Ana Səhfə

“BÖYÜK QAYIDIŞ”LA BAĞLI BİRMƏNALI MÖVQE

Sharing is caring!

Prezident İlham Əliyevin İspaniyanın EFE Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər erməni faşizminin ifşasında, onun ideoloji əsaslarının sarsıdılmasında mühüm rol oynadı. Belə hesab etmək olar ki, dövlət başçısının bu müsahibəsi yaddaqalan oldu. Prezident İlham Əliyev yenə də birmənalı, obyektiv və ədalətli mövqe sərgilədi.
Prezident Ermənistanın hərbi işğalından azad edilən rayonlarımızı yenidən əsas hədəflərdən biri kimi müəyyən etmişdir. Göstərilmişdir ki, Zəngəzur dəhlizinin reallaşması bütövlükdə regionun inkişafı üçün vacib layihələrdən biridir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına imkan verməyəcək, eyni zamanda bütün region ölkələrinin bu dəhlizdən faydalanmasına imkan yaradacaq. Yeni mərhələdə Qarabağ regionu yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. qayıdış üçün bizə zaman lazımdır. Çünki 30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Prezidentin söylədiyi kimi, bizim burada əsas rəqibimiz zamandır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub.
Mülki əhalinin işğaldan azad olunmuş ərazilərə nə zaman qayıdacağı məsələsinə gəlincə isə Prezident bildirib ki, ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik: “Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq. Bu ilin sonuna və ya gələn ilin əvvəlinə sakinləri qəbul edə biləcəyik. Qeyd edək ki, azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılıb. Həmin ərazilərdə mühüm infrastrukturlar yaradılmalıdır ki, qayıdacaq əhalinin hər hansı bir problemi olmasın.
Bəli, Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun. Biz, sadə vətəndaşlar olaraq, bu ali, müqəddəs missiyanın uğurla yerinə yetirilməsində iştirak etməyə, doğma Qarabağımızın dirçəldilməsi prosesinə töhfə verməyə hazırıq. Bu günə qədər olduğu kimi, bundan sonra da Prezidentimizin çağırışlarını dəstəkləyir və bu çağırışların praktiki baxımdan gerçəkləşməsində yaxından iştirak edəcəklər. Əsla unutmayacağıq ki, bundan sonra qazandığımız hər bir uğura görə Vətən müharibəsindəki tarixi Zəfərimizə, bu Zəfərin baş memarı olan dövlət başçımıza və Ordumuza borcluyuq. Biz bundan sonra qalib və müzəffər xalq kimi yaşayacağıq.
Ədalət Əsgərov, ağsaqqal, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir