Araşdırma

Etibar Məmmədov “Konstra” MTK 73263.53 AZN, “Orxan TİT” MMC isə 263204.46 AZN vergi borcunu ödəmir.

Sharing is caring!

2018-ci ilin iyul ayının 5-də sifarişçi “Orxan TİT” MMC ilə podratçı “Konstra” MTK arasında 5 milyon manat dəyərində müqavilə bağlanılıb. Müqaviləyə əsasən “Konstra” MTK “Orxan TİT” MMC üçün paytaxtın Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında 21 mərtəbədən ibarət ümumilikdə 224 mənzil inşa etməli olub. 

XəbərAl.az xəbər verir ki, 21 yanvar 2020-ci il tarixdə imzalanmış “Mənzillərin bölgü aktı”na əsasən sözügedən 224 mənzilin 62 ədədi “Konstra” MTK-a təhvil verilib və bununla hər iki qurum arasında müqavilə şərtləri dayandırılıb. 

3 iyun 2020-ci il tarixində AR Baş Prokurorluğu məlumat yayır:

““Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılmışdır.

Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.”

Belə ki, “Konstra” MTK tabeliyində 62 mənzil olmasına baxmayaraq 169 şəxsə mənzil satır. Baş Prokurorluq cinayət işi başlatdığına görə binada hər iki mülkiyyətçinin əmlakına həbs qoyulur, satış və evlərə sakinlərin köçməsi qadağan edilir. “Konstra” MTK tərəfindən aldadılan 169 sakin dəfələrlə aidiyyatı qurumlara müraciət edib, etiraz aksiyaları həyata keçirib. Lakin heç bir müsbət nəticə əldə edə bilməyiblər.

Bəs, sözügedən qurumlar kimindir? BAXAR.AZ-a daxil olan sənədlərdə qeyd olunur ki, “Orxan TİT” MMC-nin rəhbəri Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun mərhum qardaşının oğlu Rövşən Məmmədovdur, o, bu şirkətdə təsisçidir. “Konstra” MTK-nin rəhbəri isə Hesablama Palatasının sabiq şöbə rəisi Bəhram Abbasovun oğlu Bəsrət Abbaslıdır. 169 vətəndaşın isə sözügedən layihədə 22 milyon manatı mənimsənilib.

“Konstra” MTK 73263.53 AZN, “Orxan TİT” MMC isə 263204.46 AZN vergi borcunu ödəmir. 

Mətbuatda gedən yazıların tənqidinə dözməyən sözügedən şirkətlərin rəhbərləri isə mətbuat nümayəndələrinə “söz” göndərməklə məşğuldur.

Mövzunu araşdırmağa davam edirik.

Qeyd edək ki, yazıda qeyd olunan məlumatların sənədlərini ictimaiyyətlə də bölüşməyə hazırıq.

Fərid İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir