Ana Səhfə

MİSİLSİZ ZƏKA VƏ DÜHA SAHİBİ

Sharing is caring!

1993-cü ilin prezident seçkilərində dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbər seçildi. Həmin gün Azərbaycanı yüksəlişə, inkişafa aparan yolun başlanğıcı idi
Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin qorunmasına çox mühüm önəm verilir.
Heydər Əliyev Cəlilabad camaatının da sevimlisidir. Onun ayağı dəyən hər bir guşə insanların and və güman yeridir. Parlaq düha sahibi bu hörmət-izzəti hələ sağlığında özünün pak əməlləri və tükənməz qayğıkeşliyi ilə qazanmışdır. O, bir neçə dəfə rayonumuzda olmuş, kənd təsərrüfatı və digər sahələrdə çalışan insanlarla görüşərək onların problemləri ilə maraqlanmış, bu problemlərin həlli istiqamətində zəruri addımlar atılmış, təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Onun böyük diqqət və qayğısı sayəsində Cəlilabad rayonunun sosial-iqtisadi, mədəni və digər sahələrində yüksək irəliləyişlərə nail olunmuş, neçə-neçə həmyerlimiz Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada, dövlət mükafatlarına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşlar. Bu gün rayonda əldə edilən nailiyyətlər, dinamik yüksəliş, uğurlu göstəricilər məqsədyönlü şəkildə aparılan islahatların nəticəsidir. Son illər əhalinin rifahının daha da yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsində möhtəşəm işləri görməmək mümkün deyildir. Mühüm iqtisadi layihələrin həyata keçirilməsi ilə paralel olaraq sosial proqramlar ardıcıl surətdə yerinə yetirilir, insanların daha firavan yaşaması üçün tədbirlər görülür. Buna görə də Azərbaycanın bütün oğul və qızları kimi, rayonumuzun sakinləri də müstəqillik və istiqlaliyyət ideyalarını göz bəbəyi kimi qorumalı, yaşatmalı və ulu öndərimizin amallarını ləyaqətlə həyata keçirməlidir. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da ulu öndərimizin ideyalarıı üzərində köklənib və biz həmin ideyaların işığında daha da irəli gedəcəyik.
Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ölkəmizin tarixində möhtəşəm hadisədir, bizlərə və gələcək nəsillərə inkişaf üçün sarsılmaz bir təməl olmuşdur. İndi respublikmızın hər sahədə qazandığı uğurlara görə birinci növbədə Heydər Əliyev dühasına minnətdarıq. O, doğma xalqın milli şüurunu dirçəldərək, onda gələcəyə tükənməz ümidlərlə baxmaq vərdişi yaratdı, Azərbaycan xalqının malik olduğu potensialın, enerjinin daşıyıcısı olmaqla bu keyfiyyətlərin parlaq nümunəsi oldu. Məhz həmin keyfiyyətlər demokratik, hüquqi, dünyəvi dövlətin bərqərar olmasında və inkişafında mühüm rol oynadı.
Fariz Zeynalov, Cəlilabad rayon sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir