Ana Səhfə Bölgə

Gənc icra başçısı fermerleri işləməyə qoymur – Neftçalada torpaq alveri

Sharing is caring!

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatın üzərindən bir ildən artıq vaxt ötüb. 

XəbərAl.az xatırladır ki, ötən ilin fevralında DTX Neftçala Rayon İcra Hakimiyyətində icra başçısı İsmayıl Vəliyev də daxil olmaqla vəzifəli şəxslərin həbsi ilə müşayiət olunan əməliyyat keçirib. 

İsmayıl Vəliyev 2019-cu ilin sonlarından başlayan anti-korrupsiya əməliyyatlarında həbs edilən ikinci icra başçısı idi. Ondan əvvəl DTX-nin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin “qonağı” olmuşdu. 

İcra hakimiyyətlərində keçirilən əməliyyatlar, rayon rəhbərlərinin cinayət başında yaxalanması və əməliyyat çəkilişlərinin ictimailəşdirilməsi korrupsiyaya qarşı mübarizənin yeni rəng aldığını göstərirdi. Bundan əvvəl görülən tədbirlərdə daha çox xırda çinovniklər məsuliyyətə cəlb edilirdi. Bu baxımdan, cəmiyyət anti-korrupsiya aktlarını imitasiya hesab edirdi. 

İcra başçılarının həbsi isə, həm də yerli idarəetmədə dəyişiklik olacağına, rayon rəhbərlərinin özlərini padşah kimi aparmalarına son qoyulacağına ümidləri artırdı. Bununla belə, yenə bölgələrdən yerli icra hakimiyyətlərinin qanunsuz əməlləri ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu sırada xüsusilə Neftçala rayonunun adını çəkmək olar. 

Məlumat üçün deyək ki, hazırda rayonun rəhbəri  Mirhəsən Seyidovdur. Bir ildən artıqdır Neftçalaya rəhbərlik etməsinə baxmayaraq, gənc icra başçısı barədə çoxsaylı şikayət və narazılıq var.

Rayondan daxil olan şikayətlərdə iddia edilir ki, icra başçısı faktiki olaraq fermer təsərrüfatının inkişafına əngəl olur. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən şərtlərlə qarşılaşırlar.

“İcarə müaviləsi bitdikdən sonra ilk olaraq torpaq icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun şərti var. Torpağın hər hektarına görə min manat pul ödəməlisən. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və şərtlərə əməl edənlərə verilir”, – rayondan gələn xəbərlərdə deyilir. 

Bildirilir ki, müqaviləsi başa çatmayan fermerlər də icarələrində olan torpağa görə qeyri-rəsmi rüsum ödəməyə məcbur edilir: “Onlardan hər hektara görə 70 manat istənilir. Bundan imtina edən fermerlərdən həmin torpaqlar ən müxtəlif üsullarla alınır, yaxud onların fəaliyyətinə maneələr yaradılır. Məsələn, texnika sahəyə buraxılmır, yaxud hansısa bəhanə ilə torpaqda əkin-biçin aparılmasının qarşısı alınır və s.”

İddia olunur ki, bu işlərin başında Neftçala Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi Zaur Kərimov dayanır. 

Zaur Kərimov bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyinin yerli şöbəsinin müdiri olub. İşində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Lakin hansısa “sehrli əlin” dəstəyi ilə icra hakimiyyətində Baş məsləhətçi vəzifəsinə təyin edilib. Zaur Kərimovun qanunsuz əməlləri və buna görə işdən çıxarılması barədə mediada da yazılıb. 

Bundan başqa, Neftçaladakı “torpaq alveri”ndə Vüsal adlı şəxsin də adı çəkilir. Bildirilir ki, bu şəxs hər hansı rəsmi vəzifə daşımır. Mirhəsən Seyidov onu özü ilə Bakıdan gətirib. Heç bir vəzifəsi olmayan Vüsal adlı şəxs icra başçısının sağ əli və “qara işlər”in icraçısı kimi tanınır.

Bu iddialarla bağlı HİT.Az Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Ruslan Süleymanlı iddiaları cavablandırmayıb. 

Əməkdaşımız sektor müdiri Çiçək Adıgözlova ilə danışmaq istəyib. Ruslan Süleymanlı Çiçək xanımın iclasda olduğunu, onunla danışmaq üçün iki saat sonra əlaqə saxlamağı tövsiyə edib. İki  saatdan sonra isə İnformasiya təminatı və təhlil sektorunun telefonları susub.

Növbəti gün əməkdaşımız yenidən sözügedən sektorla əlaqə saxlayıb. Bu dəfə Çiçək Adıgözlova ilə danışmaq mümkün olub. Lakin o, iddialara heç bir münasibət bildirməyib. Əməkdaşımız Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yönəldib. Lakin şöbənin müdiri Elşən Əmirova edilən zənglər cavabsız qalıb.

HİT.AZ/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir