Araşdırma

“Eureporter”: “PKK terrorçuları “Hizbullah”ın Bağdaddakı qərargahına yerləşdirilib, sonra da İran üzərindən Qarabağa aparılıb”

Sharing is caring!

ASALA və PKK/YPG kimi terrorçu təşkilatların üzvləri kütləvi şəkildə Dağlıq Qarabağa axışırlar. Onlara yaşıl işıq yandıran Ermənistan türk düşmənlərini bir araya gətirir. Azərbaycanla müharibədə terrorçulara sığınan Ermənistanın yeritdiyi bu siyasət haqqında Azərbaycan mətbuatında mütəmadi yazılar gedir. Məmnunluq doğuran odur ki, bu mövzu artıq Qərbin siyasi mərkəzlərində də əks-səda doğurur.

Belə nümunələdən birini diqqətinizə çatdırırıq.

“Ermənistanın Suriya və İraqdakı Kürdüstan İşçi Partiyası (PKK) terrorçularını gələcək döyüşlərə hazırlaşmaq və erməni yaraqlılarını hazırlamaq üçün işğal altındakı Dağlıq Qarabağ ərazilərinə köçürməsi ilə bağlı həyəcanlı xəbərlər gəlməkdədir. Bu xəbərlər yalnız Azərbaycanda yuxuları ərşə çəkmir, həm də Avropanı rahat yatmağa qoymur”.

”Eureporter”in yazarı Ceyms Vilsonun (James Wilson) “PKK-nın Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunması Avropanın təhlükəsizliyini zərbə altında qoyur” (“PKK’s involvement in the Armenia-Azerbaijan conflict would jeopardize European security”) adlı məqaləsi belə girişlə başlayır.

Qeyd edək ki, www.eureporter.co saytı rəsmi Brüsselə bağlıdır və Avropada multimedia xəbər platforması kimi nüfuz qazanıb. Bu saytın xəbərləri Avropa Birliyinin bütün rəsmi dillərində yayımlanır. Yəni son dərəcə sanbalı bir media mərkəzi bizim dediklərimizi daha yüksək tribunadan bəyan edir və daha böyük bir auditoriyaya çatdırır. Əlbəttə, bu, son dərəcə önəmli bir məsələdir.

Gəlin görək sayt bu məsələ ilə bağlı hansı qənaətdədir? Rəsmi Brüsselə bağlı media qurumu bu problemə hansı bucaq altında baxır?

Sayt yazır ki, Livan, Suriya və İraqdan erməni mənşəli qaçqınlar gətirilərək işğal altındakı ərazilərdə yerləşdirilir. Bu yolla bölgənin demoqrafik göstəricilərini dəyişdirmək istəyirlər. Bu, qanunsuz olsa da, Dağlıq Qarabağı ABŞ və AB daxil olmaqla bütün Qərb ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınan PKK yaraqlıları ilə doldurmaqla müqayisədə o qədər də təhlükəli deyil.

2009-cu ildə Suriya müharibəsi başladıqdan və bu il avqustun 4-də Beyrutdakı partlayışdan sonra Ermənistan süni köçürmə siyasəti yolu ilə Dağlıq Qarabağın demoqrafik vəziyyətini dəyişdirmək və 30 illik erməni işğalını möhkəmləndirmək istəyir. Bunlar beynəlxalq hüququn, Cenevrə Konvensiyasının və müxtəlif beynəlxalq müqavilələrin pozulması hesabına həyata keçirilir.

Peşəkar döyüşçü olan yaraqlılar və terrorçular muzd müqabilində döyüşürlər. Onların Dağlıq Qarabağa yerləşdirilməsi beynəlxalq hüquq normalarına ziddir və onlar hərbi cinayətkar kimi qəbul olunurlar. Belələri həm də bölgədəki sülh və sabitliyi uçuruma yuvarlayırlar.

Təqdim etdiyimiz sayt da “Cairo24 News Agency”si və digər etibarlı mənbələrin verdiyi məlumata əsaslanaraq yazır ki, Ermənistanın ən yüksək səviyyəli diplomatları “Kürdüstan Vətənpərvərlər Birliyi” (Patriotic Union of Kurdistan) ilə danışıqlar aparıb. Lahur Sheikh Jangi Talabany və Bafel Talabaninin rəhbərlik etdiyi bu qanad daha çox hərbiləşib. Daha əvvəl isə İraqadakı kürd avtonomiyasının rəhbəri Neçirvan İdris Barzani ilə danışıqlar aparılmışdı. Uğursuzluqla nəticələnən həmin danışıqlarda kürd döyüşçülərin Dağlıq Qarabağa göndərilməsi üçün dəhliz əldə olunması müzakirə olunmuşdu.

Məlumata görə, Ermənistanın davamlı səyləri nəticəsində PKK-nın İraqdakı qalası sayılan Süleymaniyyədən yüzlərlə silahlı terrorçunun İran üzərindən Dağlıq Qarabağa sıçraması təmin edilib.

 

Çoxunun PKK-nın Suriyadakı qanadı olaraq gördüyü YPG yaraqlıları Suriya-İraq sərhədindəki Qamışlı bölgəsindən Dağlıq Qarabağa göndərilib. PKK / YPG yaraqlılarının İraqın Ərbil şəhərinin cənubunda Mahmur bazasınında yaradılmış üçüncü qrupu isə bir vaxtlar “Hizbullah”ın İraq qanadının Bağdaddakı qərargahına yerləşdirildi. Sonra onlar da İran üzərindən Dağlıq Qarabağa ötürüldü.

Kəşfiyyat məlumatlarına görə, Dağlıq Qarabağa göndərmə öncəsi İran İnqilab Keşikçiləri öz torpaqlarında yaraqlılara təlim keçiblər. PKK-ın Qəndildəki bazasından (son illərdə dəfələrlə Türkiyə tərəfindən hərbi hücumlara məruz qalıb) xeyli kənarda olan bu baza daha təhlükəsiz yerdə yerləşir.

Ermənistan ilk dəfə deyil ki, öz maraqları naminə terrorçuları hərbi əməliyyatlara cəlb edir və muzdlulara pul ödəyir. 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı da belə olub. O vaxt da kürdlər Rusiya və Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunub.

Hazırkı Ermənistan rəhbərliyi Azərbaycana qarşı getdikcə daha davakar mövqe nümayiş etdirir. İki ölkə arasında gedən danışıqlar prosesinə daxili siyasi yanaşmalardan dolayı maneə törədilir. Ermənistanda iqtisadi tənəzzülün dərinləşməsinə və səhiyyə sahəsində bərbad vəziyyət yaranmasına baxmayaraq, belə davranış sərgilənir. Ermənistanın hazırkı rəhbərliyi ATƏT tərəfindən razılaşdırılmış çərçivə anlaşmasından nəinki imtina edir, hətta tələb edir ki, danışıqlara sıfırdan başlamaq lazımdır.

Bir daha vurğulayım ki, bütün bu fikirlərin hamısı məhz “eureporter” saytına məxsusdur.

Sayt daha sonra yazır ki, ermənilər övladlarını cəbhəyə göndərməkdən getdikcə daha çox imtina etdikləri üçün Ermənistan rəhbərliyi terror qruplaşmalarındakı yaraqlılardan istifadəyə üstünlük verir. Həm də bu yolla əsgər itkilərini minimuma endirmək fikrindədirlər.

Baş nazir Nikol Paşinyan xalqı könüllü hərbi birləşmələr yaratmağa səsləyir. Belə çağırışlara isə Burkina Fasso kimi münaqişə bölgələrində təsadüf edilir.

Nikol Paşinyanın rəhbərliyi altında Qafqazda son illərin ən pis hərbi münaqişəsi baş verdi. 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın Tovuz rayonuna ağır silahlardan istifadə edilməklə hücum oldu…

Sayt onu da xatırladır ki, BMT-nin Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağ və ətrafındakı yeddi bölgədən Ermənistan silahlı qüvvələrinin dərhal geri çəkilməsini tələb edən 4 qətnaməsi var. Ancaq Ermənistan həmin qətnamələrə hələ də əməl etməyib.

“Dağlıq Qarabağa Yaxın Şərqdəki hərbiləşdirilmiş qruplardan muzdluların cəlb edilməsi regional güc mərkəzlərini qarşı-qarşıya qoyaraq münaqişənin beynəlmiləlləşməsinə səbəb ola bilər”, – deyə, sayt xəbərdarlıq edir.

Bildirir ki, Ermənistanın təhlükəli hərəkətləri Azərbaycanın neft və qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınmasına mane olur.

Məqalənin sonunda deyilir ki, Ermənistan Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu kimi böyük infrastruktur layihələrini təhlükə altına atmaqla Avropanın enerji və nəqliyyat təhlükəsizliyinə böyük əngəl yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir