Araşdırma

Ərazilərimizin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? – ŞƏRH

1989-1993-cü illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan rayonları işğal olunmuş və işğal tarixindən bu günədək talançılıq, qeyri-səmərəli istismar nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. Bu səbəbdən, gələcək bərpa işləri ümumi infrastrukturun və ilkin yaşayış şəraitin qurulmasından başlamalı və sonrakı mərhələdə isə iqtisadi inkişaf layihələrinə keçilməlidir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhində deyilir.

Məlumatda bildirilib ki, zonanın sənaye potensialına 4 bucaqdan baxılır, mövcud olan digər inkişaf aspektləri isə gələcəkdə daha böyük tədqiqatlarla açıqlanacaq. Beləliklə, ilkin baxışda zəngin su təchizatı, elektrik enerjisi, sənaye rekreasiya imkanları və zəngin faydalı qazıntılar azad olunan ərazilərin sənaye potensialının karkasını təşkil edir.

Bütün dünyada iqlim dəyişikliyi və onun nəticəsində su qıtlığı ən aktual problemlərdən biridir. Su qıtlığı Azərbaycan üçün də önəmlidir. Ölkənin su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir. Bu kontekstdə azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir.

Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda – Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədidə 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq.

Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Həmçinin regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir.

Regionun əsas elektrik enerjisi istehsalı su yığımı və təchizatı areallarına təsadüf edir. Söhbət təbii ki, Sərsəng və Xudafərin SES-lərindən gedir. Hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər. Xudafərin SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Araz üzərində elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı gətirə bilər.

Ümumilikdə, bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir.

Ehtimal edilir ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6 faizi işğal altında olan rayonların payına düşür. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir.

Beləliklə, regionun mineral su ehtiyatı içki sənayesində yeni emal güclərinin, içki sənayesi-turizm-rekreasiya üçbucağında müasir habın təşkil edilməsinə şərait yarada bilər.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarının əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcək.

İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları yataqları yerləşir.

Yuxarıda sadalanan növ faydalı qazıntıların olduğu yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kub metr mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min kub metr üzlük daşı, 23 milyon 243 min kub metr gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min kub metr perlit, 2 milyon 144 min kub metr pemza, 129 milyon 833 min kub metr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib.

Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

Aşağıdakı cədvəldə işğal olunmuş rayonlar üzrə ayrı-ayrılıqda hansı faydalı qazıntıların olduğu verilir:

Məlumatda qeyd edilib ki, yuxarıdakı faydalı qazıntılarla bağlı məlumatlar müəyyən mənada nisbi xarakter daşıyır və növbəti mərhələdə bütün yataqların qiymətləndirilməsi aparılmalı, sovet dövrünə aid rəqəmlər dəqiqləşdirilməlidir. Nəzərə alınmalıdır ki, keçən 30 il ərzində ərazilər talançılığa məruz qalıb. Həmçinin, yeni qiymətləndirmə üsulları meydana gəlib və regionun faydalı qazıntılarla bağlı yeni geoloji xəritəsi hazırlanmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir