Ana Səhfə

Akim Bədəlovun saxtakarlığı ilə bağlı şəhid ailəsindən Prezidentə şok müraciət

Sharing is caring!

Ölkəmizdə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquqlarının qorunması ən önəmli məsələdir. Amma təəssüflər olsun ki, bəzi hallarda müxtəlif dövlət orqanlarında işləyən vəzifəli şəxslər tərəfindən özbaşınalıq və sui-istifadə hallarına rast gəlinir. Belə hallara qarşı dəfələrlə cənab Prezident İlham Əliyev tərəfindən ciddi xəbərdarlıqlar edilmişdir. Son dövrlərdə isə xüsusilə məmur özbaşınalığının qarşısının alınması, ayrı-ayrı vətəndaşlara qarşı həyata keçirilmiş haqsızlıqların aradan qaldırılması ilə bağlı ölkə başçısı tərəfindən daha ciddi göstərişlər verilməkdədir. Lakin görünür ki, özünü padişah hesab edən bəzi səlahiyyət sahibləri dövlətin ən yüksək zirvəsindən gələn tapşırıqlara əhəmiyyət vermək fikrində deyillər. Hətta elə məmurlar da varki, nəinki öz vəzifə səlahiyyətlərini yerinə yetirmir, tutduqları vəzifədən şəxsi mənafeyləri üçün istifadə edirlər. Onlar daha da irəli gedərək, vətəndaşa məxsus vəsaiti mənimsəməkdən belə çəkinmirlər. Söhbət açacağımız məmur AzərbaycanRespublikası “Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi”nin sədri işləmiş, yarıtmaz işi ilə bir neçə gün ölkəmizi qaranlığa qoyaraq əhali arasında ciddi narazıçılıq yaratmış Akim Bədəlovdur. Akim Bədəlov həm də adi bir vətəndaşın deyil, şəhid ailəsinə qarşı haqsızlıq etmişdir. Həmin şəhid ailəsi 1990-cı ilin ən ağır günlərində SSRİ rəhbərliyinə qarşı çıxaraq Azərbaycan xalqının hüquqlarını müdafiə etmiş, “20 yanvar” şəhidlərimizin haqqını Kremlidən tələb edən və nəhayət “Qarakənd” faciəsində helikopterin vurulması nəticəsində şəhid olmuş Tofiq İsmayılovun ailəsidir. Söhbət şəhid Tofiq İsmayılov tərəfindən əsası qoyulmuş “Xəzər” MMC-dən gedir. Həmin “Xəzər” MMC-də Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın şərikli olduğu halda Akim Bədəlov şəhid ailəsini aldadaraq “Xəzər”-i hissə-hissə ələ keçirib. Bu gün Tofiq İsmayılov kimi bir ziyalının, şəhidin ailəsi həmin şirkətdən kənarlaşdırılıb, evləri və mülkləri isə faiz altındadır. Şəhid Tofiq İsmayılovun ailəsi dəfələrlə ölkə Prezidentinə müraciət etsədə, görünür ki hansısa qaranlıq əllər müraciətlərin çatmasına maneçilik törədir. Mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova Akim Bədəlovun qanunsuz əməlləri ilə bağlı Boyukmillet.com xəbər saytı vasitəsilə bir daha Prezident İlham Əliyevə müraciət etdi.

 

 

 

Müraciəti olduğu kimi təqdim edirik: Çox hörmətli cənab Prezident! 13 mart 1987-ci il tarixdə SSSR-i Nazirlər Sovetinin, Professional Birliklərin Ümumittifaq Mərkəzi Sovetinin və Ümumittifaq Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin ”Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması barədə” 321 saylı qərarı çıxmışdır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin (mətndə sonra-Mərkəz) yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Bu ondan irəli gəlirdi ki, Mərkəzlərə geniş iqtisadi, o cümlədən xarici ölkələrlə fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdir. Mərkəzlər yalnız gəlirlərinin 3(üç)% ümumittifaq və 27(iyirmi yeddi)% yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdilər. Bütün proqressiv yeniliklərə həssas olan T.İsmayılov 1989-cı ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (mətndə sonra-Birlik) rəhbərlik edən dövrdə keçmiş Kirov (indiki Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç. 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur. Cənab Prezident! Həmin dövrdə Birlikdə elmi işçi olan Bədəlov Akim Bədəl oğlu 1989-ci ilin may ayında “Xəzər”ə direktor seçilir. Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Birlikdən “Xəzər”in hesabına bağlanmış müxtəlif müqavilələr üzrə külli miqdarda vəsaitlər köçürülürdü, kommersiya əməliyyatları və müxtəlif quraşdırma işləri aparılırdı, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınırdı. T.İsmayılovun rəhbərliyi ilə alternativ energetika üzrə elmi və eksperimental layihələr həyata keçirilirdi. Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”in gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı. 1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edildi. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”in Komsomol komitəsi nəzdindən çıxarılaraq müstəqil şəkildə fəaliyyətinə qərar verildi. Yaradılmasında və fəaliyyətində atam həlledici şəxs olduğuna görə onun qərarı ilə kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”də əsas pay mənə verilmişdi və 6 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun müəssisənin nizamnaməsi tərtib olunmuşdur (Qoşma-1). A.Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilmişdi. 23.08.1991-ci il tarixdə yeni təşkil edilən “Xəzər” Kirov rayonu Xalq Deputatları Sovetində qeydiyyatdan keçdi və A.Bədəlov direktor vəzifəsində təsdiq edildi (Qoşma-2). Həmçinin həmin müddətdə A.Bədəlov bu vəzifə ilə bərabər, Birliyin yeni yaradılmış Ekologiya İnstitutunda ödənişsiz direktor müavini vəzifəsinə təyin edildi (Qoşma-3) və Birliyin baş direktoru T.İsmayılov Ekologiya İnstitutu ilə “Xəzər”in birgə fəaliyyət istiqamətləri barədə əmr verdi (Qoşma-4). 20 noyabr 1991-ci il tarixdə atam T.İsmayılov Qarabağ səmasında faciəvi şəkildə həlak oldu. Atamın vəfatından sonra bütün bu müddət ərzində “Xəzər” podratçı şəkildə iri tikintilər apardığına baxmayaraq Akim Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi və bildirirdi ki, guya iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizə olduğu bütün öhdəlikləri ödəyəcək. “Xəzər”in apardığı tikintilər sırasında eks-deputat Dünyamin Xəlilova məxsus “Qlobus Plaza”, eks-Beynəlxalq Bankın sədri Cahangir Hacıyevə məxsus Zaqatala stadionu, Ali Məhkəmənin binası, tikintisi yarımçıq qalan Respublika Uşaq Diaqnostika Mərkəzi və bir çox digər tikintilər. Lakin 2013-cü ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra A.Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. Anam Lalə İsmayılova A.Bədəlovun iş yerinə gedərək ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi. Lakin A.Bədəlov ona hədə-qorxu gələrək aşağıdakıları bildirmişdir: «…Tofiq İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmayıb. Mənə, A.Bədəlova o vaxtlar Moskvanın Siyasi Bürosu Bakıda T.İsmayılovu güdməyi tapşırmışdı. İşimi yaxşı gördüyümə görə Siyasi Büro “Xəzər”i mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və “Xəzər”in məsələsini qaldırsanız sonradan peşiman olaçaqsınız…».
Cənab Prezident! Bildirirəm ki, Akim Bədəlov keçmiş MTN-nın cinayətkar dəstəsinin aktiv üzvü olan bacısı oğlu, MTN-nin hava limanı üzrə keçmiş idarə rəisi Pərviz Vəliyevə arxalanaraq ailəmizə hədə-qorxular gəlirdi. Biz məcbur olub vəkillər vasitəsi ilə araşdırmalar apardıq və “Xəzər”in saxtakarlıq yolu ilə mənimsənildiyini aşkar etdik. “Xəzər”də baş verən saxtakarlıqlar aşağıdakı ardıcıllıqla həyata keçirilib: -1995-ci ildə Nazirlər Kabineti bütün müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçməsi barədə qərar qəbul edir. “Xəzər”in 03.03.1995-ci il tarixli 1 nömrəli saxta iclas protokolunu əldə etmişik. Bu protokolda iclasda “Xəzər”in 6 (altı) nəfər müdiriyyətinin, yəni payçıların iştirakı göstərilib, lakin onların adları və imzaları yoxdur. Protokolda həm də “Xəzər”in nizamnaməsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi qərarının qəbul edildiyi göstərilir (Qoşma-5). Bundan sonra isə 10.08.1995-ci il tarixdə “Xəzər”in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır. A.Bədəlov və üç nəfər qohumu “Xəzər”ə dair təsis müqaviləsi bağlayır, müqaviləni bağlayanlar təsisçi elan edilir. Müqavilə üzərində Bakı şəhəri 34 saylı notariat kontorunun 29.08.2015-ci il tarixli ştampı var (Qoşma-6). Bu müqavilə ilə əlaqədar vəkillərimizin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən aldığımız məktubda və notariat reyestr kitabından çıxarışda göstərilir ki 34 saylı notariat kontorunun müqavilə üzərində olan ştampı ilə təsdiqlənən 3654 saylı hüquqi hərəkət təsis müqaviləsinin təsdiqi yox, müqavilə iştirakçılarından biri olan və yuxarıda qeyd edilən Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq olunmasına görədir. Notarial qaydada təsdiq olunmayan bu təsis müqaviləsi “Xəzər”in 06.03.1991-ci il tarixdə 8 saylı iclas protokoluna əsasən qəbul edilmiş nizamnaməsinə tam ziddir və müəssisənin qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin bu saxta təsis müqaviləsi Ədliyyə Nazirliyində əsas kimi qəbul edilir, 25.09.1995-ci il tarixdə “Xəzər”in yeni saxta nizamnaməsi (Qoşma-8) Bədəlov və onun qohumlarının təsisçiliyi ilə qeydiyyatdan keçir və müəssisəyə qeydiyyat şəhadətnaməsi verilir (Qoşma-9). “Xəzər”in qanuni 1991-ci ildə qəbul edilmiş və 1995-ci ildəki saxta nizamnamələrindən aydın görünür ki, müəssisənin adı, hüquqi ünvanı və bank hesabı eynilik təşkil edir. Hüquqi ünvanların bir olduğunu A.Bədəlovun 11.02.1993-cü il tarixdə “Xəzər”ə məxsus obyektdə mağaza açılmasına icazə üçün Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanlanan məktub və məktuba verilən müsbət cavab sübut edir (Qoşma-10). “Xəzər”in hüquqi ünvanı yalnız 08.12.2004-cü il tarixdə dəyişdirilmişdir (Qoşma-11). “Xəzər”in hüquqi ünvanı dəyişdirildikdən sonra müəssisəyə məxsus torpaq və tikili qanunsuz olaraq balansından çıxarılmışdır. «Həmin saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsusdur…» Cənab Prezident! Atamın vəfatından sonra “Xəzər”in bank hesabında da külli miqdarda maliyyə vəsaitləri qalmışdır. “Xəzər”in təsisçiliyi ilə əlaqədar saxtakarlıqlar növbəti illərdə davam etmişdir. Belə ki 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır (Qoşma-12) və 11.08.2010-cu il tarixdə “Xəzər”in yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına alınmışdır (Qoşma-13). Hal-hazırda həmin saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib. Yuxarıda göstərilən faktlar tam çılpaqlıqla subut edir ki, hazırda fəaliyyət göstərən “Xəzər” 1991-ci ildə təşkil edilən müəssisədir və saxtakarlıq yolu ilə qanuni sahiblərindən alınıb. “Xəzər”in qanuni sahiblərinin adları, o cümlədən əsas payçı kimi mənim adım, 1991-ci ilin nizamnaməsində qeyd edilən 8 saylı protokoldadır. Lakin atam Vətən yolunda, dövləti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə həlak olduğuna görə protokolun nüsxəsini ailəsinə vermək imkanı olmamışdır. Ailəmiz A.Bədəlovun sözləri və vədlərinə inanaraq, onu mərhum atama sadiq insan kimi tanıyırdı və ondan heç bir sənəd tələb etmirdi. A.Bədəlov ailəmizin ona olan etibarından yararlanaraq 8 saylı protokolun nüsxələrini aradan çıxarıb. Bütün instansiya məhkəmələrində biz vəsadət qaldıraraq A.Bədəlovdan o dövrdə “Xəzər”in direktoru olduğu üçün müəssisənin əsl təsis sənədi olan 8 saylı protokolu məhkəməyə təqdim edilməsini tələb etmişik. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri adekvat arayışlar təqdim edilib (Qoşma14). «Biz hələ də inanmırıq ki, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev qudasının hərəkətlərinə bəraət qazandırsın…» Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunduğundan və cinayət əməllərini subuta yetirən faktlar olduğundan işin prokuror istintaqına göndərilməsi ilə əlaqədar vəsadətlər təmin olunmur.
Amma çox istərdik ki, Akim Bədəlovun vəzifədə olan yaxın qohumları və başbilənləri onu düz yola gətirərək, Tofiq İsmayılovun ailəsinə dəymiş ziyanın ödənilməsi və Səbinə İsmayılovanın hüquqları bərpa edilsin. Vətənpərvər alim- şəhid Tofiq İsmayılovun ailəsi haqq-ədalətin bərqərar olmasını istəyi və bu məqsədlə cənab Prezidentə müraciət edir.
Boyukmillet.com saytı olaraq Akim Bədəlov ilə əlaqə saxlamağa çalışsaq da onun mobil telefonu zənglər üçün qapalı oldu. Boyukmillet.com saytı olaraq Səbinə İsmayılovanın müraciətini gündəmdə saxlayacağımıza, qanuni araşdırılmaların aparılması üçün şəhid ailəsinə dəstək göstərəcəyik.
Qarşı tərəfi dinləməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir