqqında intizam icraatı başlanılmalıdır.

         Qeyd edilənlərlə bağlı

XAHİŞ EDİRƏM:

         İnzibati iş nəzarətə götürülüb öyrənilsin, Binəqədi rayon məhkəməsinin hakimi RzayevAbbas Əhəd oğlu və Bakı Apellyasiya Məhkəməsini hakimi Abdulov Rəşad Məhərrəm oğlu tərəfindən işə qərəzli, qeyri-obyektiv Qanunvericiliyinin tələblərinin pozulması ilə baxılması araşdırılsın, Qanunları pozmuş həmin hakimlər haqqında intizam icraatı başlanılsın və onların cəzalandırılması məsələsinə baxılsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir