Ana Səhfə Siyasət

Sevinc Osmanqızı ilə Əli Kərimli arasında nə baş verir? – Onu qəzəbləndirən avtoritar düşüncə və digər 3 səbəb

Sharing is caring!

“Osmanqızı” internet televiziyasının sahibi və əsas aparıcısı Sevinc Osmanqızı ilə AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi düşərgə arasında soyuq küləklər əsir. Əli Kərimliyə yaxın şəxslərdən bəziləri və trol ordusu “Osmanqızı” internet televiziyasını xəyanətdə suçlandırır. Buna səbəb son vaxtlar “Osmanqızı” İnternet televiziyasının efirində bir zamanlar və hazırda Əli Kərimlini tənqid etmiş şəxslərin görünməsidir.

Kimdir bu şəxslər? “Osmanqızı” internet televiziyasının son proqramlarından VİP sədri Əli Əliyev, AXC hakimiyyəti dövründə daxili qoşunların komandanı olmuş Fəhmin Hacıyev, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, KXCP sədri Mirmahmud Mirəlioğlu, Ağ Partiyanın sədri Tural Abbaslı və Əli İnsanovun rəhbərlik etdiyi HƏP-in sədr müavini polkovnik İsa Sadıqov çıxış etdiyindən Kərimli və tərəfdarları pəjmürd oldularından Sevinc Osmanqızına “müharibə” elan ediblər.

Son illər özünü daha çox AXCP sədrinin mətbuat katibi kimi aparan Sevinc Osmanqızı Əli Kərimlinin “dost” və “düşmənlərini” ayıra bilir, müsahibələrdə ona gərəkən “pas”ları dədiqliklə verirdi. Bütün proqramlarında aşkar görünürdü ki, Sevinc Osmanqızı Azərbaycanda stabil siyasi vəziyyətin daha da gərginləşməsində maraqlıdır və bu məsələdə Əli Kərimli ilə onun maraqları üst-üstə düşürdü.

Osmanqızının çıxışlarından hiss olunur ki, onun marağı yenə dəyişməyib. Bu kanalda çıxış edənlər AXCP sədri kimi hazırkı hakimiyyətin ünvanında kəskin ifadələr işlədirlər. Bəs o halda Əli Kərimli və tərəfdarlarını narazı salan nədir? Son vaxtlar “Osmanqızı” İnternet televiziyasının populyarlığı xeyli artıb.

Əli Kərimlinin təbliğatı ilə məşğul olan və amallarını gizlətməyən kanalların hamısı Sevinc Osmanqızının kanalından geri qalır. Tərəflər arasında “soyuq müharibə”ni qızışdıran amillərdən biri budur. Ona görə ki, Kərimliyə 100 fazi bağlı adaların öndə olması daha maraqlı və vacibdir. Ona görə də Osmanqızının bu üstünlüyü qarşıda tərəfdə qısqanclıq yaradır. Digər bir səbəb isə dəfələrlə Əli Kərimlinin xaraktercə etibarsızlığı, bir şəxslə uzun müddət yola gedə bilməməsi, avtoritar düşüncəsi, yaradıcı və fikir plüralizminə qarşı hər zaman göstərdiyi aqressiyadır. Ötən əsrin 90-larının əvvəllərindən üzübəri vaxtaşırı üzə çıxan və tanınmış onlarla siyasi şəxsi güdaza verən bu “siyasi etibarsızlıq” Sevinc Osmanqızına qarşı da özünü göstərməliydi və göstərdi.

Digər mühüm məqam isə Kərimlinin şəxsi qisas hissi və siyasi qısqanclığı və müxalifətçilik monopoliyasını əlində saxlamaq cəhdidir. Son zamanlar digər partiya sədrləri Azərbaycan ictimai rəyində kifayət qədər populyarlaşıb. Azərbaycanda məşhur olan sosial şəbəkələrdə (“facebook”, “tik-tok”, “İnstagram”) demək olar ki, hər gün Sərdar Cəlaloğlunun, Razi Nurullayevin, Tural Abbaslının, Əli Əliyevin yüksək ranqlı məmurlar haqqında dediyi tənqidlərə dair video-çarxlar tirajlanır.

AXCP sədri Əli Kərimli demək olar ki, arxa plana keçir. Sevinc Osmanqızının da özünün və kanalının polulyarlığını qorumaq naminə bu rəylə hesablaşaraq yeni müsahiblər seçməsi AXCP sədrini rahatsız edib. Kərimli trollarının yazdığı kimi “Əli Kərimlinin hesabına radikal müxalifətin əsas tribunası” olan “Osmanqızı” telekanalı sona qədər “Yurd” liderinə sadiq qalmalı, yalnız Milli Şuraya yaxın şəxsləri efirə çıxarmalı idi. Sevinc xanımın ənənəvi “Yurd” metodlarından kənara çıxması və öz maraqlarından çıxış etməsi Əli Kərimlini qəzəbləndirib. Əli Kərimlini qəzəbləndirən digər mühüm səbəblərdən biri də Osmanqızını radikal müxalifəti Rusiya və Belarus müxalifəti ilə müqayisə etməsiir. Sevinc Osmanqızı bununla dolayısı ilə Azərbaycan müxalifətinin boykot taktikasını tənqid edir.

Sevinc xanımın dediklərindən sitatlar: “Dostlarıma mənimlə bağlı xeyli şər-böhtan yazırlar. Mənə skrin-şotlar göndərirlər. Nə baş verir? Əslində baş verənlər kanalın özündə, fəaliyyətindədir. Ola bilər ki, bu mənim səsləndirdiyim tənqidi fikirlərlə bağlıdır. Xatırlayırsınızsa mən Emin bəylə (Emin Hüseynov-müəl.) seçkilər məsələsindən danışdıq. Bildirdik ki, biz seçkiyə hazırlaşmalıyıq ki, sabah hazırlıqsız yaxalanmayaq. Mən burada heç kimi şərləməmişəm. Bu, mənim şəxsi fikrimdir.

Hesab edirəm ki, əvvəlki seçkiləri boykot etmək düzgün qərar deyildi”. Daha sonra S.Osmanqızı Rusiya və Belarusda baş verənlərdən danışır və o ölkələrin müxalifət qüvvələrini dolayısı ilə öyür və düzgün siyasət apardığını deyir: “Belarusda bu gün də etirazlar davam edir. 9 avqust seçkilərindən aylar keçsə də, adamlar özlərinə aid olan şeyi qaytarmaq üçün mübarizə aparırlar. Rusiyada müxalifət lideri Aleksey Navalnının qərargahının üzvlərinin əksəriyyəti mübarizəni davam etdirir. Etirazlara dəstək aşağı düşüb. Bununla belə mübarizə davam edir”.

Göründüyü kimi Sevinc xanım açıq şəkildə Azərbaycan müxalifətini fəaliyyətsizlikdə, cəsarətsizlikdə suçlandırır. Bu da 2019-cu ilin 19 yanvar mitinqinin eyforiyasından çıxa bilməyən Əli Kərimli düşərgəsini razı sala bilməz. Bax, qırılma nöqtəsi də burdadır. “Osmanqızı” telekanalı və onun arxasındakı qüvvələri artıq Əli Kərimlinin mövqeyi qane etmir. Onlar AXCP sədrini artıq “bacarıqsız” müxalifət hesab edirlər. Bu da Əli Kərimlini qəzəbləndirir.

“Osmanqızı” internet kanalı ilə AXCP arasında “soyuq müharibə” artıq yeni mərhələyə keçməkdədir. Əli Kərimlinin trol ordusundan sonra Milli Şuranın tanınmış üzvləri də Sevinc Osmanqızını xəyanətdə suçlandırırlar.

Amma bir şeyi unudurlar ki, Osmanqızı ilə də yolları bu şəkildə ayırmaq və onu da ittiahm subyektlərindən birinə çevirmək etibarsız tərəfdaş və avtoriatr düşüncə imicli Əli Kərimli üçün itki olacaq və müxalifət daxilində onsuz da zəif olan mövqeyini daha da zəiflədəcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir