Araşdırma

Yeni ildə bayram süfrəsi açmaq neçəyə başa gələcək? – ARAŞDIRMA + FOTO

Sharing is caring!

Qarşıdan səbirsizliklə gözlədiyimiz 2021-ci il gəlir. Yox, əgər 2021-ci ildən heç nə gözləmirəm deyirsinizsə, ən azından 2020-ci ilin bitməsini səbirsizliklə gözləyirsiniz.

Bu il iki düşmənlə fərqli cəbhələrdə mübarizə aparmalı olduq. Bu mübarizədə birlik olmağı bacardıq. Bəlkə, bu il bayramı hər kəs eyni həvəslə qarşılamayacaq, lakin adətdəndir ki, hamı sevdikləri ilə eyni masa başında olacaq. Bu məqamda bayram süfrəsindən danışmağa dəyər.

Bayram süfrəsi zövqə görə dəyişir. Burada dəqiq qiymətlər ortaya qoymaq o qədər də asan deyil, lakin təxmini nə qədər xərcimizin çıxacağını deyə bilərik. Bayram gününün digər günlərdən fərqi süfrədə çeşidin çox olmasına diqqət ayırmağımızdadır. Əslində, gündəlik də sadaladığımız məhsullardan istifadə edirik və qiymətlərlə az-çox tanışıq.

Gəlin, istifadə olunan əsas məhsullardan biri olan ət və ət məhsullarının qiymətəri ilə tanış olaq.

Mal ətinin qiyməti market və qəssab mağazalarında müəyyən qədər fərqlidir. Belə ki, mal əti qiymətləri sümüklü və sümüksüz olmaqla qəssab mağazalarında 10,5 və 15 manat arasında, marketlərdə isə 10,5 və 18 manat arasında dəyişir. Quzu əti 13-15 manat arasında, toyuq əti isə 3-5 manat, file isə 5,5-7 manat arasında dəyişir.

Digər əsas məhsullardan biri kərə yağıdır. Onun qiymətləri kiloqramına görə orta hesabla 12,5-14 manat arasında dəyişir. Lakin qiymətlər 28 manata qədər də arta bilir. Süfrənin əsas atributunu təşkil edən plov üçün istifadə edilən düyü 3,5-5,5 manat arasında dəyişir.

Hər bayramın olmazsa-olmaz deyimiz çərəz və quru meyvələrinin qiymətlərini də hesabladıq.

Quru meyvələrdən sarı kişmişin kiloqramı, adətən, 6,5-7,5 manat arasında satılır, lakin bu, növə görə 19 manata qədər də arta bilir. Qara kişmiş 8,5-13,5 manat arasında, ərik qurusu 11,5-12,5 manat arasında dəyişir.

Çərəzlərdən qoz ləpəsi kiloqramına görə, adətən, 16-20 manat arasında satılır. Lakin qiymətlər 27 manata qədər də arta bilir. Təmizlənmiş fındıq 15,5-19,5 manat arasında, badam 22,5 manat civarında satılır və qiymət 28 manata qədər arta bilir. Fıstıq 6,5-8 manat arasında dəyişir. Şabalıd isə 6-8 manat və daha yuxarı məbləğdə istehlakçıya təklif olunur.

Konfet və şokoladların qiymətləri 4,5 manatdan başlayır, orta qiymətlər, adətən, 7-8 manat civarındadır. Yerli və xarici məhsul olmaqla qiymətərdə fərq yaranır. Qiymət xarici məhsulda kiloqrama görə 25-35 manata qədər də arta bilir.

Təbii meyvə şirələri 1,7-3 manat civarında istehlakçıya təqdim olunur. Təbii ki, qiymət burada da arta bilir. Qablaşdırma və brend fərqi xüsusi rol oynayır. Qazlı içkilər 1-3 manat arasında dəyişir. 

Soyuq yeməklər və salatlar üçün istifadə edilən məhsullardan mayonez (850-900 ml) 2,9-3,7 manat arasında dəyişir, zeytun (kiloqrama görə) 7,8-12,5 manat arasında, pendir çeşidləri (kiloqrama görə) 4,9-dan 14 manata qədər, xüsusilə, “goude”, “cheddar” (sarı pendir adlandırılır) növlərinin qiyməti 9,5-14,9 manat arasında dəyişir.

Konservləşdirilmiş məhsullardan yaşıl lobya (425-720 ml.) 2-3,2 manat arasında dəyişir, qarğıdalı konservi (350-850 ml.) 2-4 manat civarında, turşular (kiloqrama görə) 2,5-dən başlayır. Yumurta 20 qəpik civarında, göyərti növləri 15 qəpiklə 30 qəpik arasında dəyişir.

Kolbasa qiymətləri isə bir kiloqrama görə doqquz manat ilə ortalama 16 manat arasında dəyişir. Lakin qiymətlər 25-30 manata qədər də arta bilir. Bu daha çox xarici məhsullar üçün keçərlidir.

Meyvələrdən alma 1-2 manat civarında, banan 2-2,5 manat arası, portağal 1,5-2 manat arası, qreyfrut 2-2,5 manat, limon 1,5 civarında, ananas 4,5-5 manat, nar 2,5-4 manat civarındadır.

Tərəvəzlərdən pomidor 1-2,5 arası, xiyar 1,5-3 manatdır. Nəhayət, əgər bu bayram tortsuz olmaz deyirsinizsə, kiloqrama görə tort sifarişləri 12 manatdan başlayır.

Nəticə etibarilə bu il bayram süfrəsi üçün orta hesabla 150-300 manat civarında vəsait lazım olacaq.

Bayramın əsas məqsədi, əslində bütün sevdiklərimizi süfrə başında eyni həvəs və sevinclə görməkdir, fərqi yoxdur o süfrədə neçə çeşid yemək var. Heç israfçılığa gərək də yoxdur. Bəlkə də, bir çox insan bayram süfrəsini ən təvazökar şəkildə quracaq və bu, təqdirəlayiq bir haldır.

Bəlkə də, bəzilərimiz bu Yeni ili ailəsi ilə birgə keçirə bilməyəcək. Bəzilərimiz sadəcə bayramı keçirmək həvəsində olmayacaq…

2020 çox qəribə bir il oldu. Sevincimizin qədəri kədərimizə bərabər oldu bu il. Bir yandan əsl qeyd edilməli il olsa da, bir yandan da hər birimiz üçün çətin keçdi. Lakin bu il hər şeydən əvvəl Həmrəylik Gününü qeyd etməyə dəyər. Bu il biz həmrəy olmağın xalq kimi tam olaraq haqqını verdik.  

Bayramınız Mübarək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir