Araşdırma

Balakən icra hakimiyyətindən BİABIRÇI MÜNASİBƏT… – NARAZILIQ…

Sharing is caring!

Balakən sakini Şahin Dabaxov oktyabrın 7-də Suqovuşanda yaralanıb. O, doğma rayonunda məmur biganəliyindən narazıdır.

Şahin Dabaxov sentyabrın 21-də ehtiyatda olan hərbi qulluqçu kimi təlimlərə çağırılıb. Müharibənin ilk günündən döyüşlərdə iştirak etməyə başlayıb. 28 yaşlı döyüşçü oktyabrın 7-də yaralanıb. Qəlpə döş nahiyəsinə dəyib. Sonradan onu cərrahiyyə əməliyyati ilə çıxarıblar.

Şahin Dabaxovun bir neçə qabırğası da sınıb. Dediyinə görə, bu üzdən indi nə əyləşə, nə də uzana bilir: “Gəncə hospitalındaydım. Oktyabrın 14-də evə buraxıldım. Müalicə də evdə davam edir. Daha çox ayaqüstə qalmağa, gəzişməyə çalışıram. Qabırğalarım sındığına görə əyləşəndə və uzananda çox ağrı verir”.

Şahin Dabaxov rayon rəhbərliyinin ona heç bir diqqət ayırmadığını deyir. Gəncə hospitalında onun qayğısına qalıblar. Amma Balakəndə eyni diqqəti görməməyindən gileylənir: “Rayonda hörmətsizliklə qarşılaşdım. Ağır vəziyyətdəyəm, amma diqqət görmürəm. Cavan yaşımda ailəmin üstünə yarımcan gəlmişəm. Amma heç kəs mənimlə maraqlanmır. Gəlib soruşmurlar ki, nə kömək lazımdı, hansı həkimə aparaq səni? Heç nə görmürəm”.

Balakənli əsgər yaralandığına görə məzuniyyətə buraxılıb. Müalicəsini doğma yerlərdə davam etdirməli olub. Həkimə gedib, dərman yazılıb. Heç bir gəlir mənbəyi olmayan əsgərin dərmanlarına 47 manat lazım olub ki, onu da ödəyə bilməyib:

“İndiyə qədər heç kimə ağız açıb deməmişəm ki, filan işdə mənə kömək elə. Gedib icra başçısının müavinilə – Mehparə xanımla görüşdüm. Dedi ki, bizim büdcədə yaralı əsgərlərə yardım üçün vəsait nəzərdə tutulmayıb, belə tapşırıq verilməyib. Mənim ailəm var. Atam 60 yaşına çatıb. Gedib haradansa pul qazanıb gətirə bilmir o adam. Sonradan icra başçısı zəng vurub dedi ki, mən sənə o pulu verərəm. Onlara da dedim, məsələ təkcə 47 manatda deyil. Öz dərmanlarına 47 manatı tapa bilməyən adamın ailəsinin vəziyyətini təsəvvür eləsinlər. Mən istəyirəm ki, sağlamlığımla maraqlansınlar”.

Şahin Dabaxov hərbi təlimlərə yola düşəndən cəmi 12 gün idi ki, ailə qurmuşdu. Deyir ki, belə olacağını təsəvvür etmirdi, əvvəldən bilsəydi, ailə qurmazdı: “Əlimdə işim var idi, ev təmiri, inşaat işləri ilə məşğul olurdum. Qızıl taxtımız yox idi, amma ailəmi dolandırırdım. İndi üzüm gəlmir ki, 60 yaşlı atamdan pul istəyim. Siqaret çəkirəm, almaq üçün pul istəməyə utanıram”.

Balakən sakininin pensiya məsələsi hələ müzakirə olunmur. Onun sözlərinə görə, hospitaldan verilən sənəddə “qazi şəhadətləndirilməlidir” ifadəsi yer alıb: “Bir çox adamlara göstərdim. Belə başa düşdüm ki, əlilliyim tanınmalıdı. Amma sənəddə həm də o yazılıb ki, beş gün sonra cəbhəyə qayıtmalıyam. Bütün yaralılar kimi mənim evə buraxılmağım da məzuniyyət sayılır. Mən geri qayıtmalıyam, amma qabırğalarımın ağrısından yata bilmirəm”.

Şahin Dabaxov deyir ki, Balakəndə rayon rəhbərliyi təkcə ona biganə münasibət göstərmir. Başqa yaralı döyüş yoldaşından da xəbər bilən yoxdur: “Biri var, məndən də pis yaralanıb. Maddi baxımdan mənim günümdədir. Nə bələdiyyə maraqlanır, nə icra nümayəndəsi, nə də icra hakimiyyəti. Yazıq bir azyaşlı uşaqla kirayədə yaşayır. Yata bilmir, yuxu dərmanları alır ki, gözünü yumsun. Onun qapısını da açan yoxdu. Təkcə gəlib camaat xəbər bilir. Vəzifəli şəxslərdən heç kim gözə görünmür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir