Araşdırma

Sabiq icra başçısının inanılmaz maxinasiyaları üzə çıxdı – Arif Qasımov şəhid anasının evini niyə yandırtdırıb? – Fotolar

Sharing is caring!

Qaynana adına saxta sənədlər, vəd olunan sərəncamlar, “pay” verilmiş mənzillər və milyonlarla borc – Nizami rayonunda görünməmiş rüşvət və korrupsiya əməlləri

Nizami rayonun sabiq icra başçısı Arif Qasımovun vəzifədə olduğu dövrlərdə saya gəlməyəsi qədər qanunsuzluqlara yol verməsi barədə mətbuatda çox yazılıb. Bu adam özün məmurdan daha çox torpaq dəllalı və saxta sənədlər hazırlamaq üzrə yüksək səviyyəli “mütəxəssis” kimi tanıdıb. O, icra başçısı işlədiyi rayonu dövlətin müəyyən etdiyi qaydalarla deyil, özünün şəxsi biznes maraqlarına uyğun şəkildə idarə edib ki, bunun da nəticəsində topdağıtmaz səltənətə sahiblənməyə müvəffəq olub. Əlbəttə, bu, Arif Qasımovun Nizami rayonundakı “yaradıcılığının” görünən tərəfidir. Görünməyən tərəflərdə daha ağır əməllər dayanır və onlar barədə toplu məlumatların əks olunduğu kitab da var. Təəccüblənməyin, bu kitabın adı Cinayət Məcəlləsidir və məhz orada Qasımovun Nizami rayonundakı korrupsiya və rüşvət “performansı”, saxta sənəd hazırlamaq “istedadı”, vəzifədən sui-istifadə etmək “qabiliyyəti”, əvvəlcədən əlbir olan mütəşəkkil cinayətkar dəstə yaratmaq “bacarığı”, dövlət əmlkanı və vəsaitlərini talamaq “cəsarəti”, başqalarının əmlakını mənimsəmək “qətiyyəti” və sair “özəllikləri” barədə məlumatlara MADDƏ-MADDƏ rast gələ bilərik. Ümumiyyətlə, Cinayət Məcəlləsi Arif Qasımovun avtoportretini yaratmaq üçün unikal vasitə hesab oluna bilər. Hətta orada elə maddələr var ki, birbaşa Arif Qasımovun ƏYNİNƏ BİÇİLİB. Oxuduqca sabiq icra başçısını əvvəlcə Kürdəxanıda, sonra da müxtəlif MÜƏSSİSƏLƏRDƏ təsəvvür edirsən.

Arif Qasımov olduqca “unikal” adamdır. Məsələn, sabiq icra başçısı olmasına baxmayaraq vəzifədə olduğu dövrdə mənimsədiyi vərdişləri bu gün də davam etdirir. Həbsxanada olmadığına görə Tanrıya şükr etmək əvəzinə, özünü nümyişkəranə şəkildə “toxunulmaz adam” kimi göstərən Qasımov Nizami rayonunu indi də özünün şəxsi ofisindən “idarə” etməyə çalışır. Qısası, Qasımovun QARA MÜHASİBATLIĞI bu gün də Nizami rayonundan əl çəkmir. Elə əməllərə imza atılır ki, bütün bunlar barədə daha geniş və detallı şəkildə danışmaq zərurəti var. Hələlik başlayaq Arif Qasımovun icra başçısı olduğu dönəmlərə təsadüf edən qanunsuz əməllərindən.

Əldə etdiyimiz dəqiq məlumatlara görə, Arif Qasımov Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışdığı dövrlərdə özünə topdağıtmaz səltənət qura bilib. Bu yazıda Qasımovun səltənətinə daxil olan bir neçə obyektdən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlamasından, eləcə də iş adamlarından aldığı külli miqdarda rüşvətin müqabilində sərəncam verəcəyi vədini yerinə yetirməməsindən bəhs edəcəyik.

Arif Qasımovun biznes imperiyasına daxil olan obyeklərin bir çoxu başqa-başqa adamların adına rəsmiləşdirilib. Əvvəllər obyektlərini, ələ keçirdiyi əraziləri qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına qeydiyyata aldırsa da, sonradan iz itirmək məqsədilə həmin obyektlər başqa adamların adına keçirilib. Məsələn, bu sırada Qara Qarayev prospektində – “Rahat” marketin qarşısında yerləşən və “Konkakt Home” mağazalar şəbəkəsi tərəfindən icarəyə götürülmüş ikimərtəbəli tikilini göstərmək olar. Bu obyek Arif Qasımovla müştərək bir neçə tikinti layihəsində iştirak etmiş iş adamı Elsevərin əməkdaşlarından birinin adına sənədləşdirilib. Qasımov Elsevər adlı iş adamı ilə birgə çoxmərtəbəli bina da inşa etdirib. Bu bina Rüstəm Rüstəmov küçəsində yerləşir.

Sabiq icra başçısının Anar adlı iş adamı ilə də bir neçə müştərək işi olub. Burada bir məqamı qeyd edək ki, Qasımov həm də o icra başçılarından olub ki, təzyiq yolu ilə özünü müxtəlif obyektlərə şərik kimi qəbul elətdirib. Onun Anar adlı iş adamı ilə birgə sahiblik etdiyi restoran sonradan Qasımova Maştağa qəsəbəsində böyük bir “parnik” qazandırıb. Belə ki, Anar öz “parnikindən” Arif Qasımovun xeyrinə imtina etməklə şərikli restoran işlətmək əzabından qurtula bilib.

Qara Qarayev prospektindəki “Ağ Çiçəyim” mağazasının yanındakı paltar mağazası da sabiq icra başçısına məxsusdur. Nədənsə bu obyek hələ də Qasımovun qaynanasının adına qeydiyyatdadır. Görünür obyektlərin sayının çox olması səbəbindən Qasımov bu mağazanın addan-ada keçirilməsi əməliyyatını hələlik yekunlaşdıra bilməyib.

Sabiq icra başçısı Nizami rayonundakı biznesini özünün məşhur qalasından – “Ofis” kimi tanınan binadan idarə edir. Bu binanın tikintisinin isə ürək üzən tarixçəsi var. Belə ki, Məmmədəli Şərifli küçəsi ilə kəsişmədə yerləşən sözügedən binanı tikmək üçün əvvəlcə torpağın və oradakı evin sahibi olan şəhid anasını razı salmaq ehtiyacı yaranıb. Lakin şəhid anası təkliflərlə razılaşmayıb və bu da Qasımovu bərk qəzəbləndirib. Günlərin birində isə şəhid anasına məxsus olan evdə qeyri-müəyyən səbəblərdən yanğın baş verib. Bu müəmmalı hadisəni ərazidə yaşayan sakinlər hələ də xatırlayırlar. Yağından dərhal sonra Arif Qasımov həmin ərazidə özünə ofis inşa etdirib və bu gün də oranı özünün iş yeri kimi istifadə edir.

İndi gələk məşhur “Neolit” restoranına. Bu obyek əvvəllər Arif Qasımovun qaynanasının adına olub. Sonradan Elsevər adlı iş adamının adına sənədləşdirilib. Maraqlıdır ki, “Neolit”ə görə Arif Qasımov hələ də Yaşar adlı iş adamı ilə mübahisə yaşayır və bu mübahisə zaman-zaman qalmaqal səviyyəsinə də çatır.

Nizami rayonunda Arif Qasımova məxsus şadlıq sarayları da var. Onlar haqqında növbəti yazımızda ətraflı şəkildə bəhs edəcəyik.

Hələlik keçək saxta sənəd məsələsinə. Məsələ burasındadır ki, Arif Qasımov Nizami rayonuna rəhbərlik etdiyi dövrlərdə özü üçün ərsəyə gətirdiyi və ya zor gücü ilə sahibləndiyi tikililərin çoxunu, yuxrıda da qeyd etdiyimiz kimi, qaynanası Cəfərova Fizzə Mirhəmid qızının adına sənədləşdirib. Bu sənədlər isə saxta yolla hazırlanıb. Araşdırma aparılarsa, dediklərimizin həqiqət olduğu hüquqi müstəvidə də öz təsdiqini tapar. Hər halda Nizami rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov təsadüfən insult keçirməyib. Məsələ burasındadır ki, həmin saxta sənədlərin əksəriyyətində məhz Qərib Məmmədovun imzası var.

Arif Qasımov icra başçısı olduğu dövrlərdə Nizami rayonunda bina tikintisi ilə məşğul olan iş admlarından da külli miqdarda pul toplamağa müvəffəq olub. O, hər yeni tikilan binaya görə rüşvət almaqla yanaşı, həmin binalardan “pay” mənzillərə də sahib olub. Lakin bunun müqabilində vəd etdiyi müvafiq sənədləri iş adamlarına təqdim etməyib. Elə bu səbəbdəndir ki, hazırda Arif Qasımovla bina tikintisi ilə məşğul olan iş adamları arasında ciddi qalmaqal yaşanır. Məsələn, keçmiş “Sevinc” kinoteatrının yaxllığında İNTEX şirkəti tərəfindən tikilmiş binaya görə Qasımova 500 min manat çatsa da, o hələ də binaya görə tələb olunan sənədləri şirkətə təqdim etməyib. Onun hazırda belə bir səlahiyyətinin olmadığına əsaslanan şirkət, pulunu geri tələb etsə də Qasımov müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. İNTEX Arif Qasımovun borclu olduğu yeganə şirkət deyil. Nizami rayonunda bina tikintisi ilə məşğul olmuş şirkətlərin bir çoxunun Qasımovdan alacağı var və bu məbləğ üst-üstə milyonu ötür.

Arif Qasımov iş adamlarından həm də rayonda aparılmış abadlaşdırma işlərində yararlanıb. O, yaşılllaşdırma, küçələrin işıqlandırılması, parklarda abadlıq işlərinin aparılması, yolların təmiri və s. iş adamlarının vəsaiti hesabına həyata keçirsə də sonradan bu layihələri İcra Hakimiyyətinin adına yazaraq külli miqdarda dövlət vəsaitini mənimsəyib. Bu kimi maxinasiyaları Arif Qasımov həmin dönəmlərdə İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmış Tariyel Tahirov və Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş Ramsin Abdullayevin əli ilə reallaşdırıb. Adıçəkilən şəxslərin və hazırda da Nizami Rayonu İcra Hakimiyyətinin birinci müavini vəzifəsini tutan Qərib Məmmədovun vasitəsilə Arif Qasımov köhnə tarixli sənədlərin hazırlanmasını da həyata keçirib. Bununla da Arif Qasımov bilavasitə Prezident İlham Əliyevin Fərmanına qarşı çıxmış olub. Belə ki, Prezident İlham Əliyevin 17 sentyabr 2018-ci il tarixli “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı Arif Qasımovun planlarını pozub. Tikililərə sənəd vermək səlahiyyətini itirən Arif Qasımov rüşvət aldığı iş adamlarını razı salmaq üçün adıçəkilən Fərmandan əvvəlki tarixlər göstərilmiş saxta sənədlər hazırlatdırıb.

Xatırladaq ki, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident Fərmanına əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafi rəyi olmadan tikintiyə icazə verə bilməzlər.

Arif Qasımov Bakı şəhərinin digər rayonlarında da müxtəlif obyektlərə və torpaq sahələrinə sahibdir. Bütün bunlar barədə də növbəti yazılarımızda geniş şəkildə söhbət açacağıq. Eyni zamanda Qasımovun “vəzifəyə” gedəcəm kimi uydurma söhbətlərindən də bəhs edəcəyik. Təsəvvür edin, bu qədər qaramat içində olan bir adam, rayonda öz təsir imkanlarını artırmaq üçün hətta Eldar Əzizizovun yerinə – Bakı meri təyin olunacağına dair şaiyələr yaydırır. Əlbəttə ağlı başında olanlar Qasımovun hansı səbəblərdən işdən qovulduğuna əsaslanaraq onun nağıllarını ciddi qəbul etmirlər. “ÇP”si başından aşan VURLULMUŞ kadra bundan sonra kim iş tapşırar? Kim onu himayə edər?..

Əldə etdiyimiz məlumatlarda Arif Qasımovun Nizami Rayonu İcra Hakimiyyətinin hazırkı başçısı Coşqun Cəbrayılova müxtəlif yollarla təzyiq göstəməyə şalışdığına dair məqamlara da rast gəlinir. Qasımov ciddi cəhdlə çalışır ki, Coşqun Cəbrayılov köhnə sərəncamların, eləcə də tikililərə görə digər müvafiq sənədlərin araşdırılmasına maraq göstərməsin. Qasımov yaxşı bilir ki, hazırkı başçı ARXİVİ qaldırarsa, ortaya dəhşət sacan saxtakarlıq faktları çıxacaq. Bu isə Cinayət Məcəlləsindəki uyğun maddələrin Qasımovun əməlləri xüsusunda aktuallıq qazanacağı deməkdir. Maraqllıdır, Coşqun Cəbrayılov sabiq başçının qanunsuz əməllərini ört-basdır edəcəkmi? Yaxud, yeni başçı hansı hallarda Arif Qasımovu qorumağa razı olar? Bax, maraqlı olan həm də budur. Gözləyək .

Növbəti yazılarımız da olacaq.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir